İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasion iddia: Rusiya Qarabağdakı separatçılara yüzlərlə dron verib

1077 20.06.2023 12:13 Siyasət A A

Rusiya yüzlərlə pilotsuz uçan aparatını (PUA) Qarabağ separatçılarına təhvil verib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Krım tatar əsilli ukraynalı jurnalist Gülsüm Xəlilova öz Twitter səhifəsində yazıb.

Jurnalist təfərrüatları açıqlamadan bu barədə Ukrayna kəşfiyyatına istinadla bildirib. Lakin PUA-ların nə vaxt, hansı şəraitdə və necə separatçılara ötürüldüyü söylənilmir.

Qeyd edək ki, Gülsüm Xəlilova Kiyevdə yaşayır və əvvəllər ATR telekanalında işləyib. O, hazırda frilanserdir (Sərbəst əməkdaş). Xəlilova habelə Rusiyanın Ukraynaya hərbi təcavüzü xəbərinə görə beynəlxalq axtarışa verilib. O, 2022-ci ilin oktyabrında Rusiyanın tələbi ilə İstanbulda saxlanılsa da, sonra sərbəst buraxılıb.

Bəs fakt nə dərəcədə ciddidir - özü də Rusiyanın özünə yüzlərlə dron lazım olduğu vaxtda? Bu bir informasiya savaşının tərkib hissəsi ola bilərmi? Yəni Rusiya-Azərbaycan münasibətlərini gərginlişdirmək niyyəti güdə bilərdimi? Yox, doğrudursa, separatçılara ötürülən nə dronlardır belə - Rusiya istehsalıdır, yoxsa İran dronları? Azərbaycan tərəfdə onlarla bağlı məlumat varmı? Ümumiyyətlə, separatçı dəstələrin öhdəsində PUA-lar varmı?

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli: “Azərbaycan dövləti lazım olan tədbirləri görməkdədir”

Hərbi ekspert Emin Həsənli hesab edir ki, Azərbaycan tərəfi lazımi addımları atmaqdadır: “Belə məlumatlar Azərbaycan dövləti tərəfindən təhlil olunur. Bilirsiniz ki, dövlətimiz Qarabağa bir neçə istiqamətdən nəzarət edir, həm əlindəki müasir texnologiyalardan, həm də dəqiq kəşfiyyat məlumatları ilə. Həmin bölgə bizim üçün həddindən artıq əhəmiyyətli bölgədir. O bölgədə informasiya məlumatları əldə etmək olduqca önəmlidir. Bu məlumatların hamısı doğru olub-olmamasından asılı olmayaraq, araşdırılır və təhlillər aparılır. Bilirsiniz ki, Rusiya Ukrayna ilə savaşda İrandan xeyli sayda PUA-lar alıb. Savaşda bunlardan istifadə də edib. Bununla bağlı Amerika və İngiltərə öz kəskin etirazını bildirib. Sülhməramlılarla bağlı bir fakt açıqdır. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin 10 noyabrda imzaladığı üçtərəfli sazişin şərtlərinə rus sülhməramlıları əməl etmir. Bu sülhməramlılar şərtləri indiyə qədər dəfələrlə pozub. 10 noyabr bəyanatı ilə erməni separatçıları bölgəni tərk etməli idilər. Amma hələ də on mindən çox silahlı birləşmə oradadır. Onlar rus sülhməramlıların nəzarət etdiyi ərazidə fəaliyyət göstərirlər. Əldə olunan informasiyalardan çıxış edərək deyə bilərik ki, rus sülhməramlıları müxtəlif vaxtlarda həmin qanunsuz silahlı birləşmələrə dəstək də veriblər. Ərzaqla bəzi vaxtlarda təmin ediblər. Zamanında Laçın dəhlizi vasitəsilə onlara silahlar gəlib. Bunların hamısı da rus sülhməramlılarının nəzarət etdiyi ərazidədir. Bu kimi faktlar onu deməyə əsas verir ki, Rusiya keçmişdə ermənilərlə bağlı apardığı siyasəti yenə də davam etdirir. Çar Pyotrun dövründən başlayan erməniləri bəsləmə siyasəti bu gün də davam edir. Amma Azərbaycan dövləti lazım olan tədbirləri görməkdədir. Bundan sonra da lazımi addımlar atılacaq. Necə ki, BMT qətnamələrini Azərbaycan Ordusu icra etdi, eləcə də 10 noyabr bəyanatında yer alan müddəalar ordumuz tərəfindən yerinə yetiriləcək”.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov: “Həmin dronlar Azərbaycan Ordusu üçün ciddi təhlükə yaratmır”

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov heç bir halda Rusiyanın bölgəyə sülh gəlməsini istəmədiyini qeyd etdi: “Açığı, belə bir dəqiq məlumat yoxdur. Amma belə bir məlumatı da yenilik saymıram. Çünki zamanında, hələ ərazilərimiz işğal edilən dövrdə general Lev Roxlin dumanın deputatı kimi çıxışında dedi ki, Rusiya Qarabağa bir milyard dollar dəyərində orada yerləşən Ermənistan silahlı qüvvələrinə, separatçılara təmənnasız yardım edib. Bu şəxs təsəvvür edin ki, Rusiya Dumasında Təhlükəsizlik Komissiyasının sədri olub. İlk dəfə dumada bir milyarddan artıq silahın verilməsini o qaldırıb. O, Bakıya da səfər etmişdi. Buradan qayıtdıqdan 1-2 ay sonra ona qarşı sui-qəsd oldu. Bu faktı da unutmayaq. Bu baxımdan deyirəm ki, yenilik deyil. Bu gün Vardanyanın orada olması çox mətləblərdən xəbər verir. O, ora təsadüfi gəlməyib. Onu ora göndərən ruslardır. Vardanyan birbaşa Rusiyaya xidmət edir. Azərbaycana qarşı çox aqressiv mövqedədir. Bunu çıxışlarında açıq şəkildə göstərir. Laçında dövlət sərhədinə ruslar nəzarət edirdi, eyni zamanda, nəzərə alaq ki, bir neçə dəfə komandirlər dəyişdi. Mümkündür ki, bu müddət ərzində dronlar daşısınlar. Bunlar hansı növ dronlardır, bu barədə bizdə məlumat yoxdur. Amma həmin dronlar Azərbaycan Ordusu üçün ciddi təhlükə yaratmır. Düzdür, ola bilər ki, xeyli sayda itkilərimiz olsun. Amma Azərbaycan qadirdir ki, onları tərk-silah, məhv etsin. Görünən odur ki, Rusiya Azərbaycanla Ermənistan, eləcə də Azərbaycanla separatçılar arasında münasibətlərin düzəlməsinin, müsbətə doğru inkişafının qəti şəkildə əleyhinədir. Bunu biz son günlər açıq şəkildə görürük. Laçın koridorunda dövlət sərhəd xidmətinin sərhəd-buraxılış məntəqəsində törədilmiş həmin insident buna sübutdur. Çünki bu hadisə rus sülhməramlılarının gözü qarşısında baş verib. Yalandan Ermənistan ruslara nota verir. Artıq hər kəs bilir ki, bunlar oyundur, bunun başında Kreml dayanır. Yeni komandanın təyin olunması, onun Bakıdan əliboş qayıtması, yəni sərhəddə nəzarət rus kontingentinə verilmədi. Onlar bu aqressiv münasibətlə dronlar da verə, başqa silahlarla da təmin edə bilərlər. Bütün buna görə bu məsələni ciddi qəbul edirəm, yəni belə bir hal baş verə bilər”.

Ekspert bir vacib məsələyə də aydınlıq gətirdi: “Bilirsiniz ki, Zəngilanda dövlət sərhədində hadisə yaşandı. Müzəffər ordumuz düşmənin hücum etdiyi nöqtəni məhv etdi. Baxmayaraq ki, düşmən tərəf dronlar qaldırdı, bu da onlara kömək olmadı. Bir məsələni deməyi vacib sayıram. Amerikalı nümayəndə günlər öncə çıxış etdi ki, separatçılar Azərbaycan tərəfin tələblərini qəbul etməlidir. Onun ardınca dərhal Zaxarova açıqlama verdi və ona əslində dolayısı ilə cavab verdi. Bütün bunlardan çıxış edərək, separatçıları tərksilah edəcəkləri ilə bağlı ruslara inam bəsləmək əbəsdir. Rusiya Ukraynaya da söz vermişdi ki, ərazi iddiası ilə çıxış etməyəcək. Amma nələr oldu, bu gün ortadadır. Cənubi Qafqazda Rusiya hakimliyini tam şəkildə möhkəmlətmək istəyir. Amma burada onlara mane olan həm də ortada bir Şuşa Bəyannaməsi var. O, bizim qarantiyamızdır. İndi bizim əlimizdə əsas var ki, üçtərəfli bəyanatın 4-cü bəndi yerinə yetirilmir. İctimaiyyətdə də bu söz-söhbətlər get-gedə artır. Artıq antiterror əməliyyatları keçirmək zamanıdır. Onlar mütləq şəkildə tərk-silah olunmalıdır. Bizim komando hərbi birləşmələri, quru qoşunları şəxsi heyəti hətta rus sülhməramlıları olan yerləri belə nəzarət altında saxlayır. Bununla bağlı da yəqin tədbir görüləcək. Əgər Rusiya onları silahlandırırsa, özü də uçuş aparatları ilə, mütləq şəkildə cavablarını alacaqlar. Rusiya hansı gününə separatçıları silahlandırır? Özləri hazırda Ukraynada böyük itkilər verirlər, silah çatışmamazlıqları yaşayırlar. Burada bir ehtimal da var. İranın Rusiyaya verdiyi PUA-lar vasitəsilə də Qarabağdakı separatçılar silahlandırıla bilər. Yəni verilən PUA-lar İran PUA-ları da ola bilər. Burada İranın da niyyəti ola bilər. Bilirsiniz ki, son zamanlar Naxçıvanda da münaqişə oldu. Bu atəşkəslər onu göstərdi ki, vəziyyət durmadan gərginləşir. Azərbaycan mütləq şəkildə antiterror, yaxud da xüsusi bir əməliyyatlar həyata keçirməlidir. Sonuncu nöqtəni qoymalı, rus sülhməramlılarının olduqları ərazilərdə tam şəkildə hakimiyyətimizi qurmalıyıq. İmkan vermək lazım deyil ki, onlar həmin silahlardan ordumuza qarşı istifadə etsinlər. Rusiyanın əlindən gərginliyi artırmaqdan başqa bir iş gəlmir. Bütün qonşuları ilə münasibətləri heç də yaxşı deyil. Burada Belarus sadəcə istisna ola bilər. Keçmiş sovet respublikalarında olan münaqişələrin hamısının başında Rusiya dayanır. Bu birmənalı şəkildə belədir. Artıq Azərbaycan öz qərarını verməlidir. Ordumuz konkret tapşırıq almalı, başqa mövqeləri hissə-hissə ələ keçirməliyik. Necə ki, Fərrux dağı və digər yüksəkliklərdə belə etdik. Həmin silahlar varsa, mütləq şəkildə əməliyyat keçirib ya məhv etməliyik, ya da qənimət kimi götürməliyik”.  

Cavanşir ABBASLI,
“Yeni Müsavat" 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR