İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid hakim erməni separatçılarının işində zərərçəkmiş kimi tanındı  

1080 13.03.2024 17:28 Ölkə A A


Birinci Qarabağ döyüşlərində şəhid olan məhkəmə hakimi Məhərrəm Məmmədov hazırda DTX-nın istintaq təcridxanasında saxlanılan, Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində cinayət işinin istintaqında zərərçəkmiş şəxs qismində tanınıb.

WhatsApp Image 2024-03-13 at 17.19.38.jpeg (92 KB)
Adəm Məmmədov

Bu barədə Musavat.com-a şəhidin oğlu, Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, cinayət işi materialları əsasında artıq onlara ittiham elan edilib və cinayət işi hazırda Baş Prokuror Kamran Əliyevin xüsusi nəzarətindədir: “Zərdab Rayon Məhkəməsinin sədri işləmiş, mərhum atam Məmmədov Məhərrəm Fehruz oğlunun 24 avqust 1993-cü il tarixində Füzuli rayonunun I Mahmudlu kəndi yaxınlığında, “Kültəpə” deyilən yerdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan, Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyana ittiham elan edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Vəkil qeyd edib ki, müvafiq istintaq hərəkətləri aparılmış və zəruri materiallar toplanmaqla ermənilərin əməlindəki cinayət tərkibinin (terror, müharibə cinayətləri və qanunsuz silahlı birləşmə) olması faktı öz təsdiqini tapıb.

Qeyd edək ki, Məhərrəm Məmmədov 1987-ci il tarixindən etibarən Zərdab Rayon Xalq Məhkəməsinin sədri vəzifəsində çalışıb. Onun Zərdab rayon polis şöbəsinin rəis müavini, milli qəhrəman Şahlar Şükürovun cənazəsinin ermənilərdən alınmasında müstəsna rolu olub.

1993-cü ilin avqust ayında Cəbrayıl rayonunun bir çox yaşayış məntəqələrinin işğal olunması təhlükəsi yarandığı üçün həmin vaxt Məhərrəm Məmmədov Cəbrayıl rayonunda ziyalıları ilə bir araya gətirərək, rayonun müdafiəsini təşkil etməyə və işğalın qarşısını almağa çalışıb.

Bütün səylərə baxmayaraq, rayonun mərkəzi və bir çox kəndləri işğala məruz qaldığı üçün qadınların, uşaqların və qocaların döyüş bölgəsindən təhlükəsiz zonaya daşınması məqsədilə avtomobillər təşkil edib. Bir çox insanların həyatını xilas etməyə çalışan şəhid hakim Məhərrəm Məmmədov öz həyatını xilas edə bilməyib.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR