İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasiya: “Qərb Rusiyanın dağılmasını istəmir” - Bəs SSRİ-nin çöküşü nə idi...

1296 25.08.2023 08:27 Siyasət A A

Politoloq: “Qərb Rusiyanı zəiflədərək elə hala gətirməyə çalışır ki...”

Ukraynada müharibə 19-cu aya keçdi. Bir sıra siyasi müşahidəçilərə görə, müharibənin bunca uzanması Qərbin, özəlliklə ABŞ-nin Ukraynaya öldürücü və daha effektli silahları, o sırada F-16-ları məqsədli şəkildə ləngitməsi ilə bağlıdır. Hətta belə fikir var ki, ABŞ Rusiyanın qələbəsini istəməsə də, əzici məğlubiyyətini də istəmir, çünki Çin amili var və s.  

“Ukraynanın Qərb tərəfdaşlarına izah etmək lazımdır ki, Rusiyanın məğlubiyyəti daha yaxşıdır, nəinki onun qorunub saxlanması”.

Bu sözləri Ukraynanın Avro-Atlantik Əməkdaşlıq İnstitutunun siyasi analitiki Vladimir Qorbaç deyib.

“Diplomatik və siyasi iş aparılmalıdır. Biz arqumentlər tapmalıyıq, göstərməliyik ki, Rusiyanın məğlubiyyətindən sonra vəziyyət yaxşılaşacaq”, - Qorbaç bildirib.

Onun fikrincə, Qərbdə Rusiyanın məğlubiyyətinin nüvə silahı və eskalasiya üzərində nəzarətin itirilməsinə səbəb olacağından qorxurlar. “İzah etmək lazımdır ki, Rusiya Federasiyasının indiki vəziyyətdə saxlanması daha böyük bəladır”, - təhlilçi vurğulayıb.

Maraqlıdır, Qərb Rusiyanın məğlub olmasından niyə qorxsun ki? Ona qalsa SSRİ də böyük nüvə dövləti idi. Amma Sovet İttifaqının süqutundan sonra onun nüvə arsenalına nəzarət təmin olundu. Yəni minlərlə atom bombası da “Qırmızı imperiya”nı qoruya bilmədi.

Hər halda şəkk-şübhə yoxdur ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibədə qalib olsa, daha böyük ərazi iştahasına düşəcək və özəlliklə postsovet ölkələrinə təhlükə artacaq. İndi hansı yaxşıdır?

Ara-sıra belə iddialar da səslənir ki, Ukrayna ilə bağlı ABŞ və Rusiya (Bayden və Putin) arasında gizli anlaşma var. Belədirmi?

Bizi Bakıya qaytarın, kompensasiya verin...” - növbəti həyasızlıq

Oktay Qasımov

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin uzanmasının bir çox səbəbləri var: “Bu səbəblərdən əsası Qərb tərəfindən Ukraynaya vaxtında lazım olan silah-sursat və hərbi texnikanın verilməməsi, verilənlərin isə gecikmələrlə olmasıdır. Görünən odur ki, Qərb Ukraynada Rusiyanı bataqlığa çəkməklə onun tədricən zəifləməsinə nail olmağa çalışır. Belə ki, Rusiyanın birdən-birə dağılması Qərbin planlarına uyğun deyil.

Qərbin, ümumiyyətlə, keçmiş SSRİ və Rusiyaya baxışında hər zaman müəyyən tərəddüdlər olub. Bir tərəfdən keçmiş SSRİ və hal-hazırda Rusiya dünya tərəfindən əks qütbün təmsilçisi kimi qəbul edilib, eyni zamanda ona qarşı mübarizədə ağır zərbələr vurmaq metodundan çəkinilib. Keçmiş SSRİ-nin çöküşünü hazırlamaq üçün Qərb dairələri ozamankı ikiqütblü dünya siyasətində uzun müddət təbliğat informasiya savaşı aparmaqla bərabər, SSRİ-ni Əfqanıstan bataqalığına çəkərək onu tədricən zəiflətdi. Sonra da 1991-ci ildə SSRİ-nin dağılması bu mübarizənin məntiqi nəticəsi oldu. Baxmayaraq ki, hətta o zaman belə, kollektiv Qərb, başda ABŞ olmaqla, SSRİ-nin dağılmasında maraqlı deyildilər.

Biz bunu həmin dövrlər müstəqilliyini elan etmiş respublikaların müstəqilliklərinin tanınması ilə bağlı tərəddüdlərdə gördük. Uzun müddət ABŞ, Baltikyanı ölkələri çıxmaq şərtilə, digərlərinin müstəqilliyini tanımağa tələsmədi, bu proses xeyli zaman sonra həyata keçirildi. O zaman da eyni tərəddüdlər və narahatlıqlar var idi ki, SSRİ dağılarsa 10 minlərlə nüvə başlığı olan bu ərazilərdə yarana biləcək təhlükələrə dünya təhlükəsizlik sisteminə ciddi zərər vura bilər.

Ona görə də 1990-cı illərdə ABŞ və Avropa Rusiyanın maraqlarını təmin etmək üçün bir çox dəstək addımları atdılar. Bir tərəfdən Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə başlıqlarının ləğv edilməsi üçün iş apardılar və bu ölkələrə müəyyən təminatlar verdilər. Digər tərəfdən, Baltikyanı ölkələri çıxmaq şərtilə, keçmiş SSRİ ərazilərini Rusiyanın nüfuz dairəsi kimi tanıdılar. Yəni o zaman da kollektiv Qərb SSRİ-nin dağılmasının qarşısını ala bilmədi. Qərb bu prosesin sürətlə baş verməsində maraqlı deyildi.

O ki qaldı bugünkü Rusiya və onun zəiflədilməsi məsələsinə, əlbəttə, bir tərəfdən ABŞ və kollektiv Qərb hal-hazırda Rusiyaya qarşı Ukraynanı dəstəkləyir və verilən bəyanatlardan belə nəticəyə gəlmək olar ki, onlar Ukraynanın qələbəsində, 1991-ci il sərhədlərinin bərpasında maraqlıdırlar. Amma eyni zamanda Rusiyanın nüvə savaşına əl atmaması üçün maksimum ehtiyatlı addımlar atılır. Savaşın hər mərhələsinə uyğun şəkildə Ukraynaya yardımlar edilir. Yəni ilk dövrlər müdafiə silahları, indi isə müasir hücum silahları və texnikaları verilir. Hazırda son mərhələ üçün uzaqvuran raketlərin verilməsi məsələsi müzakirə mərhələsindədir. O cümlədən Ukrayna pilotlarının F-16 qırıcı təyarələrini idarə etməsi üçün təlimlər başlanıb. Hollandiya və Danimarka kimi ölkələr Ukraynaya bu təyarələrin verilməsi ilə bağlı qərarlar qəbul ediblər".

Politoloq hesab edir ki, kollektiv Qərb savaşı mərhələlərə bölərək uzatmaqla Rusiyanın tədricən zəifləməsinə nail olmağa çalışır. Bununla Rusiya cəmiyyətində və siyasi elitasında məğlubiyyətin qaçılmazlığının qəbul edilməsi prosesini həyata keçirirlər ki, əlavə hansısa nüvə eskalasiyası baş verməsin. Qərb Rusiyanı zəiflədərək elə hala gətirməyə çalışır ki, o, keçmiş SSRİ-də olmuş dövlətlərə təhdid yaratmasın, ətrafındakı ölkələrə iddialar irəli sürməsin, onlara təhlükə yaratmasın. Yəni elə bir Rusiya ki, gələcəkdə Çinlə mübarizədə Qərbə mane olmasın. Ukrayna müharibəsi ilə bağlı Rusiya və ABŞ arasında hansısa gizli anlaşmanın olduğu barədə iddialar isə inandırıcı deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR