İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümovun aparat rəhbəri həbsdə qaldı

1229 12.07.2024 14:49 Kriminal A A

Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (şair-publisist Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti təmin edilməyib.

Əjdər Ol 2021-ci ildə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

O, Səlim Müslümov nazir olduğu dövrdə Nazirliyin aparat rəhbəri işləyib. Məhkum yazıçıya qarşı irəli sürülmüş əksər epizodlarda Səlim Müslümovun adı keçirdi. O, 2021-ci ildə eks-nazirdən bir neçə gün sonra həbs edilib. İbtidai istintaqın sonunda onların işi ayrı-ayrılıqda icraata verilib. Əjdər Ol külli miqdarda mənimsəmə və rüşvət alma ittihamı ilə mühakimə edilib. Cinayət işi üzrə dövlətə dəymiş ziyan 500 min manat hesablanıb. Həmin məbləğ istintaq dövründə tam ödənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər Ol 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi cəza müddətini 3 ay azaldıb. Sonuncu qərardan 1 il keçdikdən sonra məhkumun vəkili kassasiya şikayəti versə də, Əjdər Ol özü şikayətini geri götürüb. Bunun da əsas səbəbi Səlim Müslümovun məhkəmə istintaqının davam etməsi idi.

Səlim Müslümov haqda hökm elan edildikdən dərhal sonra həbsdə olan Əjdər Ol yenidən kassasiya şikayəti vermişdi. Məhkum şair şikayət ərizəsində çəkilmiş cəzanı yetərli hesab edərək azadlığa buraxılmasını xahiş edirdi. Səlim Müslümova oxunan hökm Əjdər Olu ümidləndirmişdi. Başqa cür ola da bilməzdi. Əslində Səlim Müslümova oxunan hökmü eşidənlər Əjdər Olun ümidlərinin tezliklə doğrulacağına şübhə etmirdilər.

Xatırladaq ki, Səlim Müslümovun cinayət işi üzrə məhkəmə bu ilin yanvarında yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda prokuror Səlim Müslümovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, mənimsəmədə və rüşvət almaqda təqsirli bilinməklə 13 il həbs cəzası təyin edilməsini, lakin dəymiş ziyanın əksər hissəsinin – 20 milyon manatının ödənilməsi ilə bağlı cəzanın şərti hesab edilməsini tələb etmişdi. Məhkəmə Səlim Müslümovu ittiham edildiyi maddələrlə təqsirli bildi, ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin olundu. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib. Səlim Müslümov dövlət büdcəsindən əhalinin aztəminatlı təbəqəsinə ayrılan vəsait də daxil olmaqla ümumilikdə 27 milyon manatı ələ keçirmişdi. Bu gün də büdcədən oğurlanan 7 milyon manat Səlim Müslümovun “ayağındadır” və o, 7 aydır ki, sərbəst gəzib dolaşır. Belə bir halda Ali Məhkəmənin Əjdər Olla bağlı verdiyi qərar ədalətlə yaxından-uzaqdan əlaqəli görünmür.

27 milyon çəki baxımından da 500 min manatdan ağır deyilmi?

Femidanın bir əlinə 27 milyonu, o birinə də 500 min manatı versək, heç şübhəsiz ki, ağırlıq çəkib ədalət ilahəsinin əlinin üzünü 27 milyon tərəfdə yerə vurmalıdır. Ağırdır axı. Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salıb oğurluq ediblər. Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı çırpışdıra, oğurlaya bilərdi.

Büdcədən xüsusilə külli miqdarda oğurlayanla külli miqdarda oğurlayana Azərbaycan məhkəməsinin münasibəti adekvat və ədalətli deyil. Azərbaycan məhkəməsi 27 milyon manat çırpışdıran nazir Müslümovu azadlığa buraxdığı halda, 500 min manat oğurlayan və həbsindən dərhal sonra o pulu qaytaran aparat rəhbəri niyə həbsdə qalmalıdır? Böyük oğru kimi, balaca oğrunu da azadlığa buraxıb ədaləti bərpa etmək olardı. Ən azı elə oğruların özünə münasibətdə.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR