İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətçilərə qarşı terrorların artma səbəbi - Azərbaycan nə etməli...

550 16.07.2024 12:46 Gündəm A A

Müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdə məruz qalıblar

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdi siyasi terror mövzusunu bir daha aktuallaşdırdı. Ona snayper tüfəngdən atəş açan 20 yaşlı Tomas Metyu Kruks sui-qəsddən əvvəl yaydığı videoda “mən Respublikaçılara və Trampa nifrət edirəm” deyib. Kruksun isə tək olmadığı, bunu planlı və dəstə şəklində etdiyi şübhəsi var. 

Son vaxtlar bütün dünyada siyasi sui-qəsd cəhdlərinin və ölümlə hədələnmələrin sayı artıb.

Bugünlərdə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da sensasion açıqlama verib. O,Ukraynanın online NV saytına müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putinin həyatına sui-qəsd cəhdi edilib, lakin bu cəhdlər uğursuz olub. Yada salaq ki, müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdə məruz qalıblar.

Dünyada siyasətçilərə qarşı terror hadisələrinin artma səbəbi nədir? Azərbaycan bu kimi hadisələrdən hansı nəticələr çıxarmalı, hansı önləyici tədbirlər görməlidir?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

 “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, heç bir ölkə belə xain hücumlardan, sui-qəsdlərdən sığortalanmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ictimai-siyasi xadimlərə sui-qəsdlər təşkil olunub: “Ən son belə cinayət deputat Fazil Mustafaya qarşı düzənləndi.  Ötən ilin martında gecə yarısı deputata evinin qarşısında silahlı hücum oldu. Deputat güllə yaraları alsa da, xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün oldu. Bu sui-qəsd cəhdi ölkəmizdə uzun illər ərzində baş verən belə cinayətlərdən sonuncusudur. 1990-cı ildə Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" və “Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev Bakının ortasında, Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində sui-qəsd nəticəsində öldürülüb. 4 il sonra, 1989-1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov sui-qəsd qurbanı olub. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda qətlə yetirilib. 

Həmin ilin sentyabrında Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov sui-qəsd nəticəsində qətlə yetirilib.

1997-ci ildə akademik Ziya Bünyadov da sui-qəsdin qurbanı olub. Onu fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. 

Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı il fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.

7 il sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələri tutan Rövşən Əliyev sui-qəsdlə aradan götürülüb.

Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. 

Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.

“Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Yəni Azərbaycanda ictimai-siyasi xadimlərin sui-qəsdlə aradan götürülməsi cinayətləri bu günə qədər olub və bu cinayətlərin önlənməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki,  tədbirlər görürlər.  Bununla belə, sui-qəsd cinayətlərinin ardının olmayacağını söyləmək, belə cinayətləri istisna etmək olmaz. Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi quruculuğu yolunda inamla addımlaması, ərazi bütövlüyümüzü təmin etməyimiz bədxahlarımızı da artırıb. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları dövlətin təhlükəsizliyini təmin etmək, onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək yolunda uğurla fəaliyyət göstərirlər. Bununla belə, ehtiyatı da əldən verməməli, sayıqlığımızı bir qədər də artırmalıyıq". 

E.MƏMMƏDƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR