İnsanlara hürriyət, millətlərə istiqlal!

Sirlər açıldı - İranın Azərbaycandakı zəncirvari mart cinayətlərinin pərdəarxası

3942 06.04.2023 11:09 Gündəm A A

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc aprelin 4-də parlamentdə çıxış edərkən sensasion açıqlama verib. Strateji və həm də bir sıra məxfi məlumatların toplandığı qurumun başında dayanan şəxsin bu açıqlamaları təsadüfi sayıla bilməz. Belə ki, Zahid Oruc İranın mart ayı ərzində Azərbaycanda zəncirvari terror planları həyata keçirdiyinə dair məlumatı bölüşüb.

Sitat: “Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun - pistolet, avtomat, yoxsa bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.

Deputat vurğulayıb ki, terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Bu arada təhlükəsizlik eksperti Ərəstun Oruclu deyib ki, baş verən sui-qəsd hadisələrinin məhz avtomatla törədilməsi də bir mesajdır... Zahid Orucun xüsusilə Hacı Şahinin ölümünün müəmmalı olmasına dair açıqlaması gündəmi silkələyib. Nəzərə çatdıraq ki, nüfuzlu din xadimi Hacı Şahin ölümündən az əvvəl İranın yanlış siyasətini tənqid etmişdi. Bundan az sonra onun ölümü şübhələr yaratmışdı. İndi artıq ölkənin mühüm qurumlarından birinin rəhbəri buna dair açıqlama da verib. Sirr deyil ki, casus şəbəkələri önəmli şəxsləri aradan götürmək üçün iz azdıran metodlardan da istifadə edir ki, bunlar sırasında məsafədən zəhərləmə, ürəyin, beyinin fəaliyyətini qısa müddətdə sıradan çıxaran maddələri müxtəlif yollarla yeritmə də var. Bu məsələyə yenidən dönülməsi, istintaq aparılması mümkündürmü? İranın mart ayında Azərbaycanda zəncirvari şəkildə həyata keçirdiyi terrorçuluq planlarının ifşası prosesində daha nələr üzə çıxa bilər? Bu işlərin təşkilatçıları eyni mərkəzə bağlı olarsa, hüquqi olaraq hansı addımlar atılmalıdır? Beynəlxalq aidiyyəti qurumları bu prosesə cəlb etmək olarmı? Çünki terrorizm bəşəri cinayətdir və dünyanı birgə mübarizə aparmalı olduğu məsələdir...

Elman Məmmədov: Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial  siyasətin prioritet istiqamətidir

Elman Məmmədov: “Baş verən hadisələr son deyil”

Deputat Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Zahid Orucun parlamentin son iclasında səsləndirdiyi fikirlər əsaslıdır: “O, sizə də məlumdur ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir, araşdırmaçıdır. Bu istiqamətdə təhlilləri, məlumatları çoxdur. Onun dediklərinin, yəni baş verənlərin ikisinə xüsusi toxunmaq istəyirəm: Tehranda səfirliyimizə olan hücum və millət vəkili, həmkarım Fazil Mustafaya qarşı törədilən terror. Burada artıq gizlətməli bir şey yoxdur. Bunların özünü də İran tərəfi rəsmi qaydada təkzib belə etmir. Baş verən bütün bu hadisələrə, həbslərə istinad edərək demək olar ki, bütün bunlar İrandan idarə olunan hərəkətlərdir. Yəni İran casus şəbəkəsinin Azərbaycanda, eyni zamanda İranın öz ərazisində xüsusi xidmət orqanlarının törətdikləri terror aktlarıdır. Hesab edirəm ki, bunlar dövlət səviyyəsində baş verən hadisələrdir. İran dövlətinin Azərbaycana qarşı olan düşmənçilik siyasətinin tərkib hissələridir. Bir sözlə, bunlar terror hadisələridir. Açıq-aşkar məlum olan məsələlərdir ki, mənbə, mərkəz İranı göstərir. Yəni həm səfirliyimizə, həm də Fazil Mustafaya qarşı olan terror aktları. Həbs olunanların da hara bağlı olduqları məlumdur. İndi yəqin ki, rəsmi dövlət qurumlarımız da bu barədə rəsmi açıqlamalar verəcəklər. Onlar haradan istiqamətləndirilib, haradan təlimatlandırılıblar, tapşırıqları haradan alıblar maliyyəni haradan alıblar, bunların hamısı məlum olacaq. Bunlar gün kimi aydın olan məsələlərdir. Qonşu olan böyük bir müsəlman dövləti İranla biz heç vaxt istəməzdik ki, münasibətlərimiz pis olsun, indiki vəziyyət kimi gərginlik yaransın. Ancaq İran dövləti açıq-aşkar bizə qarşı düşmənçilik mövqeyi sərgiləyir. Ərazilərimizi 30 il müddətində işğal altında saxlayan, darmadağın edib talayan bir ölkə ilə bu gün də dostluq və qardaşlıq edir, ona yardımlar göstərir, köməyini əsirgəmir. Hətta o dövlətin xatirinə həmin dövlətə görə bizə hədə-qorxu gəlir, bizi təhdid edir, o dövlətin təhlükəsizliyini öz təhlükəsizliyi adlandırır. İranın bütün bu hərəkətləri onu göstərir ki, bu baş verən hadisələr son deyil. Belə güman edirəm ki, cənub qonşumuz bu bəd, pis hərəkətlərindən çəkinməyəcək. Çünki adi İran vətəndaşlarının deyil, rəsmi İran təmsilçilərinin dilindən bu hədələri biz eşidirik, təhqirlərin şahidi oluruq. Bu da gələcəkdə xoş olmayan hadisələrin baş verməsinə bir işarədir. Ona görə də, hesab edirəm ki, xüsusi xidmət, hüquq-mühafizə orqanlarımız, eyni zamanda vətəndaşlarımız çox ayıq-sayıq olmalı, xoşagəlməyən hərəkətlərin qarşısını almalıdırlar”.

Deputat bundan sonra nələrin üzə çıxa biləcəyi barədə ehtimallarını da irəli sürdü: “Hər bir ölkədə müxtəlif tipli cinayətkarlar qruplaşmalar var. Ötən ay ölkəmizdə baş verən hadisələrlə əlaqədar bir məsələni da deyim. Hər şeyi aparıb birbaşa bir mərkəzə bağlamaq da doğru deyil. O istiqamətdə araşdırmalar gedir. Ola bilər ki, həmin şəxslərin də bağlantıları İranın casus şəbəkələri ilə olsun. Amma ola bilər ki, tamamilə başqa yerlər də olsun. Hər halda, cinayət hadisəsidir. Olmaması üçün hər kəs çalışmalıdır. Araşdırmalar gedir. Hamıya məlumdur ki, məlum həbslər həyata keçirilib. Burada öz versiyalarımızı irəli sürməklə deyil, rəsmi dövlət qurumlarımızın verdiyi rəsmi məlumatlara əsaslanıb fikir söyləyə bilərik”. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu: “Türkiyə, İsrail, ABŞ və Avropa İttifaqı Azərbaycana dəstəyi artıracaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çox vacib məqamlara toxunaraq, keçmişi xatırladan açıqlamalar verdi: “İranın kəşfiyyat strukturları Azərbaycanda qətllər həyata keçirməklə ölkəmizdə İranı tənqid edən insanları - siyasətçiləri və jurnalistləri qorxutmaq istəyirlər. Ancaq Tehran əks-nəticə ilə üzləşir. Azərbaycanda İranı tənqid edənlərin sayı artıb. Buna baxmayaraq, Azərbaycanda İrana simpatiyası olanlar da var. Bu ölkə 1990-cı illərin əvvəllərindən Azərbaycanda casus şəbəkəsi və "5-ci kolon" yaradıb. Ölkəmizdə bu şəbəkənin üzvləri həbs olunurlar. Bu şəbəkəyə aid olan insanlar dəfələrlə İranda olublar. İran vaxtilə Azərbaycan İslam Partiyasını maliyyələşdirirdi. İranın Azərbaycanda maliyyələşdirdiyi jurnalistlər və internet saytları da var idi. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (MTN) bu şəbəkə ilə mübarizəni genişləndirib. İslam Partiyası və İrandan maliyyələşdirilən saytlar bağlanıb. Azərbaycan cəmiyyətində və siyasi dairələrində səslənən əsas sual budur: İran Azərbaycana qarşı müharibəyə başlaya bilərmi? Müharibə ehtimalı yüksək olmasa da, iki ölkə arasında sərhəddə toqquşma baş verə bilər. İran hərbi qüvvələrinin Azərbaycanla sərhəddə sayı artıb. İran hərbçiləri tez-tez sərhədə yaxınlaşırlar. Cənub qonşumuz Naxçıvanla sərhədə də qoşun hissələrinin sayını artırıb. Tehranda hesab edirlər ki, Azərbaycan İranla müharibədən çəkinəcək və rəsmi Bakı İranın maraqlarını nəzərə almağa başlayacaq. Ancaq Azərbaycan siyasətçilərinin İrana tənqidi artıb. Azərbaycan parlamentində son müzakirələrdə deputatlar rəsmi Tehranın siyasətini sərt şəkildə tənqid ediblər. İranın ultimatumlarına və notalarına Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri eyni sərtliklə cavab verirlər. İki ölkə arasında müharibə başlayarsa, hər iki ölkə problemlərlə üzləşəcək. Ancaq İranın problemləri daha çox olacaq. Türkiyə, İsrail, ABŞ və Avropa İttifaqı Azərbaycana dəstəyi artıracaq. İranı isə heç bir dövlət dəstəkləməyəcək. Rusiya müharibəni dayandırmaq məqsədilə vasitəçiliyini təklif edəcək. Digər tərəfdən, İran Azərbaycana qarşı müharibəyə başlayarsa, bu ölkədə yaşayan azərbaycanlılar etiraza başlayacaqlar, İranın Təbriz və Ərdəbil şəhərlərində müharibə əleyhinə kütləvi mitinqlər keçiriləcək. İran ordusunda xidmət edən azərbaycanlı hərbçilərin bir hissəsi bu etirazlara qoşulacaqlar və bu, İran ordusunun parçalanmasına gətirib çıxaracaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR