İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova sülh sazişindən danışdı: “Azərbaycan dövləti çalışır ki...”

340 02.10.2023 16:32 Siyasət A A

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının 2 oktyabr 2023-cü il tarixli plenar iclasında çıxış edib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Spiker deyib ki, sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilib:

“Nəticədə Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub.

Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub. Mən xalqımıza yeni böyük qələbə sevincini yaşadan Prezidentimiz və müzəffər sərkərdəmiz İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildirirəm.

S.Qafarova təəssüflə deyib ki, müharibə itkisiz olmur: “Xahiş edirəm, antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Biz qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə də şəfa diləyirik”.

Spiker əminliklə bildirib ki, Qarabağda həyatın normal axarına qayıtması, erməni milliyyətli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlər də uğurla başa çatacaq: “Buna da inanıram ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi indi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar ediləcəyi gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində söylədiyi bu sözlər, düşünürəm ki, hər bir azərbaycanlının fikrini ifadə edir:

“Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.

... Bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!””

Parlamentin sədri ardınca təəssüflə qeyd edib ki, ötən dövrdə Milli Məclisin həyatında kədərli hadisələr də baş verib: “İyulun 14-də parlamentin ən təcrübəli deputatlarından biri olan Madər Musayev dünyasını dəyişib. Madər müəllimin altı çağırış Milli Məclisin deputatı seçilməsi xalqın ona bəslədiyi hörmət və inamın bariz ifadəsi idi. 28 ilə yaxın dövrdə o, seçicilərini parlamentdə layiqincə təmsil etmişdi. Madər Musayev özünün vətəndaşlıq mövqeyi və fəaliyyəti ilə cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına töhfə verirdi. O, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.

Hörmətli həmkarlar!

Sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva haqq dünyasına qovuşub. Qənirə xanım parlaq və mənalı bir ömür yolu keçmiş, bütün bilik və bacarığını, istedad və qabiliyyətini xalqına və dövlətinə həsr edib. Qənirə Paşayeva 2005-ci ildən bəri ardıcıl dörd çağırış Milli Məclisin deputatı seçilmişdi. Milli Məclisin qanunvericilik və qanunyaratma fəaliyyətində, beynəlxalq əlaqələrində yaxından iştirak etməklə yanaşı, Qənirə xanım seçicilərinin qayğılarına həssas münasibəti ilə böyük hörmət və nüfuz qazanmışdı.

Mərhum həmkarlarımız Madər müəllim və Qənirə xanım haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətləri və mədəniyyəti, alicənablığı və xeyirxahlığı ilə seçilən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır. Onlar bizim yaddaşımızda belə də qalacaqlar”.

Daha sonra sədrin təklifi ilə Madər Musayevin və Qənirə Paşayevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər ikisinə rəhmət dilənib.

S.Qafarova bildirib ki, ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə ətraflı məlumat verib: “Sadəcə xatırladım ki, iki sessiyada 23 iclas keçirilmiş, 195 qanun və qərar qəbul edilib. Ölkə həyatının mühüm məsələlərinə münasibət bildirilib.

Milli Məclis dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirləri görüb.

Parlamentin beynəlxalq fəaliyyəti sessiyalardan sonrakı dövrdə də uğurla davam edib.

Bu ərəfədə Milli Məclisin 34 deputatı 23 ölkəyə 41 səfər həyata keçirmiş, üzv olduğumuz beynəlxalq təşkilatların toplantılarında iştirak və çıxış ediblər. Millət vəkillərimiz Özbəkistanda keçirilən Prezident seçkilərini və Kambocada keçirilən parlament seçkilərini müşahidə ediblər”.

Sədr qeyd edib ki, 15 ölkənin və 2 beynəlxalq təşkilatın 20 nümayəndə heyəti, o cümlədən 2 ölkənin parlament sədri, ümumən 193 nəfər xarici qonaq Milli Məclisdə olub: “Milli Məclis Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına ev sahibliyi edib. Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Ötən dövrdə Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri Bolqarıstanda rəsmi səfərdə, Macarıstan, Kuba və İrlandiyada işgüzar səfərlərdə olub.

Sentyabrın 11-13-də Bolqarıstana rəsmi səfər çərçivəsində ölkə Prezidenti Rumen Radev, Milli Assambleyanın sədri Rosen Jelyazkov, Baş nazir Nikolai Denkov ilə görüşlər keçirildi. Görüşlərdə 44 günlük Vətən müharibəsində qələbədən sonra bölgədə yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın göstərdiyi səylər, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilən siyasi-hərbi təxribatlar haqqında həmsöhbətlərimizə məlumat verildi. Parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.

Nümayəndə heyətimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdi, eləcə də Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət etdi. Sentyabrın 14-də Macarıstana işgüzar səfərdə məqsəd 5-ci Budapeşt Demoqrafik Sammitində iştirak etmək idi. “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışım zamanı ölkəmizdə ailə dəyərlərinə hörmət, dövlətimizin ailə siyasəti barədə danışdım. Ermənistanın işğalçılıq siyasətinin ailə institutuna destruktiv təsirləri haqqında geniş məlumat verdim.

Səfər gedişində Macarıstan Prezidenti Katalin Novak ilə keçirilən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə etdim. Ölkələrimizin əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu qeyd edildi. Parlamentlərimizin bir çox beynəlxalq parlament təşkilatlarında uğurlu iş birliyindən danışıldı.

Hörmətli həmkarlar!

Sentyabrın 15-də Kuba Respublikasına işgüzar səfərim oldu. Bildiyiniz kimi, həmin gün ölkənin paytaxtı Havana şəhərində G77+Çin Qrupunun Zirvə görüşü keçirilirdi. Sammit çərçivəsində “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda keçirilən müzakirələrdə çıxış etdim. Ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd etdim. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycanın region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biri olduğunu iştirakçıların nəzərinə çatdırdım.

Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün xüsusi önəmi, bərpa olunan enerji ilə bağlı bir sıra layihələrin icrası və digər məsələlər barədə məlumat verdim. Eyni zamanda, Azərbaycanda işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri haqqında da məlumat verdim.

Səfər zamanı Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes ilə görüşümüz oldu. Görüşdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolu ilə bağlı məsələlər nəzərdən keçirildi”.

Spiker bildirib ki, sentyabrın 27-29-da İrlandiyanın paytaxtı Dublin şəhərinə işgüzar səfərdə məqsəd Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək idi: “Konfransda çıxışımda ictimai təmsilçilik məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və əldə etdiyi nəticələr barədə fikirlərimi bölüşdüm.

Ermənistan spikerinin böhtanlar üzərində qurulmuş çıxışına cavab olaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətindən danışdım. Xatırlatdım ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmaq və beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Son üç ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, separatizmin dəstəklənməsi kimi vasitələrdən istifadə edib.

Sentyabrın 19-da Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu bildirdim. Qeyd etdim ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf alan lokal antiterror tədbirləri həyata keçirib.

Terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatıb. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxıb.

Bildirdim ki, artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlanıb. Bir daha vurğulayım ki, erməni sakinlərin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək.

Hörmətli həmkarlar!

Səfər zamanı ikitərəfli görüşlər də keçirildi. İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Şon Oferghail, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf yolları müzakirə edildi.

Həmçinin Fransa Milli Assambleyasının sədri ilə görüş oldu. Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycan barəsində nümayiş etdirdiyi qərəzli mövqe barəsində fikirlərimi bildirdim. Fransa parlamentinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərən, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan, separatizmi dəstəkləyən, revanşist qüvvələrə cəsarət verən bir çox qətnamələr qəbul etdiyini xatırlatdım. Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələrə və legitim hərbi hədəflərə zərbələr endirildiyini qeyd etdim. Bildirdim ki, Qarabağın erməni sakinlərinə birbaşa təhdidin olması və onlara qarşı kütləvi zorakılıq törədildiyi barədə xəbərlərin doğru olmadığı hamılıqla etiraf edilmişdir. Eyni zamanda, Fransa Milli Assambleyasının sədri Braun-Pivet ilə görüşdə bildirdim ki, artıq Qarabağ bölgəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası üçün onların nümayəndələri ilə üç görüş keçirilmişdir. Görüşdə bir dəfə də vurğuladım ki, Azərbaycan dövləti erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini ölkəmizin qanunvericiliyinə və beynəlxalq müqavilələrə müvafiq surətdə təmin edəcək.

Hörmətli həmkarlar!

Payız sessiyası ərəfəsində Milli Məclisdə iki dinləmə keçirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi dinləmə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusuna həsr edililib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən dinləmədə isə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi Rəqabət Məcəlləsinin layihəsi müzakirə olunmuşdur.

Hörmətli həmkarlar!

Mənim məlumatım bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Bu səfərlərdə mənimlə birlikdə iştirak edən hörmətli həmkarlarımın hamısına öz minnətdarlığımı bildirirəm”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR