İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfiri Şuşada olan Almaniya Azərbaycan əleyhinə “2-ci Fransa”ya çevrilir? - rəylər

2668 07.03.2023 09:40 Siyasət A A

Almaniyanın Bakıdakı səfirliyi susur; beynəlxalq hüquqa və Azərbaycanın suveren haqlarına zidd mövqe ilə bağlı üzrxahlıq gələcəkmi?"

Ermənistanın baş naziri Nikol Paşinyanın təzəcə başa çatan Almaniya səfəri Azərbaycanla bağlı bir sıra xoşagəlməz məqamlarla yadda qaldı. Söhbət kansler Olef Şoltsun martın 2-də Berlində Paşinyanla birgə keçirdiyi mətbuat konfransında “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağda humanitar böhran”, “Qarabağ vətəndaşları”, “Öz müqəddəratını təyinetmə” kimi tamamən Azərbaycan əleyhinə olan ifadələr işlətməsindən gedir.

Kansler hətta bir az da uzağa gedərək, ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsiplərinin eyni qüvvədə olduğunu söyləyib. Doğrudur, Azərbaycan diplomatiyasının səyləri nəticəsində az sonra Almaniya hökumətinin saytından bu kimi təxribatçı ifadələr çıxarıldı. Belə ki, Almaniya hökumətinin saytında Almaniya kansleri Olaf Şoltsun “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı bəyanatının heç bir hissəsinin yer almaması erməniləri havalandırdı. Ermənistan mediasında qeyd olunub ki, Almaniya kansleri “Paşinyanın öz ölkəsində başlatdığı hərtərəfli islahatlar” prosesinə verdiyi yüksək qiymətdən bəhs edilib. “Digər müzakirə mövzusu Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi olub. Şolts bunun Ermənistana və bütün Cənubi Qafqaz regionuna əhəmiyyətli təsir göstərdiyini xatırladıb. Bütün bunların fonunda Ermənistan və Azərbaycanın münaqişəni mərhələ-mərhələ həll etməsi daha vacibdir. Xüsusən Dağlıq Qarabağdakı kritik humanitar vəziyyət qəbuledilməzdir və "yerdəkilərin xeyrinə tez bir zamanda həyati həll yoluna gətirilməlidir", Şolts bildirib. Kansler Ermənistan və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında münaqişənin sülh yolu ilə həllinə nail ola biləcəyi barədə mövqeyini bildirib. “Buna görə də Almaniya Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyir və alman heyətini Avropa İttifaqının Ermənistandakı missiyasına göndərir”, - Almaniya hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.

Erməni mediası xatırladıb ki, bir müddət əvvəl “Olaf Şolts Almaniyanın Ermənistanla Azərbaycan sərhədində qeyri-sabit humanitar vəziyyətdən və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahat olduğunu” bildirib. “O qeyd edib ki, Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir”  - erməni mediası ardınca iddia edib. Erməni tərəf iddia edib ki, alman kansler deyib: “Status-kvo davam edə bilməz və xalqın xeyrinə uzunmüddətli həll yolu tapılmalıdır. Bu baxımdan, Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Bununla belə, bütün bu prinsiplər ekvivalentdir. Almaniya Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərini dəstəkləyir”.

Almaniya kanslerinin Azərbaycanın sərt reaksiyasına səbəb ola biləcək və beynəlxalq hüquqa zidd mövqeyinin sonradan rəsmi məlumatda əksini tapmaması Ermənistanda etiraz doğurub. Qeyd edək ki, hətta Qarabağdakı separatçı rejim ötən gün dərhal kanslerin fikirlərini tirajlayıb, məmnunluqlarını ifadə etmişdilər. Lakin sonda yenə də xəyalları suya düşdü...

Ancaq fakt faktlığında qalır ki, cənab Şolts Qarabağla bağlı bütünlüklə erməni ağzı ilə danışıb. Bu, bir təsadüfmü? Kanslerin gerçəkdənmi bölgədəki durumdan, 44 günlük müharibənin nəticələri və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsindən xəbəri yox? Bəlkə bu bir səriştəsizlik? Hansı öz müqəddəratını təyinetmə haqqından söhbət gedir, əgər konfliktin kökündə, sadəcə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası və bu iddiadan doğan işğalçı siyasəti durursa?

Məsələ ondadır ki, Almaniyada Fransa kimi erməni lobbisi güclü deyil. Əksinə, türk lobbisi yetərincə nüfuz sahibidir. O zaman necə olur alman kansler belə ciddi səhvlərə yol verir? Yada salaq ki, 2023-cü ilin mayında Almaniyanın Bakıdakı səfiri Volfqanq Maninq Şuşaya səfər edib. Fransa, ABŞ səfirləri isə hələ də bunu etməyiblər. O zaman nə baş verir? Avropa Birliyinin iki ən qüdrətli dövlətindən biri olan Almaniyanı Azərbaycan əleyhinə ikinci Fransaya çevirməyə çalışan kimlərdir? Almaniya hökumət başçısının eyni yanlışı təkrarlaması mümkünmü? Bu yerdə onu da vurğulayaq ki, İkinci Qarabağ müharibəsinədək rəsmi Berlin Azərbaycana, Qarabağa münasibətdə kifayət qədər ədalətli mövqe sərgiləyib.

Qeyd edək ki, N.Paşinyan ənənəsinə sadiq qalaraq Almaniyada da “sülh qaranquşu” statusunda görünüb. Eyni zamanda o, ölkəsinə qayıtdıqdan sonra parlamentdə çıxış edərək “mən sülh gündəliyinə sadiq olduğumuzu təsdiqləyirəm”- deyib. Bütün bu sülh nağıllarının ardınca Ermənistanın Qarabağdakı qanunsuz silahlı qüvvələrinin təxribatları nəticəsində növbəti dəfə silahlı toqquşma baş verdi, qan töküldü. Almaniya kimi ciddi dövlətin rəhbərinin separatçılığı tətiklədiyini də söyləmək olar. Konkretləşdirsək, elə sonuncu təxribatda alman kanslerin də müəyyən qədər rolu var. Onu da qeyd edək ki, kanslerin sözügedən açıqlaması erməni separatçıları kifayət qədər məmnun etmişdi və onlar hətta media vasitəsilə təşəkkürlərini də ifadə etmişdilər. Həmçinin baş separatçı Araik Arutyunyan onların separatçılığına dəstək verən kansler haqda xoş sözlər demişdi. Qəribədir, 5 martda baş verən erməni təxribatına Almaniya kansleri hələ ki reaksiya verməyib.  

Bəzi müşahidəçilərə görə, Almaniyanın regiona baxışında dəyişikliklər hiss olunmaqdadır və bu dəyişikliklər Azərbaycanın xeyrinə olmaya bilər, xüsusən də alman polislərinin Avropa Birliyinin mülki missiyası tərkibində Ermənistanda peyda olmasından sonra. Belə bir təhlükə varmı və buna qarşı hansı ön tədbirləri almalıyıq?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Deputat: “Almaniyanın Makronun təkidi ilə bizim regiondakı proseslərə yanaşmada az qala fransasayağı davranışı qətiyyən anlaşılan deyil və bizim regionda heç də sülhə xidmət etmir”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Almaniya İkinci Qarabağ savaşına qədər Azərbaycanın işğal altındakı torpaqlarına yanaşmada Avropa dövlətlərinin çoxundan daha ədalətli mövqe sərgiləyirdi: “Almaniya Bundestaqı dəfələrlə Qarabağdakı separatçı rejimin seçki adı altında etdiyi oyunbazlıqları da, torpaqlarımızın işğal altında saxlanmasını da pisləyib və onun nəticələrini tanımadığını bildirib. İndi Almaniyanın Makronun təkidi ilə bizim regiondakı proseslərə yanaşmada az qala fransasayağı davranışı qətiyyən anlaşılan deyil və bizim regionda heç də sülhə xidmət etmir. Almaniya kansleri Qarabağla bağlı heç də dost dövlətə xas olan mövqe sərgiləmək yerinə, Paşinyandan soruşmalıydı ki, ötən il Rusiyaya ixracı 2,5 dəfə nəyin hesabına artırıblar? Ötən il Ermənistan Almaniyadan idxalı da birdən-birə 3 dəfəyə yaxın artırıb. Və belə görünür ki, Ermənistan almanların istehsal etdiklərini öz adına alıb, böyük bir hissəsinin üzərinə də faizini qoyub Rusiyaya satır. O Rusiyaya ki, Ukraynadakı savaşa görə sanksiya tətbiq etdiyindən Almaniya mallarının ora satışı qadağandır. Amma fakt ortada ola-ola, göründüyü kimi, Ermənistanın bu dələduzluğuna göz yumulur”.

S.Alıyev əminliklə bildirdi ki, Azərbaycana qarşı hərəkətlərin heç birinə göz yummayacağıq: “Ümid edirəm ki, Qafqazda Böyük Britaniyanın təsirinin artmasından elə də xoşlanmayan Almaniyada da bunun yaxşı fərqindədirlər. Onun da fərqindədirlər ki, kimin hansı mövqe sərgiləməsindən asılı olmayaraq Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin edəcək!”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da Almaniya rəhbərliyinin davranışlarına etirazını bildirdi. Öncə Paşinyanın davranışlarına diqqət çəkdi: “Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniya səfəri hələ də müzakirə olunur və düşünürəm ki, hələ uzun müddət müzakirə olunacaq. Çünki kifayət qədər təzadlı çıxışla yanaşı, həm də atdığı addımdan geriçəkilmə baş verdi. Bununla yanaşı, hələ də Merkelin yerini doldura bilməyən kansler Olef Şoltsun martın 2-də Berlində Paşinyanla birgə keçirdiyi mətbuat konfransında "Dağlıq Qarabağ", “Dağlıq Qarabağda humanitar böhran”, “Qarabağ vətəndaşları”, “öz müqəddəratını təyinetmə” kimi tamamən Azərbaycan əleyhinə olan ifadələr işlətməsi Ermənistanda böyük hərarətlə qarşılandı".

İ.Hüseynov bildirdi ki, bu gün Ukraynada gedən müharibədə bütün dünya ərazi bütövlüyü prinsipindən çıxış etdiyi dövrdə Almaniya kansleri ermənilərə görə bütün dünyaya qarşı getmiş oldu: “Bakıdakı Almaniya səfirliyi bizi oxuyursa, onların diqqətinə çatdırmaq istəyirik ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyü ilə eyni qüvvədə deyil və suverenliyə, sərhədlərin toxunulmazlığa qarşı yönəlməməlidir. Almaniya hökumətinin saytından bu kimi təxribatçı ifadələrin çıxarılması isə təqdir olunmalıdır. Lakin erməni lobbisi baş verən hadisəni sağ-sola yozacaq və əlində bayraq edəcək”.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

 İlyas Hüseynov

Politoloq: “Almaniya hökuməti öz səfirinin səfərinə və beynəlxalq hüquqa hörmətlə yanaşsın və bizim üçün Fransa olmağa çalışmasın”

Politoloq Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin işğaldan azad olunmuş Şuşa şəhərində səfərdə olduğunu bir daha xatırlatdı: “Almaniya hökuməti öz səfirinin səfərinə və beynəlxalq hüquqa hörmətlə yanaşsın və bizim üçün Fransa olmağa çalışmasın”.

Qeyd edək ki, hələlik Almaniyanın Azərbaycandakı səfiri kanslerin əcaib mövqeyi ilə bağlı hər hansı açıqlama verməyib, amma izahat qaçılmazdır...

Beynəlxalq hüquqa meydan oxuyan fikirləri, separatçılığa dəstək mövqeyini hökumətin saytından çıxarmaqla deyil ki. Fakt faktlığında qalır. Hələ ki Almaniyanın Bakıdakı səfirliyi susur, susmaq çıxış yolu deyil. Kanslerin beynəlxalq hüquqa və Azərbaycanın suveren haqlarına zidd mövqeyi ilə bağlı üzrxahlı gələcəkmi? Gözləyirik...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR