İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi modernləşdirmə - TƏHLİL

642 28.08.2023 15:04 Yazarlar A A

Tərəddüd etmədən deyə bilərik ki, peşəkar siyasi proqnoz və planlama işi mütləq olaraq modelləşdirmə ilə tamamlanır. Modelləşdirmə metodunun əhəmiyyəti və effektivliyi münaqişəli situasiyaların həllində xüsusi olaraq aktuallaşır. Qərbin siyasi menecmentində isə proqnoz, planlama və modelləşdirmə artıq uzun illərdir ki, peşəkar siyasi fəaliyyətin ayrılmaz meyarı hesab olunur. Nəzərə alınmalıdır ki, peşəkar siyasi idarəetmə sistemli məfhumdur. Situativ idarəetmə fəaliyyəti həssas edir və fəaliyyətin xarici amillərdən asılılığını artırır. Bu səbəbdən də proqnoz və modelləşdirmənin aktuallığı ildən-ilə artır. Prezident İlham Əliyevin “yeni siyasi konfiqurasiyanın formalaşdırılması” siyasəti çərçivəsində görülən bütün işlərinin obyektiv təhlili üçün yuxarıda qeyd olunan nəzəri mülahizələrdən istifadə olunmalıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənin siyasi partiyalar sistemində aparılan islahatlar da məhz siyasi sistemin təhdid yarada biləcək tendensiyalara müqavimət potensialının artırılması və siyasi münasibətlərin sağlamlaşdırılmasına xidmət edir.

Bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru A.Adilin “Siyasi modernləşdirmə” sərlövhəli məqaləsində yer alıb.

Musavat.com məqaləni təqdim edir:

Cərəyan edən bəzi proseslərə kənardan baxarkən görünən odur ki, “simasız” qüvvələr ölkənin siyasi partiyalar sistemində aparılan islahatlardan çox narahatdırlar. Əslində, burada təəccüblü heç nə yoxdur. İslahatlar siyasi münasibətlərin sağlamlaşdırılmasına xidmət etdiyi üçün intriqalar əsasında qurulmuş köhnə oyun qaydaları artıq işləməyəcək və bu səbəbdən də yenilənmək üçün özündə güc tapmayanlar oyundan kənarda qalacaqlar. Bu cür xain qüvvələr və onların xarici “sevdalıları” hamıdan yaxşı bilirlər ki, şahidi olduğumuz siyasi islahatların strateji hədəfi siyasi partiyaları ölkəmizin siyasi sisteminin faydalı və effektiv təsisatına çevirməkdən ibarətdir. Əlbəttə ki, dəyişiklik üçün güc və iradəsi olmayanlar aktuallığını itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Bu mənada çoxlu sayda zəif partiyaların mövcudluğu digər neqativ təzahürlərə səbəb olmaqla yanaşı, ölkənin siyasi sistemini həssas edir və xarici müdaxilələr üçün münbit şərait yaradır. Odur ki, zəif partiyalar da radikal partiyalar kimi sağlam siyasi sistemin “yırtığı” hesab oluna bilir.

Bilavasitə siyasi analitikaya qayıdarkən bildirməliyik ki, modelləşdirmədə müqayisə metoduna çox tez-tez müraciət olunur. Müqayisələrin aparılması formalaşdırılan yeni modeli daha yaxşı təsəvvür etməyə kömək edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “yeni siyasi konfiqurasiya” və “siyasi münasibətlərin sağlamlaşdırılması” istiqamətində ardıcıl şəkildə aparılan islahatları peşəkar məşqçinin öz futbol komandasını növbəti məsuliyyətli oyuna hazırlaması prosesi ilə müqayisə etməyə cəhd edək.

Futbol komanda idman növü olduğu üçün burada mütləq şəkildə müəyyən bir sistem mövcuddur. Komandanın effektivliyi və uğuru sistemin bütün üzvlərinin (elementlərinin) onlara ayrılan rolu dəqiq və peşəkar şəkildə yerinə yetirilməsindən asılıdır. Buna nail olmuş məşqçi isə komandanın qələbəsini təmin edir. Belə ki, uğurlu komanda sistemində qapıçı, müdafiəçi, yarımmüdafiəçi, mərkəz yarım müdafiəçi və hücumçu kimi əsas sistem üzvləri (oyunçu) var. Başqa sözlə, sistemin hər bir elementinin işlək olması effektiv fəaliyyəti təmin edən vacib amildir. Eyni zamanda, unutmamalıyıq ki, komandaya daxil olan hər bir üzv, ilk növbədə, komandanın uğuruna çalışır. Komandanın hər bir üzvü anlayır ki, onun uğuru və gələcəyi komandanın ümumi uğurundan asılıdır. Eyniliklə siyasi sistemə də daxil olan hər bir təsisatın effektiv fəaliyyəti sistemin ümumi inkişafına xidmət edir.

Mövcud konteksti inkişaf etdirərək xatırladaq ki, “müxalifətçilik institutu” da öz növbəsində siyasi sisteminin ayrılmaz parçasıdır və məhz bu səbəbdən də Prezident İlham Əliyev ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması məsələsinə prinsipial diqqət ayırır. Əlbəttə ki, peşəkar, demokratik və sağlam müxalifətçiliyə aparan yol məhz ölkənin siyasi partiyalar sisteminin müasirləşdirilməsi və işlək vəziyyətə gətirməsindən keçir. Sağlam siyasi partiyalar cəmiyyətin mobilliyini təmin etməli və ölkənin kadr potensialının formalaşdırılmasında əsas rollardan birini oynamalıdır. Sözsüz ki, bu cür önəmli və ölkə üçün taleyüklü strateji məsələlərdə yalnız vətənpərvər qüvvələrə inanmaq və güvənmək olar. Burada yol verilə biləcək xətalar milli təhlükəsizliyin təminatı üçün real təhdidlərə gətirib çıxara bilər.

Müxalifətçilik haqqında ifrat təsəvvürlərə sahib olan “ünsürləri” komandanın uğuru və qələbəsi maraqlandırmır. Təəssüflər olsun ki, biz Azərbaycanda bu cür halların dəfələrlə şahidi olmuşuq. Yenə də futbol terminlərinə müraciət etsək deyə bilərik ki, bu cür “siyasətciklərin” marağında qapıların boş və müdafiəsiz qalmasıdır. Əlbəttə ki, radikal müxalifət nəinki konstruktiv və peşəkar deyil, onlar hətta milli qüvvə belə sayıla bilməz.

Yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan islahatların mərkəzində ölkədə mövcud olan bütün potensialların Vətən, dövlət və millət naminə səfərbər edilməsi kimi strateji vəzifə dayanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR