İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi şərhçi: “Azərbaycan bütün təhlükələrə qarşı adekvat davranır” 

349 21.06.2023 15:43 Siyasət A A

“Avropa İttifaqının (Aİ) elan etdiyi qrant layihələri çərçivəsində Azərbaycan ərazilərinin işğal altında olmasına baxmayaraq, müxtəlif bölgələrdə azərbaycanlı qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə erməni nümayəndələri arasında müəyyən görüşlər keçirilirdi. Bu görüşlərin əsas məqsədi Avropa İttifaqının təqdimatına görə sülh yaratmaq, əslində isə təslimçiliyi aşılamaq idi. Bu aspektdən yanaşdıqda düşünürəm ki, Aİ-nin elan etdiyi qrant layihələrinin mahiyyətinə diqqət yetirmək, hər birinə ayrı-ayrılıqda münasibət bildirmək daha doğru olar”.

Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib.

O hesab edir ki, proses müvafiq qaydada ölkələrin suveren hüquqları və qanunvericilik çərçivəsində həyata keçirilməlidir: “Mərkəzləşdirilmiş qaydada 3-cü dövlətlərin ərazilərində bu layihələr həyata keçiriləcəksə, məsələnin mahiyyətində Azərbaycanın daxili işlərinə müdaxilə etmək, yaxud Ermənistanın maraqlarına uyğun hər hansı prosesi təşviq etmək dayanacaqsa, bunun qarşısını almaq lazımdır. Xatırladım ki, bir müddət öncə ABŞ-ın USAID agentliyi, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi hər layihəyə görə 65 min dollar olmaqla qrant layihələri elan edib. Bu, kifayət qədər böyük rəqəmdir. Bu vəsaitlə əsasən vətəndaş jurnalistikasının və sosial şəbəkələrdəki aktivliyin inkişafına istiqamətlənmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da məqsədyönlü xarakter daşıyır. Son proseslərdə ABŞ-ın maliyyə ayırdığı təsisatlar tərəfindən sosial şəbəkələrin Azərbaycan seqmentində təxribat xarakterli fəaliyyətin artdığının şahidi oluruq. Bu baxımdan düşünürəm ki, ölkənin maraqlarına uyğun olmayan istənilən layihə Azərbaycanda həyata keçirilə bilməz. Bu proseslər qanunvericilik çərçivəsində tənzimlənir”.

Elçin Mirzəbəylinin fikrincə, xaricdən gələn təhlükənin neytrallaşdırılması adı altında Rusiya və Çindən gələn təhlükənin qarşısının alınması istiqamətində addımlar atılır:

“Proqram çərçivəsində qəbul olunan müəyyən addımlar var. Xarici agentlərin fəaliyyəti, xüsusilə Rusiyaya məxsus olan ayrı-ayrı informasiya resurslarının fəaliyyəti ilə bağlı müəyyən qadağaların tətbiq olunduğunun şahidi oluruq. Məsələ burasındadır ki, bu yanaşma Aİ-də milli maraqların qorunması kimi təqdim olunur. Nədənsə Azərbaycanda milli maraqların qorunması istiqamətində addımlar atıldıqda bunu söz və insan haqlarının məhdudlaşdırılması kimi qələmə verirlər. Kimin necə düşünməsindən asılı olmayaraq, Azərbaycan milli maraqlara uyğun bütün prosesləri irəliyə doğru aparır və bütün təhlükələrə qarşı adekvat davranır. Qərbin ikili standartları bəllidir. Bu gün demokratiya, insan hüquq və azadlıqları kimi anlayışların gözdən düşməsi, bəzi 3-cü dünya dövlətlərində bu məsələlərlə bağlı kobud nizamın yaranmasına zəmin yaradan amillərdən biri də Qərbin vaxtilə təbliğ etdiyi anlayışların arxasında başqa maraqların dayanmasıdır. Bu baxımdan Qərbdən gələn anlayışlar və təbliğat mexanizmləri bir qayda olaraq postsovet məkanında xüsusi imperativ və həqiqəti əks etdirən direktivlər kimi qəbul olunmur. Bu, sadəcə ayrı-ayrı Qərb ölkələrinin maraqlarına xidmət edən təbliğat materialları kimi qəbul edilir. Buna müvafiq olaraq adekvat münasibət yaranır. Bir sözlə, söhbət obyektiv informasiya, yanaşma, demokratiya və insan haqlarına xidmət edən layihələrin həyata keçirilməsindən getmir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR