İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi partiyaların yalnız adları qalıbsa...

615 17.01.2023 11:19 Yazarlar A A

Bütün hallarda, hər yeni qanun yeni tələblər və hüquqi reallıqlar deməkdir. Bu mənada siyasi partiyalar haqqında yeni qanun da istisna deyildir - belə ki, siyasi partiyalar yeni siyasi-hüquqi tələblər əsasında qeydiyyatdan keçməli olacaqlar.

Amma hər yeni qanun qəbul olunanda ağla gələn ilk məsələ onun zəruriliyi olur. Bəs siyasi partiyalar haqqında qanun hansı zərurətdən yarandı? Doğrusu, bizə bu suala cavab vermək elə də asan deyil, çünki onun iki cavabı var, özü də bir-birinə tamam əks.

Birincisi, deyilir ki, guya, hakimiyyət xırda və pərakəndə siyasi partiyalar mühitində bir qayda-qanun yaratmaq və yalnız adları qalan partiyaları real siyasi aktorlara çevirmək istəyir. Bunun üçün hətta belə bir “sübut” da gətirilir ki, bir müddət bundan əvvəl partiyaların hamısı individual müzakirələrə cəlb olunmuş və hətta mənzil - qərargahla təmin olunmuşdular.

Amma burada bir məqam var. Dünyanın heç bir ölkəsində görünməyibdir ki, hakimiyyət özünə qarşı güclü müxalifət düşərgəsi yaratsın, müxalif düşərgəni gücləndirməklə, onu konsolidasiya etməklə məşğul olsun. Həm də bizim siyasi partiyalar birdən-birə cırtdan siyasi partiyalara çevrilməyiblər, hakimiyyətin də bunda rolu olub və o, buna təəssüf ki, təkcə özünün ictimai, siyasi və iqtisadi həyatdakı uğurları ilə nail olmayıbdır. İndi hansı məntiqlə o, durub bunun tərsini etməlidir?..

İkincisi, belə deyilir ki, guya bəzi siyasi partiyaların qeydiyyatını ləğv etmək üçün edilir bütün bunlar. Həm də qeyd edilir ki, guya hakimiyyət siyasi partiyalar müstəvisində pərakəndiliyə son qoyacaq, onları iriləşdirəcək və axırda da proporsional seçki sistemini bərpa edəcəkdir.

İnanaqmı? Doğrusu, bilmirəm. Siyasi partiyfların yüksəlişi və qürubu bəndənizin gözləri qarşısında olub. Əvvılcə onu qeyd edim ki, mən müxtəlif vaxtlarda iki siyasi partiyanın üzvü olmuşam. Hər ikisində də partiyada hakimiyyəti ələ keçirmək üçün çox böyük savaşlar görmüşəm.

Partiyaların indiki durumuna baxanda, ölkədə siyasi demokratiyanın, siyasi plüralizmin və çoxpartiyalılığın hazırks vəziyyətinə ötəri bir nəzər salanda adam qeyri-ixtiyari olaraq soruşmaq istəyir: bəylər, bundan ötrü qırırdınızmı biri-birinizi?..

Bizim demokratiya və o cümlədən də çoxpartiyalılıqda əzəldən bəxtimiz gətirmədi. Amma siyasi partiyalara ilk zərbə proporsional seçki sistemi ləğv olunanda vuruldu. Düzdür, Azərbaycanda proporsional sistem simvolik xarakter daşıyırdı və bu sistem üçün cəmi 25 mandat nəzərdə tutulurdu. Amma hətta bu da bizim müxalifət şeyx nəsrullahları üçün kifayət idi, onlar proporsional seçki siyahıları ilə məharətlə manipulyasiya edirdilər. Bunu görən hakimiyyət proporsional sistemi ləğv etdi. Partiyalarda kütləvi istefalar başladı - daha partiya sədri olmaq çoxu üçün maraqlı deyildi.

Amma bu cərgədə istisnalar da oldu, çünki, birincisi,majoritar sistem də partiya bossları üçün əl yeri qoyurdu. Kimlərinsə başını onların xeyirnə imza toplamaqla, seçkidə onların namizədliklərini müdafiə edəcəkləri haqqında vədlər verməklə tovlamaq müxalifətçi siyasi texnoloqların əsas üsullarından biri idi. 

İkincisi, parlament və bələdiyyə seçkilərindən başqa prezident seçkiləri də vardı. Fəqət, uzun illərin uğursuzluqları siyasi partiyalar üçün ikinci zərbə oldu - hətta ən nikbin və dözümlü partiya liderləri belə aktiv siyasi mübarizədən çəkilməli oldular, bu müstəvidə qalanlar isə siyasi marginallara çevrildilər, onların nə dediyi, nə də yazdıqları artıq heç kim üçün maraqlı deyil. Həm də bu illər ərzində hakimiyyətin ciddi uğurları da oldu və onlar da öz sözünü dedi.

Məsələn, işğal altında olan rayonların azad olunmasını götürün. Onların azad olunması müxalifət partiyaları üçün tənqid yeri qoyurmu? Hətta ən qatı opponentlər razılaşırlar ki, bu, hakimiyyətin çox böyük uğurudur!

Əlbəttə ki, narazılıq üçün həmişə predmet, arqument tapmaq olur. Amma bunlar üçün hakimiyyətin də xüsusi, özəl tədbirləri var: ölkədə real siyasi müxalifət, real narazı elektorat olmasa da, siyasi rejim hiss olunacaq dərəcədə mülayimləşmir...

Ona görə də “siyasi partiya”lar mühitində yeni “qayda-qanun” yaratmaq arzusu bizim üçün tamam qaranlıq qalır.

Bəli, istisna deyil ki, “radikal” müxalifətə daha bir ciddi zərbə vurulacaqdır - axı necə ola bilər ki, marginal insanlar leqal siyasi partiyalarda birləşmiş olsunlar? Onların indikindən də xırda və qeyri-leqal qruplar şəklində fəaliyyət göstərməsi daha “məntiqli” olmazdımı?..

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR