İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə terror hücumunun istintaqı bitir - Bakını qane edəcək hökm

1321 30.09.2023 11:30 Siyasət A A

Çingiz Qənizadə: “Məhkəmə İran siyasi hakimiyyətinin tapşırığına uyğun qərar qəbul edəcək”

Azərbaycan-İran münasibətlərində “nisbi sakitlik” dövrüdür. İkitərəfli münasibətlərin tam həcmdə normallaşması isə ötən il yanvarın 26-da Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə bağlı məhkəmənin necə bitəcəyi ilə birbaşa bağlıdır. Rəsmi Bakının bu xüsusda dəfələrlə səsləndirdiyi haqlı tələb və şərti yerində qalır: terrorçu Yasin Hüseynzadə və terrorun təşkilatçısı layiqli cəzasını almalı, diplomatik nümayəndəliyimizin təhlükəsizliyinə ən yüksək səviyyədə zəmanət verilməlidir.

Bu arada bəlli olub ki, Tehran prokuroru ittihamnamədə Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib. Bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib. Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib. “Ən ağır cəza”, yəni nə? Azərbaycanı hansı cəza qane edəcək? İran qətlə yetirilən səfirlik əməkdaşına təzminat ödəyəcəkmi?  

Digər tərəfdən, rəsmi Tehran bu qədər aşkar dəlil-sübut ortada ola-ola, 8 aydır istintaqı niyə yekunlaşdıra bilmir? Bu qədər müddət kifayət deyilmi? Əlavə edək ki, az öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrandan müsbət siqnallar aldığını demişdi.

Bəzi ekspertlər hesab edir ki, edam hökmünün verilməsi ehtimalı çoxdur. İranda terror və narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olanlara qarşı bir qayda olaraq edam hökmü çıxarılır. Bu mənada səfirliyimizə hücum edən şəxsə münasibətdə də edam hökmünün çıxarılacağı ehtimalı böyükdür. Bununla belə ekspertlər onu da bildirirlər ki, həmin şəxsi edam etməklə Azərbaycanın qaldırdığı sualların bir çoxu cavabsız qalacaq. İran sadəcə olaraq, Azərbaycan tərəfinə cinayət işinin gedişilə bağlı özlərinin məsləhət bildikləri məlumatları verməklə kifayətlənib. Bundan başqa, həmin cinayət işi terror hücumu kimi qiymətləndirilmir. Tehran hakimiyyəti bu hadisəni məişət zəminində baş vermiş cinayət kimi qələmə verir. Ona görə də Azərbaycan cəmiyyəti üçün məsələ şübhəli olaraq qalır. Edam hökmü verilərsə, bu şübhələrin, bir çox sualların cavabını həmin şəxs özü ilə aparmaqla məhv edəcək.

Çingiz Qənizadə həmkarlarını sərt tənqid etdi - 15.11.2018, Sputnik  Azərbaycan

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İran-Azərbaycan münasibətlərində, doğrudan da, nisbi sakitlikdir: “Amma bu nə qədər davam edəcək, bunu zaman göstərəcək. Çünki İran tərəfi heç vaxt Azərbaycana qarşı səmimi davranış nümayiş etdirməyib. Həmişə Azərbaycanın uğurlarını, müstəqilliyini, inkişafını qəbul edə bilməyiblər. O baxımdan, 30 il işğalçı orduya, işğalçı dövlətə dəstək veriblər. Separatçı rejimlə əlbir olaraq işğal olunmuş ərazilərimizin talan olunmasında bu və ya digər formada iştirak ediblər. Təbii ki, İranın Azərbaycana bu cür düşmən mövqeyi Azərbaycanın İrandakı səfirliyinə xain hücumu və bu hücumun açıq-aşkar müəyyən strukturların gözü qarşısında onların bilavasitə müşayiətilə edildiyinin şahidi olduq. Çünki onların güc strukturları, polis və digər əməkdaşları uzaqdan, kənardan baxaraq sanki terrorçuya şərait yaradırdılar ki, istənilən nəticəni əldə etsin. Nəticə isə səfirlik əməkdaşlarının güllələnməsi, öldürülməsi, yaxud da binanın yandırılması idi. Amma şükür ki, qəhrəman səfir əməkdaşlarımızın səyi nəticəsində onların bu çirkin niyyətləri reallaşa bilmədi. Səkkiz aydır ki, istintaq gedir. Əslində açılmayan cinayətlər olduqda istintaqın uzanması başa düşüləndir. Amma burada cinayətkar elə həmin dəqiqə həbs edildi. İstintaqın bu qədər aparılması doru deyil. Cinayətkar, terrorçu  hazırda həbsdədir. Onun hərəkəti terror aktı idi. Amma bundan sonra da İranın Azərbaycana qarşı münasibəti dəyişmədi. Bəyanatlar, ultimatumlar, sərhədlərimizə qoşun yeridilməsi, Ermənistanın mövqeyini ermənidən daha kəskin formada verilən xəbərdarlıqlar xüsusi qeyd edilməlidir. Amma sonda geri çəkilməli oldular. Biz bunu görürdük ki, onlar sadəcə hədə-qorxu gəlməklə bunu edirdilər. Prezidentin, bu il sentyabrın 20-də Qarabağdakı lokal antiterror tədbirlərinin bitən kimi, atəşkəs elan olunan kimi müraciətində qeyd olunduğu kimi, heç kim bizimlə hədə-qorxu dili ilə danışa bilməz. Bu həm də İrana, Fransaya bir mesaj idi”.

Hüquq müdafiəçisi onu da əlavə etdi ki, istintaq dövründə də Azərbaycan hüquq-mühafizə orqanlarına kifayət qədər məlumat vermədilər: “Amma nə edək, iş məhkəməyə göndərilib və bizə İran Ədliyyə Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanata  görə İran Prokurorluğu Yasin Hüseynzadəyə ən ağır cəzanın verilməsini tələb edib. İran qanunvericiliyini bilmirəm, hansı cəzalar tətbiq edilir. Amma İranda qanunların daha sərt olduğunu bilirik. Bir çox hallarda heç bir ciddi əsas olmadan edam hökmü çıxarılır. Amma belə bir terrorçuya hansı cəzanı çıxaracaqlar, onu zaman göstərəcək. Hesab edirəm ki, bu addım iki dövlət arasında düşmənçiliyin yaranması, diplomatik xidmətlərlə bağlı beynəlxalq konvensiyanın tələblərinin pozulması və iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxaran hərəkətlərə görə ən ağır cəza dedikdə onlar nəyi nəzərdə tuturlar?! Hər hala biz həmişə onların verdikləri sözün  arxasında durmadıqlarının şahidi olmuşuq. Görək, bu məsələdə nə baş verəcək. Onu da unutmaq olmaz ki, Yasin Hüseynzadə həbs edildikdən dərhal sonra onu psixiatrik xəstəxanaya yerləşdirdilər, guya o, xəstədir. Məhkəmənin nə qərar verəcəyini öncədən deyə bilmərəm, amma bildiyim odur ki, məhkəmə İran siyasi hakimiyyətinin tapşırığına uyğun qərar qəbul edəcək. Qaldı ki, kompensasiya məsələsinə, bu, İranın səmimiyyətindən asılıdır. Orada həlak olan, yaralanan qəhrəmanlarımız - səfirliyin əməkdaşları var. Onlara hansısa formada İran dövlətinin həm hüquqi, həm də mənəvi borcudur. Hesab edirəm ki, onlar bu addımı atmaqla Azərbaycan münasibətlərinin nisbi sakitlikdən daha da yaxına keçməsinə şərait yarada bilərlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR