İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kipri tanıyaq, yoxsa gözləyək?

841 17.05.2024 08:50 Siyasət A A

Siyasi şərhçi: “Bununla erməni-yunan əməkdaşlığına ağır ”türk zərbəsi" vurmuş olacağıq"

Son dövrlər Azərbaycanla Şimali Kipr arasında əlaqələrdə mühüm inkişaflar yaşanıb. Milli Məclisdə Şimali Kiprlə parlamentlərarası işçi qrupu yaradılıb. Bu həftə isə deputatlar Şimali Kiprə səfər edib, orada respublikanın prezidenti Ersin Tatar və digər rəsmi şəxslərlə görüşlər keçiriblər. 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikası 1975-ci ildə öz müstəqilliyini elan edib. Hazırda bu dövlətin müstəqilliyini yalnız Türkiyə tanıyır. Şimali Kiprlə münasibətlərin inkişaf etməsi fonunda Azərbaycanın da bu dövləti tanıması ilə bağlı müzakirələr aparılır. 

Azərbaycanla ŞKTR arasında çox yaxın münasibətlər var. Ötən ilin oktyabrında Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar ölkəmizə səfər etmiş, çox yüksək səviyyədə qarşılanmış, mühüm görüşlər keçirib. Ekspertlər hesab edirlər ki, Azərbaycanın ŞKTR-nın müstəqilliyini tanıması üçün hər hansı bir maneə yoxdur. 

Mübariz Göyüşlü — Vikipediya

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan Türk Dünyasının birliyi, inteqrasiyası istiqamətində çox ciddi çalışmalar həyata keçirir: “Türk Şurasının yaranmasında, daha sonra Türk Dövlətləri Təşkilatının formalaşmasında Azərbaycanın müstəsna rolu var. Təbii ki, Türkiyə ilə birgə əməkdaşlıq nəticəsində Azərbaycan türk birliyinin güclənməsinə öz töhfələrini verir. Türk Birliyinin qurulması və güclənməsi çalışmalarını gerçəkləşdirərkən biz bunu tam olaraq həyata keçirə bilmirdik. Çünki torpaqlarımız işğalda idi, soydaşlarımız məcburi köçkün həyatı yaşayırdı. Türk dünyası da tam olaraq özünüdərk prosesindən keçməmişdi. Hətta elə türk dövləti var idi ki, onun rəhbəri Ermənistanda saxta soyqırım abidəsinin önünə gül dəstəsi qoymuşdu. Türk Dünyasında rus, ingilis, ərəb, fars mədəni təsiri özünü açıq şəkildə büruzə verirdi. Lakin zamanla bu tendensiya dəyişməyə başladı”.

Siyasi şərhçi əlavə edib ki, geosiyasi şəraitin yetişməsi nəticəsində də Azərbaycan torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyün təmin edib: “Türk dünyasının bir qanayan yarası - Qarabağ problemi həll olunsa da, onun digər problemləri hələ qalır. Bu problemlərdən biri də Şimali Kipr Türk Dövləti, onun dünya tərəfindən tanınması, blokadadan çıxarılması, ada dövlətin rifahının yüksəldilməsi və sairədir. Azərbaycan bu prosesdə birbaşa dövlət olaraq iştirak edə bilmirdi. Lakin 2020-ci il II Qarabağ müharibəsi bu reallığı da dəyişmiş oldu. Artıq Azərbaycanla Şimali Kipr Türk Dövləti arasında əlaqələr dövlət səviyyəsində, rəsmi şəkildə qurulur. Azərbaycan dövləti qlobal miqyasda aktiv oyunçuya çevriləndən bəri Kipr Türk Dövlətinə rəsmi dəstəyini göstərməkdədir. Prosesin davam edəcəyini zənn edirəm. Növbə aidiyyəti nazirliklərindir. Təbii ki, bu fonda ictimai qurumların, elm, təhsil, mədəniyyət təşkilatlarının, mütəxəssislərin əlaqələrinin də genişləndirilməsi gündəmdə olmalıdır. Bu gedişat Türkiyədən sonra Azərbaycan, daha sonra da digər türk-müsəlman ölkələri tərəfindən Şimali Kip Türk Respublikasının tanınmasına gətirib çıxarmalıdır. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın Kipr Türk Respublikasını tanıması mümkündür və lazımdır. Azərbaycan bununla həm ”yavru vətən"ə öz dəstəyini vermiş, həm də erməni-yunan əməkdaşlığına ağır “türk zərbəsi” vurmuş olar".

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Kipr türklərinin keçdiyi tarixi yol, torpaqları, halal haqları uğrunda vətənpərvər mübarizəsi, müstəqil dövlət atributlarının formalaşdırılması, idarəetmə institutlarının tam təşkil olunması, qanunverici hakimiyyət, məhkəmə orqanlarının sərbəst fəaliyyəti, iqtisadi imkanları imkan verir ki, Şimali Kipr müstəqil dövlət olaraq yaşasın, fəaliyyət göstərsin: “Təəssüf ki, onlara qarşı beynəlxalq birlik tərəfindən çox haqsızlıqlar olub. Azərbaycan xalqı mənəvi olaraq kiprli qardaşlarımıza dəstək verir və gələcəkdə də verəcək. Qarşı tərəfin apardığı hiyləgər, hər hansı hüquq normalarına uyğun olmayan siyasətə qarşı olaraq, təbii ki, hüquq normaları çərçivəsində kiprlilərlə münasibətlərimizi qururuq. Daha çox mədəni əlaqələrə üstünlük verilir. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu əlaqələrin siyasi müstəviyə keçməsinə şərait yaranıb. Bu baxımdan Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin ölkəmizə səfəri  mühüm bir addımdır. Təbii ki, Ermənistanla münasibətləri tam yoluna qoyandan sonra Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı qarşımızda heç nə dayanmayacaq. Biz Kiprin müstəqilliyini tanıyacağıq, buna əminəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR