İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şeyx Nəsrullah” ABŞ Dövlət Departamentində: “Ukrayna müharibəsi olmasaydı...”

2444 11.02.2023 15:20 Yazarlar A A

Belə görünür ki, ABŞ-da ATƏT-in Minsk Qrupunun xiffətini heç də Ermənistandan az çəkmirlər. Bu da “isti” fakt: Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiyanı Minsk Qrupunun səylərinə zərbə vurmaqda ittiham edib. Bu barədə o, dünənki brifinqdə söyləyib. Patelin sözlərinə görə, Cənubi Qafqazda sülhün təşviqi həm də dövlət katibi Entoni Blinken üçün daimi prioritetlər sırasındadır.

“Fakt budur ki, Rusiyanın təcavüzü və birtərəfliliyi Minsk Qrupu formatında məhsuldar iş perspektivlərini sarsıdıb”, - Patel bildirib və əlavə edib ki, ABŞ istər ikitərəfli, istərsə də Avropa İttifaqı və ATƏT mexanizmləri vasitəsilə sülhün təşviqinə sadiqdir: “Və söylədiyim kimi, Cənubi Qafqazda sülhün təşviqi bizim üçün daimi prioritet olaraq qalır”.

Burda deyiblər, “it əl çəkdi, motal əl çəkmədi”. İşə bax, hətta Ermənistanın və Rusiyanın faktiki unutduğu üzdəniraq Minsk Qrupu mövzusunu ABŞ rəsmisi ilin-günün bu vaxtında təzədən gündəmə gətirməyə çalışır. Daha dəqiqi, ölüyə nəfəs verib diriltməyə cəhd edir. Bir növ, “Şeyx Nəsrullah”lıq edir.

Gözlənildiyi kimi, hind mənşəli bu amerikalı diplomatın yuxarıdakı açıqlaması erməni mediasında dərhal tirajlanıb, revanşist-radikalların, İrəvan rəsmilərinin ürəyinə su “çiləyib”...

Əvvəla, cənab Patel “Minsk Qrupu formatında məhsuldar iş” deyəndə görəsən nəyi nəzərdə tutur? Birləşmiş Ştatların Rusiya və Fransa ilə birləşib 27 il ərzində erməni işğalını necə legitimlədirmək istədiyini?

İkincisi, Rusiya işğalına qarşı Ukraynaya ən böyük köməyi göstərən bir dövlətin rəsmisinin yuxarıdakı bəyanatı tərtəmiz riyakarlıqdır – həm Vaşinqtonun təcavüzkar Rusiya ilə eyni masanı bölüşmək istəyi baxımından (Moskva MQ-dən imtina edib!), həm də separatçılığa və işğalçılığa “ikili standart” yanaşması anlamında. Axı hamı bilir ki, “Minsk üçlüyü”nün əsas hədəfi “öz müqəddəratını təyinetmə” adı altında Azərbaycan torpaqlarında ikinci erməni “dövləti” qurmaq olub. Onlar problemin “həlli”ni belə görürdülər.

WhatsApp Image 2023-02-11 at 15.08.20.jpeg (314 KB)

Amma qatar artıq gedib – “Minsk Qrupu” və “status” vaqonları ilə birgə! ABŞ üçün isə 3 ildir unikal şans yaranıb ki, yalançı vasitəçilikdən nəhayət, imtina edib, obyektiv, konstruktiv moderatorluğa keçsin. Uğursuz diplomatiyaya qayıtmasın. Zira, siyasətdə, diplomatiyada “bir suya iki dəfə girmək” mümkünsüz...

O ki qaldı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin guya Minsk Qrupunu iflic eləməsinə, Minsk Qrupu onsuz da iflic idi. Çünki öz mandatından, balanslı mövqeyindən çoxdan uzaqlaşmış, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsini unutmuş və birmənalı şəkildə təcavüzkar Ermənistanın tərəfinə keçərək, işğalçının yanında yer almışdı. Bununla da problemi ədalətli həll eləmək iqtidarında olmadığını təsdiqləməklə özü haqda “ölüm hökmü” çıxarmışdı.

İndi düşünmək ki, 44 günlük müharibədən, torpaqlarımız işğaldan əsasən azad ediləndən sonra bizim bədnam “Minsk üçlüsü”nə ehtiyacımız olacaq, bu, ya Azərbaycan xalqını ələ salmaqdır, ya da onu yaxşı tanımamaq! Azərbaycan belə “vasitəçilik”dən imtina edib. Bunu ölkə rəhbərliyi açıq və net şəkildə dəfələrlə bildirib. Başqa nə cür deyilməlidir görəsən?!

Zorən vasitəçilik olmaz. Amerika tərəfi doğrudanmı bu bəsit həqiqəti anlamaq istəmir? İstəmirsə, yenə öz işidir. Ancaq Qarabağ konflikti bitib, tarixdir. Azərbaycana yalnız Ermənistanla 5 məlum bənd-prinsip əsasında sülh müqaviləsinin imzalanması lazımdır, vəssalam.

Əgər ABŞ Patelin söylədiyi kimi, səmimi şəkildə Cənubi Qafqazda sülhə töhfə verməyi özünün prioriteti sayırsa, o zaman buyursun, bu meydan, bu şeytan. Öz rıçaqlarını işə salsın, İrəvana təsir-təzyiq eləsin, 27 illik uğursuz vasitəçilikdən düz nəticə çıxarsın və heç olmasa indi ədalətli vasitəçi olub da köhnə “günahlarını” yusun, nəinki gorbagor olmuş Minsk Qrupu axtarışı ilə gedib tarixin zibilliyində eşələnsin. Vaxtı fövtə verməsin...

Vaşinqtonda, Departamentdə onu da bilməlidirlər ki, Minsk Qrupu söhbətini ortaya atmaqla ABŞ ən böyük zərbəni elə öz imicinə və haqqında danışdığı sülh prosesinə vurur - özünə qarşı lüzumsuz etimadsızlıq və inamsızlıq yaratmaqla, İrəvana “miatsum”la bağlı boş ümidlər verməklə. Arabaya “5-ci təkər” lazım deyil!

Və sonda. Ukraynada müharibə getsə də, bitsə də, Azərbaycan əsgəri Minsk Qrupunun “tabut”una sonuncu mismarı artıq vurub. “Tabut” da basdırılıb...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR