İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şillə vuran”ın sonu - “Nord-Ost”da, Beslanda terrorçuları qıran Putin “Vaqner”i əfv edərmi?

3983 25.06.2023 09:15 Yazarlar A A

Priqojin de-marşının əvvəlini Surət kimi başlamışdı, Moskvaya gəlirdi, amma yarı yolda dayandı, özü demişkən, hərbi karvanının başını geri döndərdi.

“Vaqner” özəl hərbi şirkətinin qiyamı 30 il öncə ölkəmizdə baş verən “Surət qiyamı”na bənzədiyi üçün ona belə ad qoymuşduq.

Ancaq tezliklə ciddi fərqlər ortaya çıxdı.

1. “Vaqner”çilər hərəkətlərinə dövlət qulluqçularını kütləvi şəkildə qətlə yetirərək başlamadılar.

2. Ələ keçirdikləri rayon və şəhərlərdə hökumət qulluqçularını kütləvi şəkildə girov götürmədilər.

3. Araya girən vasitəçilərin sözünü eşitdilər.

4. Yürüşlərini yarımçıq saxlayıb səhra düşərgəsinə qayıtdılar.

1687582213_70ba5543-a575-4967-b0e6-a923448d398d.jpg (274 KB)

Qiyamçılara münasibətdə də fərqlər vardı:

1. Hökumət adamları panikaya düşsələr də, tez toparlandılar;

2. Prezident Putin qətiyyən yumşaq mövqe tutmadı, güzəştə meyli olduğunu göstərmədi;

3. Ölkənin müxalif siyasi qüvvələri qiyamçıların tərəfinə keçib onun sözçüsünə çevrilmədi;

4. Xalq kütlələri əsasən bitərəf qaldılar.

30 il öncə ölkəmizdə baş verən eyni ssenarili qiyam zamanı isə situasiya tamam başqa cür idi.

O vaxt qonşu və qardaş ölkələrin liderlərindən heç kəs qabağa durub qiyamçıları dayandırmadı. Bunu Türkiyənin prezidenti Süleyman Dəmirəl və ya İranın prezidenti Haşimi-Rəfsəncani edə bilərdi. Heç biri etmədi. Heç biri tərəflərə “qardaş qanı tökməyin” çağırışı ilə irəi durmadı.

1686679889_as.jpg (52 KB)

İyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenko isə Priqojin-Putin ixtilafında araya girdi və onlara “rus qanı” axıtmağın yolverilməzliyini başa saldı.

Əslində 30 il qabaq yuxarıda adları çəkilən prezidentlər Surətə elə bir çağırış etsəydilər də artıq gec idi. Gəncədə qardaş qanı tökülmüşdü, qiyamçılar əllərini qana bulamış, Prezident Qvardiyasının əsgərlərini güllələmişdilər. Onların artıq geriyə yolları yox idi.

Bununla belə, qiyamçıları dayandırmaq üçün cürbəcir rıçaqlar var idi – hərbi kontingent göndərməkdən lazımi silah-sursat verməyə qədər.

Onlar sadəcə, oturub gözlədilər ki, qiyamçılar qanuni prezidenti devirsinlər.

Bunun adı guya “daxili işlərə qarışmamaq” idi. Halbuki dünya demokratiyasının əsas keşikçisi ABŞ indiyədək N qədər ölkənin daxili işlərinə qarışaraq devrilən qanuni prezidentləri vəzifəsinə bərpa edib, yaxud da devrilməyə qoymayıb.

Budur, Likaşenko da Rusiyanın daxili işlərinə müdaxilə etdi, amma heş kəs onu qınamadı.

Bəs bununla qovğa bitdimi, ixtilaf çözüldümü, münaqişə sona çatdımı? Əsla.

Dövlətə silah qaldırmış şəxslərin bağışlanması halı tarixdə nadirdir.

Silahı yerə qoyaraq könüllü şəkildə dövlətə təslim olanların aqibəti də hər kəsə məlumdur. Onların çoxunu ya dərhal güllələyirlər, ya da elə ağır cəza verirlər ki, üçdə ikisi bir daha azadlıq üzü görmür.

“Vaqner”in sahibi Priqojin bunu yaxşı bilir. O, hələ Putinin süfrəsinə təam bişirib qoyduğu vaxtlardan onun xasiyyətinə, qəddarlığına, güzəştsizliyinə yaxşı bələddir.

1111848.jpg (107 KB)

Bu, həmin Putindir ki, çeçen terrorçular “Nord-Ost” müziklinin tamaşaçılarını girov götürəndə əmr vermişdi ki, mülki əhali arasında nə qədər itki olacaqsa, olsun, amma terrorçular binadan sağ çıxmamalıdır. Elə də oldu.

beslan.jpg (121 KB)

2004-cü ilin sentyabr ayının 1-də Şimali Osetiyanın Beslan şəhərində yenə çeçen terrorçular orta məktəb şagirdlərini girov götürəndə Putin təkrarən acımasızlıq göstərmiş, “terrorçularla heç bir danışıq aparmayacağıq” deyərək hamısının zərərsizləşdirilməsini əmr etmiş, bu zaman onlarla azyaşlı məktəblinin qurbana çevriləcəyini nəzərə almamışdı.

Priqojin bunları bilirdi və əmin idi ki, Putin bu dəfə də qətiyyət göstərəcək, güzəşt etməyəcək. Güman ki, o, avantürasının uğur qazanıb-qazanmamaq şansını ölçüb-biçdi və ziyanın yarısından qayıtmaq qərarı verdi.

O, ziyanın yarısından qayıda bilər, amma Rusiyanın dövlət olaraq reputasiya və qüdrətinə dəyən ziyanın yarıs oldquca böyükdür. Eləcə də Putinin imicinə zərbə vurulub, izzət-nəfsinə toxunulub. 23 ildən artıq superdövlət idarə edən şəxsdə bu hiss daha güclü olur və o, heç vəchlə ona “şillə vuran”ı, güllə atanı bağışlaya bilməz. 

İndi prezidentin sözçüsü Peskov deyir ki, "Vaqner"ə qarşı başlanmış cinayət işinə xitam veriləcək. Ola bilər. Amma əfv olmayacaq.

Ona görə də güman etmək olar ki, dünya birliyi “Vaqner”in dislokasiya yerindən - səhra düşərgəsindən maraqlı və gərgin xəbərlər almaqda davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR