ABŞ baş prokurorunun müavini Todd Blanş ötən ay bildirib ki, nazirlik heç kimi - o cümlədən Donald Trampı qorumaq niyyətində deyil. Lakin onun bu açıqlamaları Cefri Epşteyn qalmaqalı ilə bağlı son hadisələrdən sonra ciddi suallar doğurub.
Musavat.com xəbər verir ki, bununla bağlı CNN telekanalı sensasion material yayımlayıb.
Kanalın xəbərinə görə, Konqres üzvləri əvvəllər ictimaiyyətə təqdim edilmiş sənədlərin senzurasız versiyalarını oxumaq imkanı əldə etdikdən sonra çaşqınlıq yaşayıblar. Onlar bildiriblər ki, bəzi şəxslərin adları əsassız şəkildə gizlədilib.
“Biz ört-basdır istəmirdik. Amma gördüklərim göstərdi ki, qurban olmayan insanların adları belə gizlədilib”, - deyə Merilend ştatından demokrat deputat Ceymi Raskin deyib.
Sənədlərin araşdırılması Epşteynin milyarderlər və nüfuzlu şəxslərdən ibarət qlobal şəbəkəsini üzə çıxaran qalmaqal fonunda baş verib.
Konqres üzvləri Ədliyyə Nazirliyini birbaşa ittiham etməsələr də, bu vəziyyət cəmiyyətdə və siyasətçilər arasında etimadsızlığı daha da artırıb. Xüsusilə də bəzi qurbanların adlarının açıq qalması, amma əlaqəli şəxslərin gizlədilməsi ciddi narazılıq doğurub.
“Epşteynlə yazışmalarda adı keçən və cinayətlərdən xəbərdar olan çoxlu şəxslər gördüm. Onların niyə gizlədildiyini izah etmək mümkün deyil”, - deyə Nümayəndələr Palatasında Virciniya ştatını təmsil edən deputat Ceyms Uolkinşou qeyd edib.
Digər deputat Cared Moskovits isə “dünyanın müxtəlif ölkələrində qız alveri ilə məşğul olan çoxsaylı şəriklərin adlarını gördüyünü” deyib.
Ədliyyə Nazirliyi yalnız qurbanların şəxsi məlumatlarını və istintaqa zərər vura biləcək hissələri gizlətməli idi. Lakin bunun səbəbləri ilə bağlı Konqresə hələ də rəsmi izahat verilməyib.
Maksuellin şok təklifi
Epşteynin yaxın tərəfdaşı Qisleyn Maksvell Konqres komitəsində ifadə verməkdən imtina edib və Konstitusiyanın 5-ci düzəlişinə istinad edib.
Lakin onun vəkili sensasion təklif irəli sürüb:
“Əgər prezident Tramp Maksvellə əfv versə, o, hər şeyi açıq danışmağa hazırdır”.
Vəkil bildirib ki, Qisleyn Maksvell Tramp və Bill Klintonun günahsız olduğunu təsdiqləyə bilər. Hər iki keçmiş prezident Epşteynlə bağlı cinayətlərdə ittiham olunmayıb.
Analitiklər bu addımı siyasi alver kimi qiymətləndirir və bildirirlər ki, Maksvellin azadlıq qarşılığında danışması etibarlı görünmür.
Avropada siyasi fırtına
ABŞ-də proses ləngisə də, Avropada Epşteyn qalmaqalı ciddi nəticələr doğurur.
Böyük Britaniyanın baş naziri Kir Starmer keçmiş Epşteyn dostu Piter Mandelsonu səfir təyin etdiyi üçün tənqid atəşinə tutulub. Kral III Çarlz isə qardaşı Endryu ilə bağlı istintaqlara dəstək verəcəyini açıqlayıb.
Norveçdə keçmiş diplomat araşdırılır, Fransada sabiq nazirin reputasiyası zədələnib, Polşada isə Epşteynin rus kəşfiyyatı ilə əlaqələri yoxlanılır.
ABŞ niyə geri qalır?
“Britaniyada hökumət və monarxiya belə hesabat verir. ABŞ-də isə hələ də real cavab yoxdur”, - deyə Konqres üzvü Ro Hanna qəzəblə bildirib.
Ekspertlər bildirir ki, ABŞ-də Ədliyyə Nazirliyi Trampa yaxın şəxslər tərəfindən idarə olunur və bu, istintaqların qarşısını alır. Avropada isə hüquqi mexanizmlər daha müstəqildir.
Qurbanların səsi
Qalmaqalın əsas qurbanları isə ədalətin gecikməsindən narahatdır.
“Biz nə baş verdiyini bilirik. Həqiqətimizlə uyğun olmayan xəbərləri görəndə buna biganə qalmırıq”, - deyə Epşteynin qurbanlarından Liz Steyn CNN-ə danışıb.
Onun sözlərinə görə, güclü şəxslərin cəzasız qalması qurbanların travmasını daha da dərinləşdirir.
Musavat.com






