İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı ilə iqtisadi yaxınlaşma Azərbaycana nə vəd edir - təhlil

1297 06.10.2022 08:50 İqtisadiyyat A A

Səudiyyə Ərəbistanı kimi investisiya imkanları yüksək olan ölkədən ölkəmizə sərmayə cəlbinin səviyyəsi qənaətbəxş deyil, perspektivdə isə ciddi işlər görülə bilər

Bu il Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. 1992-ci il fevralın 24-də iki ölkə arasında diplomatik əlaqələr yaranıb.

Əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Bakıda keçirilən sərgidə iştirak edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səud azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

Daha sonra Prezident İlham Əliyev oktyabrın 4-də Feysal bin Fərhan Al Səudu qəbul edərək mühüm açıqlamalar verib.  Bildirib ki, nazirin səfəri Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərin daha da inkişafında çox vacib rol oynayacaq: “Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq.

İndi isə torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik. Eyni zamanda ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi.Yəni əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVİD-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb. Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərimizin daha bir vacib hissəsidir. Biz BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən dəstəyə görə minnətdarıq. Biz bu təsisatlarda uğurla əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz zamanı həmkarlarınızla məsləhətləşmələr çərçivəsində əlaqələrimizi daha da gücləndirmək üçün hansı istiqamətdə irəli gedəcəyimiz müəyyən ediləcək".

Nazir Feysal bin Fərhan Al Səud isə ölkələr arasında münasibətlərin inkişafı baxımından potensialın çox olduğunu deyib: “Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var”.

Qeyd edək ki, səudiyyəli nazirin dediklərində həqiqət payı çoxdur: ölkələr arasında iqtisadi əlaqələrin ciddi bir inkişafından danışmaq mümkün deyil. Gömrük statistikasına əsasən, 2021-ci ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 27 milyon 14 min dollara bərabər olub. Bu zaman 14 milyon 546 min dollar Azərbaycanın idxalının, 12 milyon 467 min dollar isə ixracının payıdır. Bu ilin yanvar-avqustunda isə ticarət 12 milyon 188 min dollar təşkil edib. Bunun 9 milyon 236.62 min dolları Azərbaycanın Səudiyyədən idxalı, 2 milyon 951.53 min dolları isə ixracıdır.

Göründüyü kimi, Səudiyyə Ərəbistanı ilə ticarətin mühüm hissəsini oradan idxal təşkil edir. Azərbaycan Səudiyyədən qoyun ətindən tutmuş, pendir, neft-kimya məhsullarına qədər xeyli sayda mal idxal edir. Bu ölkəyə ixracımız isə qara metallurgiya, kənd təsərrüfatı, qənnadı və sair məmulatlardan ibarətdir.

Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 400 milyon dollar investisiya yatırıb. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir.

Yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Al Səud  bildirib ki, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir: “Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq”.

Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 milyard dollar məbləğində investisiya portfelinə malikdir. Belə bir şirkətin Azərbaycana cəlb olunması təqdirəlayiq haldır. Nəzərə alsaq ki, hazırda şirkət müxtəlif ölkələrdə alternativ enerji istehsalına böyük həcmdə investisiyalar yatırır, Azərbaycan isə bu istiqamətdə böyük planlar qurur, onda “ACWA Power”lə əməkdaşlığın dərinləşdirilməsinin ölkə üçün faydalı olacağını söyləyə bilərik.

Məlumat üçün bildirək ki, 2020-ci ilin yanvarında Özbəkistanın İnvestisiya və Ticarət Nazirliyi ilə “ACWA Power” arasında Sırdərya vilayətində gücü 1500 meqavat olan istilik elektrik stansiyasının maliyyələşdirilməsi, layihələşdirilməsi, tikintisi və 25 il istismarı ilə bağlı 1,2 milyard dollar dəyərində birbaşa sərmayə cəlb olunması ilə bağlı sənəd imzalanıb. Eyni zamanda tərəflər arasında “ACWA Power” şirkətinin Özbəkistanın Nəvai və Buxara vilayətlərində ümumi gücü 1000 meqavat olan külək stansiyalarının tikintisinə 1,3 milyard dollar həcmində sərmayə qoyması ilə bağlı da saziş imzalanıb. Beləliklə, Səudiyyə Ərəbistanı şirkəti Özbəkistana 2,4 milyard dollar investisiya yatıracaq. Bu, Azərbaycanda icra olunacaq 200 milyon dollarlıq külək stansiyası layihəsindən 7 dəfə artıq investisiya deməkdir. Azərbaycan əlverişli şərtləri təmin etməklə Səudiyyə şirkətinin ölkəmizdə də irihəcmli investisiyalaşmaya stimullaşdıra bilər.

Səudiyyə Ərəbistanı böyük maliyyə ehtiyatlarına malik ölkələrdəndir. Uzun illər boyu inkişaf etmiş ölkələrin istehsal sahələrinə yüz milyardlarla dollar yatırımlar edilib. 2008-ci ildən etibarən Səudiyyə fond və şirkətləri və sənayedən çəkilməyə və vəsaitlərini yeni texnologiyalar sahəsinə yönəltməyə başlayıblar. Bura müasir maliyyə bazarı alətlərindən tutmuş İT startapları, elektromobil, alternativ enerji istehsalına qədər çoxsaylı istiqamətlər aiddir.

Səudiyyə şahzadəsi Əl-Valid ibn Təlal əl-Səudun yaratdığı Kingdom Holdinq şirkəti Four Seasons, Citigroup, Twitter, 21st Century Fox, The Walt Disney Company şirkətlərində paya, həmçinin Paris və Nyu-Yorkda öz hotellərinə malikdir.

"Bloomberg"in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Suveren Fondu (Public Investment Fund) kiberidman sahəsinə 38 milyard dollar sərmayə yatırmağa hazırlaşır. Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq planının tərkib hissəsi olan bu yatırımla Səudiyyə 2030-cu ilədək dünya kiberidmanının mərkəzi olmağı hədəfləyir. “Public Investment Fund” artıq bu yatırımlar üzrə fəaliyyətləri həyata keçirmək üçün “Savvy Games Group” adlı şirkət də yaradıb.

Səudiyyə Ərəbistanı “Turizm İnkişafı Fondu” yaradır

Adıçəkilən fond bundan əvvəl "Activision Blizzard", "Electronic Arts", "Nintendo, v Embracer Group" AB şirkətlərinə, həmçinin "Modern Times Group" şirkətinin kiberidman bölməsinə 1,05 milyard dollar yatırım edib.

Qeyd olunanlar göstərir ki, Səudiyyə Ərəbistanı kimi investisiya imkanları yüksək olan ölkədən ölkəmizə sərmayə cəlbi səviyyəsini qətiyyən qənaətbəxş hesab etmək olmaz. Bu istiqamətdə potensial kifayət qədər yüksəkdir və ondan yararlanmaq üçün zəruri addımlar atılmalıdır.

Səudiyyə Ərəbistanı həm də Azərbaycanın turizm sektoruna böyük fayda verə bilər. Bu, əlbəttə, ilk növbədə Səudiyyə vətəndaşlarının Azərbaycana turist səfərlərinin stimullaşdırılması yolu ilə reallaşa bilər. Rəsmi statistikaya əsasən, yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana gələnlərin sayı 79 316 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 407 dəfə artım deməkdir. Bu sayın daha da artırılması üçün ölkədə turizm xidmətlərinin bahalığının qarşısı alınmalı, göstərilən xidmətlərin keyfiyyəti artırılmalıdır. Başqa tərəfdən, Səudiyyə iş adamlarının Azərbaycanın turizm sektoruna yatırımlara stimullaşdırılması da mümkündür.

Maraqlıdır ki, son 2 ildə Səudiyyə Ərəbistanından Azərbaycana birbaşa investisiya yatırımı qeydə alınmayıb. Əvəzində bu ilin birinci yarısında Azərbaycandan bu ölkəyə 1,6 milyon dollar həcmində investisiya qoyuluşu baş verib...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR