İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar Xocalıdakı görüşə qarşı çıxdı, təxribata başladı - Bakı üçün fürsət...

2937 03.03.2023 09:27 Siyasət A A

Quldur rejimin başçısı Azərbaycanla inteqrasiyanı istisna edir; belə vəziyyətdə Bakı dünyaya təmaslarda maraqlı olduğunu, separatçıların maneə törətdiyini göstərməlidir

Moskva Bakının israrlı təkidlərindən sonra dələduz oliqarx Ruben Vardanyan layihəsinin perspektivi olmadığını başa düşdüyü üçün bu projedən imtina etdi.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rubenin uzaqlaşdırılması erməni əsilli insanlar arasında separatçı rejimə olan inamın azalması baxımından  müsbət hadisədir. Belə ki, hələ də hansısa xülyalarla yaşayan ermənilər onun məhz Bakının təkidi ilə vəzifəsindən azad olunduğunu yaxşı dərk edirlər və bu da onlarda Azərbaycanın Xankəndi üzərində təsir imkanları haqda təsəvvürlərin formalaşmasına səbəb olur. Məlumdur ki, deputat Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi artıq belə bir görüş keçirib. Martın 1-də R.Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Bildirilir ki, görüş zamanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb və bu təmaslar davam etdiriləcək. Ermənistan tərəfin məlumatında deyilir ki, görüşdə humanitar məsələlər və infrastruktur məsələləri, xüsusən insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizindən fasiləsiz hərəkətinin bərpa edilməsi, Qarabağın Ermənistandan elektrik və qaz təchizatının bərpa edilməsi, habelə Kaşen (Qızılbulaq) mədəninin istismarı məsələləri müzakirə olunub. Görüşdə iştirak edən erməni nümayəndə isə Samvel Şahramanyandır. O, qondarma rejimin “təhlükəsizlik şurasının katibi”dir. Daha öncə isə qondarma rejimin “təhlükəsizlik şurası katibinin müavini” vəzifəsində çalışıb. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb. “Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - deyə o bildirib.

Ehtimal olunur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər. Xocalıda Bakı nümayəndələrinin Qarabağ erməniləri ilə görüşündən bir neçə saat sonra separatçıların lideri Araik Arutyunyan dinc nizamlanma perspektivinin üzərindən xətt çəkən bəzi bəyanatlar səsləndirib. Arutyunyan “hökumətin iclası”nda yeni “dövlət naziri” Nersisyanı təqdim edib. Sitat: “Bir daha qeyd etmək istəyirəm ki, çətinliklərə və bizə göstərilən təzyiqə baxmayaraq, biz "artsax" hərəkatının ideyalarına sadiq qalırıq və müstəqillik yolundan geriyə doğru bir addım belə atmırıq. Bütün məsuliyyətimlə demək istəyirəm ki, Azərbaycanla istənilən inteqrasiya prosesi istisnadır. Amma bu, o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli məsələlərin həlli üçün əlaqələrdən yayınacağıq”, - deyə o bildirib.

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, terrorçu-xunta rejiminin üzvlərindən bunu gözləmək olardı: “Bu, separatçıların son çırpıntılarıdır. Araik və onun dəstəsinin şivən qoparmasının ciddi əhəmiyyəti olmayacaq. Onlar uzaqbaşı prosesi ləngidə bilərlər, yəni məsələni kəskin həddə çatdırmaq istəyəcəklər. Amma Azərbaycan yolunu azmışların barəsində tədbir görə bilər. Söhbət separatçı güclərdən gedir, sadə ermənilərlə təmaslar artıq qurulub, görüşlər davam edəcək”. Politoloqun sözlərinə görə, illüziyaya qapılmaq lazım deyil: “Sözsüz ki, separatçılar bizi gül-çiçəklə qarşılamayacaqlar, söhbət əli qana batmış xunta rejiminin nümayəndələrindən gedir. Ona görə bu adamların prosesdən kənarlaşdırılması xəttini götürə bilərik. Biz reinteqrasiya üçün çalışırıq və bölgənin inkişafı istiqamətində işlər görməyə hazır olduğumuzu bildiririk. Azərbaycan təhlükəsizliyə zəmanət verir, regionun sosial-iqtisadi tərəqqisi üçün mövqeyini bəyan edir. Belə olan təqdirdə bir ovuc silahlı terrorçu işimizə mane ola bilməz. Məncə, ağıllı proses gedir və radikal-millətçi erməniləri bu işdən təcrid etməliyik”. Q.Hüseynliin fikrincə, Avropa İttifaqı bu dialoqu dəstəkləyir, Münhen görüşündə Aİ-nin Şurasının prezidenti Şarl Mişel də müsbət rəy verib, hətta Fransa lideri Makron da razılaşıb: “Biz ermənilərin həyatını çətinləşdirən addımlar atmırıq, əksinə, normal həyat təklif edirik. Onsuz da Ermənistandan gələn qaz təchizatı tez-tez kəsilir, Xankəndidə su problemi mövcuddur, amma biz dinc erməni əhalisi üçün saat kimi işləyən bir mexanizm qura bilərik. Üstəlik, bölgəyə sərmayə yatırılması nəticəsində ermənilərin maddi rifah səviyyəsi indikindən qat-qat yaxşı olacaq”.

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Xankəndidəki separatçı rejim Xocalıda keçirilən görüşlə bağlı aqressiv mövqe sərgiləyir: “Özlərini "tərəf" kimi göstərir, “müstəqillikdən” imtina etməyəcəklərini dilə gətirir və görüşdə “inteqrasiya prosesi”nin müzakirə edildiyini israrla təkzib edirlər. Bu mənzərəyə müsbət tərəfdən də baxmaq olar. Çünki Bakı Qərbin (ABŞ) erməni əhalisi ilə təmasların qurulması təklifinə əvvəldən razıdır, lakin prosesin indi - separatçıların erməni əhalisi üzərində təsirinin qaldığı müddətdə başlanması risklər vəd edir. Belə bir vəziyyətdə Bakının təmaslarda maraqlı olduğunu, separatçıların bu təmaslara maneələr törətdiyini, yaxud “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” çərçivəsində irəliləməsinə problemlər yaratdıqlarını göstərmək lazımdır. Xocalıdakı görüş “biz erməni əhalisi ilə təmaslar qururuq” mesajını prosesin indi başlanmasını istəyən beynəlxalq ictimaiyyətə ünvanlamaq baxımından Bakıya sərf edir".

Ekspertin fikrincə, Azərbaycan suverenliyi çərçivəsində “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” istiqamətində ilk addımı atır: “Separatçıların iddiaları göstərməyə imkan verir ki, prosesi pozan və erməni əhalisi ilə təmaslar qurmağa maneələr törədən onlardır. Və növbəti mərhələdə suverenliyimizi təhdid edən, eləcə də erməni əhalisi ilə təmasların yaradılmasına imkan verməyənlərə qarşı praktiki addımların atılması legitimlik qazanır. İstisna deyil ki, separatçılar "tərəf" kimi görünmək üçün təxribatlarla gərginlik yaradacaqlar. Artıq Azərbaycanı “kənd sakinlərinə güllə atmaqda” ittiham edirlər və bununla həm beynəlxalq ictimaiyyətə, həm də erməni əhalisinə “təmasların mümkünsüzlüyünü” göstərməyə çalışırlar".

Fuad Əliyev: Azərbaycan böyük zəfər əldə edib

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev hesab edir ki, separatçılar ayrı, dinc erməni əhalisi ayrı. Partiya sədrinin sözlərinə görə, erməni əhalisi separatçı ideyalarla “zəhərlənib” və qondarma rejimin girovuna çevrilib: “O baxımdan, erməni əhalinin inteqrasiyası mürəkkəb prosesdir, elə də asan iş deyil. Bu məsələyə zaman lazımdır. Biz tezliklə bütün ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyini gözləməli deyilik. Çünki onlara ciddi təsirlər var. Amma bütün hallarda görüşlər başladılıb. Araik çox söz deyə bilər, dünənə qədər də müxtəlif bəyanatlar verirdi, Vardanyan da başından böyük açıqlamalarla çıxış etmişdi, indi haradadır? Deməli, biz işi ağır da olsa davam etdiririk. Azərbaycan uzun bir yola çıxıb, erməni əhalisinin bizimlə birgə yaşaması üçün strategiyası, xəritəsi mövcuddur, əsas da elə budur ki, hədəfləri müəyyən etmişik, Avropa da bu məsələyə müsbət yanaşır. Eləcə də Rusiyadan reinteqrasiya prosesinə mənfi reaksiya görməmişik”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR