İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətdəkilər kimləri və niyə söyür - Rauf Arifoğlunun yazısı

6268 13.05.2015 13:34 Yazarlar A A










Bir mesajım var, dostlar!!!


Allahımızı, Dinimizi, İnancımızı, Peyğəmbərimizi ən pis formada söyən, ikidə-bir təhqir edən soydaşlarımızla dostluğa davam, siyasi liderimizi söyən, tənqid edən illərin dostlarına savaş elanı... 


Biz beləyik. 

Birincilərin Allah, Peyğəmbər və din söyüşlərini uzağı like etmirik; sonrakı statuslarına isə öygülər yazırıq; fəqət İkincilərə qarşı sərih cəbhə açıq, xain elan edir, kampaniya başladır və "bunları siləlim" deyirik.

Türkiyədə, istənilən müsəlman toplumunda, hətta Avropada belə Allahı, dini, imanı, Peyğəmbərləri bunca aşağılayanlara kimsə salam verməz, bu allahsızlara total ictimai qınaq olar; hətta bəzən cəza da kəsilər...

Dünyanın hər yerində ateistlər bizimkilərdən çox abırlıdırlar; onlar da milyonların, çevrəsindəkilərin hisslərini bu qədər kobudluqla tapdamazlar; tanınan simalarsa bunu heç etməzlər; çünki bitərlər. Avropadakı tək-tük ateist hökumət və dövlət başçıları topluma aid dəyərləri təhqir etməzlər, inanclılara sayğı göstərərlər. 


Bizdə isə bir başqadır. Ateistlərimiz üz çırırlar. Sənin sosial şəbəkədəki səhifənə girib, dəyərlərini, inanc sistemini aşağılayırlar; dini bayramlarda təhqirlər yağdırırlar. Ötəyə gedənlər də olur...

Amma biz İKİ PİSdən Birincinin üstündən keçərik... Allahı inkar və təhqir edənlərin həyatda və virtualda dostluğumuzda qalmaq şansları var; qalırlar da! Fəqət Liderə dəydinsə, onu söydünsə, bitdin... Vətən xainisən. Satqınsan, mütləq və mütləq, pul almısan. Bəs, Allahı, Peyğəmbəri söyənlər haradansa pul alırmı? Belə ittiham səsləndirdikmi... 

İkisi də pis işdi, murdardır. İnsanların özlərinə dəyər bildiklərinə söymək olmaz. Bunun alternativi də var -  iqnor, ya da siyasi tənqid. Söyməməliyik! Lakin anlamaq lazımdır ki, İnanclı üçün Peyğəmbər Əfəndimiz Liderdən də, Atadan da ötədir!

Görün indi biz nələrə qatlanırıq...


Allah bütün xəstələri hidayət etsin, insanların ürəyinə şəfqət və səmimiyyət versin. 

Allah Liderlərini söyənləri eyni cür söyənlərin qəlbinə bir azca Allah, Din və Peyğəmbər təəssübü də salsın. 

Liderlərə də adil hakimlik arzu edirəm. 

Onları tənqid edənləri və bəyənməyənləri söyməyə, hədəfə götürməyə, illər və aylarla mənəvi terror etməyə imkan verməsinlər. Bir balaca da riyazi hesablama aparsınlar. Bəzən nadanca söyüş, təhqir mətni yazanlar son 20 ildə, bu nəticəsiz və ağır dönəmdə özlərini necə aparıblar, başqa hansı mətnləri yazıblar... Quranda göstərilir ki, yaxşılıq edənlərin əməllərinin qarşılığı pislik edənlərin əməllərinin cəzasından daha yüksək dəyərləndiriləcək.

Axirətin bu ədalətli modelini siyasətə tətbiq etmək olmazmı? O qədər sadələşər və gözəlləşər ki, siyasi həyat. 

Şəxsən mən o cür yaşayıram. 3 dəfə mənə yaxşılıq etmiş, uğrumda fədakarlıq yapmış birisi ən azı 30 dəfə pislik etməyincə, cavabını verməm. 30 dəfə yaxşılıq etmiş birisinin isə, nə qədər pislik etsə də, məni özünə düşmən qazanma şansı yoxdu...

2003-cü il hadisələrinə görə Bayıl həbsxanasında yatarkən “suç ortaqları”mdan biri üzümə bir irad söylədi: “Siz tovuzlularda kin yoxdu ki? Niyə filankəsi silib, atmırsan...” 

...Səbəbini yuxarıda yazdım. Ona görə silib atmıram ki, qarşıdakı hələ bu nəticəyə nail olmayıb, limiti var...

Bu baxımdan, siyasətdəki liderlər hər gün bağışlayanlardan olmaq məcburiyyətində. 


Bir şey də unutmayalım! Lider dediyinin “benzini” qələbədir, nəticədir... Onu vermədinsə, verə bilmədinsə; fərqi yoxdur hansı səbəbdən; yerində sayacaqsan, idarə etdiyin “nəqliyyat vasitəsi”nə minənlər düşüb, oranı tərk edəcəklər; gələnlər də olacaq; lakin bu gerçəyi dəyişməyəcək; çünki o gələnlər də kiminsə “nəqliyyat vasitəsindən” düşənlərdi... 

Bir zəhmət, missiyanızı unutmayın! Bu siyasət deyilən səhnədəki aktyorların hamısı konkret maraqların ifadəçiləridir. Səndən yana olanlara bir şeylər verə bilmirsənsə, onlardan da nələrsə gözləməyə haqqın yox...   


Bir arzumuz da var: duadı əslində; bunu hər zaman özümüz üçün də söylərik. “Allah Azərbaycanın bütün siyasi liderlərini və fəallarını, içi də biz qarışıq, gerçək inanclılardan, müsəlmanlardan qərar versin”. 

Münafiqlik də ateistlik qədər DƏRGAHda, hər iki dünyada qınanan əməldir.    

O zaman çox şeylər düzələcək!

O zaman fərq yaranacaq. Və insanlar da kimlərin hansı fundamental dəyərləri təmsil etdiklərini anlayacaqlar. 

İndilikdə isə ortada dəyər deyilən bir şey qalmayıb. 

İndi ortada olan böyük bir dövrün qapanış törənidir. Hamı qışqırır, hamı söyür. Kimi hökuməti, kimi bir-birini. 


Çünki hamı yekunlardan narazıdır.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR