İnsanlara hürriyət, millətlərə istiqlal!

Sertifikatsız məşqçini zala kim buraxıb?

939 02.05.2023 18:52 Son xəbər A A

Cəmiyyətin ən müxtəlif təbəqələri baş vermiş hadisəyə biganə qalmayıb 

İdmanın fəlsəfəsi şiddət yox, təmkin, səbr aşılamaqdı, lakin son hadisə göstərdi ki, bəzi məşqçilər bunu bacarmırlar. Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.

Sosial mediada yazılanlardan gəlinən nəticə budur ki, valideynlər idman zallarına nəzarətin gücləndirilməli olduğunu bildirirlər. Göründüyü kimi, övladını idmana yönləndirmək istəyən valideynlər məşqçinin Avropa oyunlarının bürünc mükafatçısı olmasına arxayın ola bilməzlər. Eyni zamanda bəzi idman zallarına valideynlərin girişi qadağan edilir. Bu halda uşaq hansı şəraitdə məşq edir, hər hansı təhlükəli hal yarandıqda müdaxilə edilirmi və s. məqamlarla bağlı suallara cavab tapmaq çətinləşir. Bir sıra məşq zalında kameraların olması valideynləri rahatlaşdırsa da, son hadisədən sonra buna arxayın olmaq çətinləşir. 

Ağdam camaatının haqqına girmək olmaz..." - Aydın Bağırov

Mütəxəssislər lisensiya və sertifikatlaşdırma məsələsinə diqqət çəkirlər.  Əməkdar jurnalist Aydın Bağırov bildirib ki, Sumqayıtda məşq zamanı 7 yaşında uşağın ölməsinə səbəb olan faciəvi hadisə illərdir idman jurnalistlərinin qaldırdığı problemi bir daha gündəmə gətirir: “Belə ki, onlar uşaq idmanında yalnız lisenziyası olan şəxslərin fəaliyyət göstərməli olduğunu vurğulayırlar: “Kimliyindən, qazandığı nəticədən asılı olmayaraq, professional idmanda olduğu kimi, uşaq idmanında da məşqçiliyə yalnız lisenziyası olan şəxslər buraxılmalıdır. Son hadisə isə dövlətin idmana cavabdeh qurumu olan Gənclər və İdman Nazirliyi, idman federasiyaları üçün SOS siqnalı olmalıdır. Ayılın artıq. Özünü reklamla yox, məsuliyyət sahənizə aid işlərlə məşğul olun. Sertifikasiya prosesi aparılsa, yetərincə problem ortaya çıxacaq. O zaman aydın olacaq ki, uşaqdan əvvəl o “müəllimlərin” özünə psixoloji dərs, nizam-intizam öyrətmək lazımdır. Dediklərim əsasən də futbola aiddir”.

Oxu.az-ın əldə etdiyi məlumata görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov və qardaşı iki aydır Avropa Oyunlarının bürünc mükafatçısı, idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqlərində birlikdə məşq edirmişlər.

7 yaşlı Fəridin öldüyü zaldan görüntülər yayıldı — Məşqçi qəddarlıq edib

M.Xəlilovun Fəridə qarşı təhlükəli fənd işlətməsi səbəbilə onun başının bədəninin altında qalması və boynunun qırılması Fəridin qardaşının gözləri önündə olub. Hadisə zamanı isə uşaqların anası onları qapıda gözləyirmiş. Uşaq xəsarət aldıqdan sonra M.Xəlilov ananı çağırıb və uşağının altına sidik qaçırdığını söyləyib. Bu zaman ana yeddi yaşlı uşağın niyə sidik qaçırdığına təəccüblənib və ayaqlarının tutulduğunu görüb. M.Xəlilov uşağın məşq zamanı halsız düşdüyünü bildirib. Ana təcili yardım çağırmaq istəsə də, M.Xəlilov mane olub. M.Xəlilov uşağı öz qucağında piyada evə gətirib. Bu zaman uşaq qusub, sonra ana uşağı çimizdirib və görüb ki, halı yoxdur. Həmin vaxt Mehman da orada olub. Ana taksi çağırıb və uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Ölən uşaq hərbçi olmaq istədiyi üçün anası idmana yazdırıbmış.

F.Bakarovun qohumları bildiriblər ki, uşağın anasının görüntülərdən xəbəri yoxdur:“Təsəvvür edin ki, M.Xəlilov uşağı xəstəxanaya aparana kimi bütün Sumqayıtı taksi sürücüsünə fırladıb. Yəqin, fikirləşib ki, ölsə, bundan olmasın. Normal insan uşaqla elə davrana bilməz. Ana uşağı ilə davranış videosunu görmədiyi üçün “işdir də, olub”, - deyir. Dünən mürdəşir bizə deyir ki, uşaq döyülüb və bədəni qançırdır. Dedik, ola bilməz. Sən demə, vəhşi kimi döyübmüş.

Uşağın əvvəlki videoları var ki, M.Xəlilov normal məşq keçdiyi zaman lentə alıb və anasına atıb. Ona görə ana uşağının ehtiyatsızlıqdan öldüyünü bilir. Həmin gün uşaq məşqə getmək istəmirmiş. Ana onu güclə aparıb. Hadisədən sonra anadan başqa ailənin digər üzvləri görüntüləri izləyiblər və ehtiyatsızlıqdan hadisənin baş verdiyini qəbul etmirlər. Onu bağışlamaq olmaz. Sosial şəbəkələrdə onu müdafiə edirlər ki, erməniyə qalib gəlib, tutulmasın. Biz illərdir ki, dünyaya bəyan edirik ki, ermənilər uşaqlarımızı necə zülmlə öldürüblər. Amma mənim öz millətimdən olan adam uşağımızı ermənidən betər edib. Ailənin iki oğul övladı olub və M.Xəlilovla heç bir qohumluğu yoxdur”.

Elm və Təhsil Nazirliyi Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında baş verən hadisə ilə bağlı açıqlama verib. 

Təhsil Nazirliyinin binası Azərbaycan bayrağına bürünüb |Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyi

Qurumdan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. Məlumatda qeyd edilir ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib: “Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla  bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb.

Məlumat üçün bildirək ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqçisi kimi fəaliyyətinə imkan yaradılıb. 

Elm və Təhsil Nazirliyi olaraq azyaşlı övladımızın vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Nigar HƏSƏNLİ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR