İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahruddinin qayıtması

1845 19.07.2024 09:30 Yazarlar A A

 

Yazının başlığını “Şahruddinin qayıtması” qoyaraq, ilk cümləni yazmaq istəyəndə ağlıma gəldi ki, yaddaşımda nəsə buna bənzər bir hekayə adı olmalıdır.

Maşallah, namxuda, yaddaşım yaxşıymış, dərhal xatırladım. 44 il öncə nasir Vaqif Nəsibin “Omaroğlunun qayıtması” adlı bir hekayəsini oxumuşam. Şedevr hekayə idi.

Əslində “Qarabağ”ən keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyevin yenidən öz köhnə komandasına qayıtması ilə Vaqif Nəsibin qəhrəmanı Omaroğlunun 20+ il türmədə yatandan sonra kəndinə qayıtmasının arasında heç bir paralel aparmaq mümkün deyil. Tamam başqa söhbətlərdir.

Hekayədəki qayıdışla futbol təsərrüfatındakı qayıdışın arasında yalnız bir üst-üstə düşən məqam var: vəfa məsələsi. Omaroğlu ona qarşı vəfasızlıq edənlərin, əleyhinə ifadə verib onu tutduranların yanına başıdik qayıdırsa, Qurban Qurbanov da öz sabiq oyunçusunu yenidən komandaya qəbul etməklə vəfadarlıq edir.

Yoxsa, İtaliyada, İspaniyada, Türkiyədə olsaydı, Şahruddini dəfələrlə “becərdiyi” komandaya geri qaytarmazdılar, deyərdilər, biz ötən ildən yollarımızı ayırmışıq, getsin, özünə yeni klub tapsın. Oralarda elədir: gözdən düşmüş oyunçuya təzədən forma, maaş vermək söhbəti yoxdur.

Qurban hoca isə elə düşünmür, adamı işsiz-gücsüz ortada buraxmaq istəmir.

Əslində Şahruddin pis qapıçı deyil, oyun boyunca çox həlledici qurtarışları, dəbdə olan ifadə ilə desək, seyvləri olur, amma hərdən elə səhvlərə yol verir ki, ondan öncəki seyvləri məhv eləyir.

3-4 ay öncə tam təsadüfən Jokerbet internet portalında “Adana Dəmirspor”la “Qaziantep” klubunun oyununa baxırdım, milli qapıçımız Adana klubunun qapısını əla qoruyurdu. Birinci hissədə o, azı yeddi dəfə komandasını yüz faizlik qollardan xilas etdi. Amma elə oldu ki, başım qarışdı, bir də həmin oyunun son 1-2 dəqiqəsinə baxası oldum, gördüm ki, hesab 1:6 olmaqla Şahruddinin ziyanınadır. Heç demə, qazianteplilər adanalılara vurduqca vurublar. Həm də Şahruddin həmin oyunda artıq 38-ci qolunu buraxıb. 24 oyunda 38 qol - pis nəticə sayılmaz. Hər oyuna 2 qoldan götürsək, 48-ə qədər yeri vardı.

İndi buna görə onu qınamaq olarmı? 1-ci hissəsini izlədiyim oyundakı performansına görə Şahruddini qınamaq olmazdı. Çünki rəqiblər onun qapısını əməllicə atəşə tutmuşdular, toplar qapıya bazuka mərmisi kimi gedirdi, Şahruddin də pişik kimi şığıyıb çıxarırdı. O, o cür oynamasa, bəlkə də hesab 15:1 olacaqdı.

Yəni Şahruddin olmur, Noyer olsun, Kurtua olsun, nə edə bilər? Nə vaxta qədər qapıçı pişik kimi ora-bura tullanmalıdır. Müdafiə xətti zəif olandan sonra heç bir qapıçı sona qədər qol qurtara-qurtara gedə bilməz. Ona qalsa, bir həftə əvvəl başa çatmış Avropa Çempionatının ən yaxşı qapıçısı gürcü Mamardaşvili idi, amma müdafiənin zəifliyindən qapısını doldurdular, getdi.

Fəqət yuxarıda dediyimiz kimi, Şahruddinin eksklüziv səhvləri olur və bunlar komandaya baha başa gəlir. Bəlkə də o, “Mançester siti”də oynasa, səhvləri belə gözə görünməz. Amma orta səviyyəli komandalar üçün o cür uşaq səhvləri məşum olur, qanımızı qaraldır.

Ona görə də dünən Azərbaycan mediasında və sosial şəbəkələrdə Şahruddinin yuvaya dönməsi ilə bağlı həyəcanlı xəbərlər və şərhlər vardı. Qara günlərini qablamış azarkeşlər yazırdılar ki, qardaş “Qarabağ”ı qoyub getdiyi yerə qaytarmaq üçün qayıdıb. Onunla bağlı hərə bir nəhs proqnoz verir, dilinə yaxşı söz gələn yoxdur.

Onlar haqlıdırlarmı? Xeyli dərəcədə. Xatırlayıram ki, Şahruddinin “Qarabağ”dan göndərilməsi elə bu cür azarkeş basqısının nəticəsində olmuşdu. Elə “Qarabağ”ın “Bayer”lə başabaş oynayacaq dərəcədə irəli getməsi də bu sayədə baş vermişdi.

Yenə ümid onadır ki, Qurban Qurbanov Şahruddini lazım bildiyi oyunlarda, əsasən ölkə çempionatında oynadacaq, Avropa komandaları ilə görüşə buraxmayacaq. Yox, o, belə bir riskə getsə, onda çox çəkmədən bəhrəsini görəcək.

P.S. Şahruddinin şəkillərdən baxışını yozan azarkeşlərdən biri yazıb ki, bu gəlib bizə dra-dra dedirdəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR