İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahib Alıyev: “Moskva təkcə Zəngəzur dəhlizini deyil, Ermənistandan Xankəndiyə gedəcək yolu da...”  

2060 16.06.2023 16:37 Siyasət A A

Deputat Sahib Alıyev Milli Məclisin iclasında çıxış edərkən Azərbaycanın Milli Qurtuluş Gününü qeyd etdiyi gün törədilən erməni təxribatından bəhs etdi.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Laçındakı nəzarət-buraxılış məntəqəmizin atəşə tutulması iyulun 21-də  Brüsseldə üçtərəfli danışıqların keçiriləcəyi, buna hazırlıq məqsədilə Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtona gedəcəkləri açıqlanandan sonra törədilən təxribatların azğıncasına davamıdır:

“Dövlət Sərhəd Xidməti “Laçın” nəzarət-buraxılış məntəqəmizi atəşə tutan iki snayperin məhv edildiyini bildirir. Ermənistan hələlik susur. Bəlkə, qarşı tərəfin doğrudan da heç itkisi yoxdur. Bizim nəzarət-buraxılış məntəqəsini atəşə tutanlar regionda sülh olmasını arzulamayan hansısa ölkənin kəşfiyyat-diversiya qrupu  olub. Təəssüf ki, bu regionda sülhə qarşı çıxanların sayı heç də az deyil ki, onlardan da ikisinin - İran və Fransanın  Ermənistanda hərbi təlimatçıları da var. Amma bu, daha çox 1905-ci ildə kazaklara təxribat törətdirməklə məqsədlərinə çatanların dəst-xəttinə bənzəyir. Məhz həmən ölkənin ekspertləri və hətta rəsmiləri artıq açıq şəkildə bildirirlər ki, Azərbaycanla Ermənistan arasında sülh, Qarabağdakı haydillilərin reinteqrasiyası Qafqazdakı mövcudluqları üçün təhlükə yaradır. Onların deməklərindən çıxan məntiq budur ki, özlərini rahat hiss etmələri üçün bu region təhlükə içində, qarşıdurma vəziyyətində yaşamalıdır”.

S.Alıyev daha bir məqama diqqəti cəlb etməyə çalışdı: “Təqribən iki ay öncə aprelin 11-də yenə məhz Dığ kəndindən mövqelərimiz atəşə tutulmuş və  təəssüf ki, 3 hərbiçimiz şəhid olmuşdu. Həmən təxribatdan iki gün ötən kimi Ermənistan baş naziri ölkəsinin Laçınla sərhədlərinin 12 kilometrini Rusiyanın qoruyacağını bildirdi. Belə görünür ki, Moskva təkcə Zəngəzur dəhlizini deyil, Ermənistandan Xankəndinə gedəcək yolu da, başlanğıcdan ta sona kimi tam kontrol altında saxlamaq  istəyir.  Dünənki təxribat da fikrimcə, Ermənistanın Azərbaycanla sərhədlərinə kontrolu öz əllərinə almaq istəyənlərin prosesi tezləşdirmək niyyətindən qaynaqlanır. Halbuki,  1992-ci il sentyabr anlaşmasına görə Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanın ancaq Türkiyə və İranla sərhədlərini qorumalıdır. İstənilən halda arxasında kimin durmasından  asılı omayaraq, Azərbaycanın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilən dövlət terror aktına görə Ermənistan məsuliyyət daşıyır və forpostluğu onu bu məsuliyyətdən azad etmir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR