İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar üçün qanlı bazar – Laçın yolunda nəzarət postu qaçılmaza çevrilir

1855 05.03.2023 15:57 Yazarlar A A

Azərbaycan dövləti Qarabağdakı separatçı-kriminal ünsürlərə öz sərt üzünü bu səhər bir daha göstərdi. “Polis” geyimində olan 3 silahlı cinayətkar məhv edildi. Bəzi məlumatlara görə, qanunsuz dəstələrə qarşı əməliyyat davam edir. Təəssüf ki, şəhidimiz var.

Olayla bağlı yayılan rəsmi məlumatda deyilir ki, müəyyən müddət imiş Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan - Xələfəli yolundan yan keçərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almaqda imiş. Bu səhər daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar və yoldan keçən erməni avtomobilini saxlamaq istəyərkən onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib.

Yada salaq ki, bundan az öncə silahlı separatçı qalıqların rus hərbçilərinin gözü qarşısında ərazimizdə səngər qazmaq cəhdləri haqda xəbərlər yayılmışdı. Yəni görünən budur ki, anklavda Rusiyanın bəslədiyi kriminal ünsürlər artıq bütün “qırmızı xətləri” keçərək, Azərbaycana açıq şəkildə meydan oxumağa başlayıblar. Hətta rus hərbçilərin bəlkə də köməyi ilə Ermənistanla yeni “alternativ” təminat yolu da tapıblar.

Hələ bunlar 3 aydır Laçın yolundan silah-sursat daşıya bilmirlər, gör yol tam nəzarətsiz olsa, yaxud yenə Rusiya “sülhməramlıları”nın öhdəsinə qalsa, hansı oyunlardan çıxarlar. Bu fakt yoldakı etiraz aksiyasının nə dərəcədə əsaslı olduğunu qabarıq şəkildə ortaya qoyur...

“Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir... Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir” - Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Bu mənada Azərbaycanın “əzələ” nümayişi əslində Rusiya hərbi kontingentinə də ünvanlanıb. Yəni özünü yığışdırmasa, yaxşı aparmasa, davamı daha sərt şəkildə gələ bilər.

Aydındır ki, “ilana zəhər verən” 1 nömrəli “kərtənkələ” Rusiyadır. 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndini çoxdan yerinə yetirməli olduğu halda, qanunsuz hərbi birləşmələrin özlərini cəzasız hiss eləməsi üçün hər cür şərait yaradan, ərazimizdə hətta qanunsuz sərhəd xətti çəkmələrinə, səngər qazımalarına kömək edən Rusiya.

Diqqət edin, Rusiya Müdafiə Nazirliyinin (MN) gündəlik bülletenlərində qanunsuz erməni silahlı dəstələri hələ də legitim hərbi birləşmələr kimi təqdim edilir. Sanki Azərbaycan ərazisində iki ordu varmış. Bundan əlavə, rəsmi Bakının ciddi israrlarına və tənqidlərinə rəğmən, Rusiya MN sanki acığımıza Qarabağdakı Azərbaycan yer adları bu günədək qondarma erməni adları ilə göstərir (“Stepanakert”, “Mardakert”, “Martuni” və s.), həmçinin “Dağlıq Qarabağ” ifadəsini işlədir, mövcud olmayan “Şuşa rayonu”ndan dəm vurur...

Bugünkü insidentin Bakı ilə erməni icması arasında Xocalıdakı dialoqdan bir neçə gün sonra yaşanması da təsadüf sayıla bilməz. Belə bir dialoqda, iki xalqın barışında maraqlı olmayanların çevrəsi bəlli: Rusiya, onun hələ də Qarabağda sülənən “tulası” Ruben Vardanyan, kriminal-oyuncaq rejim. Yəni üst-üstə düşən maraqlar məsələsi.

Ancaq onlar unudurlar ki, Rusiya “sülhməramlı”lar xaric, Qarabağ anklavındakı bütün silahlı ünsürlər və kriminal elementlər hansı uniformanı (polis və ya hərbi forma) geymələrindən asılı olmayaraq, Azərbaycan Ordusunun, komandolarımızın legitim hədəfləridir. Özü də çoxdan. Bu xüsusda heç bir güzəşt yoxdur, olmayacaq. 2 ilı yarımdan sonra isə Rusiya hərbi kontingentinin özünə də güzəşt tanınmayacaq...

Nəhayət, istisna deyil ki, Ermənistandakı Avropa Birliyi missiyasının işə başlaması da separatçıları ürəkləndirib. Ki, bu cür kolliziyalar yaratmaqla, gələcəkdə Qarabağ anklavına əlavə beynəlxalq müşahidə missiyasının yerləşməsinə nail olsunlar və ərazinin Azərbaycanın nəzarətinə qayıtmasını əngəlləsinlər, o sırada erməni icması ilə dialoq imkanlarını çıxılmaza salsınlar.

Ancaq bunlar əbəs cəhdlərdir. Bugünkü dərs, separatçılar üçün qanlı bazar günü göstərdi ki, Azərbaycan dövlətinin belə məkrli planları pozmağa gücü də, siyasi iradəsi də kifayətdir – Qarabağda “sülhməramlılar” olsa da, olmasa da...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR