İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şahdəniz”də payçı olan şirkətin aktivlərinə həbs qoyuldu

855 15.07.2022 09:20 İqtisadiyyat A A

Ekspertlər “Petronas”ın məhkəmə çəkişməsinin Azərbaycandakı layihəyə təsirini real saymırlar

Azərbaycanın “Şahdəniz” layihəsində payçı olmuş şirkətin aktvlərinə həbs qoyulub. Söhbət Malayziyanın “Petronas” dövlət neft-qaz holdinqindən gedir. Böyük Britaniyanın nüfuzlu “The Financial Times” nəşrinin məlumatına görə, Lüksemburq məhkəməsi “Petronas”ın Azərbaycandakı neft-qaz aktivlərini də idarə edən iki törəmə şirkətinin əmlakına həbs qoyub. Müsadirə olunan məbləğ iki milyard dollardır.

Məhkəmə qərarı Malayziya ərazisində 1957-ci ilədək - ölkə Britaniya protekotatlığından müstəqil dövlətə çevrilənə qədər mövcud olmuş Sulu sultanlığının varislərinin iddiası əsasında çıxarılıb. Belə ki, Malayziya müstəqil olanda sultanlıq onun tərkibinə daxil edilib. Sonradan sultanlığın ərazisinə daxil olan Sabah əyalətində neft tapılıb, onu “Petronas” hasil edərək satıb. 2017-ci ildə Sulu sultanının varisləri şirkətə qarşı təzminat davası açıblar. Onlar şirkətin sultanlığa məxsus ərazidə əldə etdiyi gəlirin 14,9 milyard dollarına iddialıdılar. Bu ilin martında Fransa məhkəməsi Malayziyanın keçmiş protektoratlığın hüquqi varisi olduğunu əsas gətirməklə sultan varislərinin iddiasını təmin edən qərar çıxarıb. İyulun 11-də Lüksemburq məhkəmə icraçıları bu qərarın icrasını təmin etmək üçün ‘’Petronas’’ın Azərbaycandakı aktivlərini idarə edən iki törəmə şirkətinin əmlakına həbs qoyub. Söhbət Lüksemburqda qeydiyyatdan keçmiş “Petronas Azərbaycan” və “Petronas South Caucasus” şirkətlərindən gedir. “The Financial Times”ın məlumatına görə, bu şirkətlərin bazar dəyəri iki milyard dolları ötür.

“Petronas” şirkəti Fransa məhkəməsinin qərarını mübahisələndirməkdədir. Şirkət iyulun 13-də Bakıdakı ofisinin bağlandığını elan edib. Lakin bu, məhkəmə qərarı ilə bağlı deyil. Çünki şirkət ötən ildən “Şahdəniz” layihəsindəki payını bütünlüklə satıb.

2021-ci ilin oktyabrında isə məlum oldu ki, “Petronas” “Şahdəniz” yatağındakı 15,5 faiz payını Rusiyanın “LUKoil” şirkətinə satmaq niyyətindədir. Daha sonra bu məlumatı “LUKoil”in nümayəndəsi də təsdiqləyərək “Petronas”ın 2 milyard 225 milyon dollarlıq payının alınması ilə bağlı ilkin razılığın əldə olunduğunu bildirib.

Lakin bir ay sonra məlum oldu ki, “Petronas”ın layihədəki payının hamısını “LUKoil” alası olmayıb. Belə ki, layihənin operatoru olan Böyük Britaniyanın bp, həmçinin Azərbaycan dövlətini təmsil edən SOCAR şirkətləri üstün hüquqlarından yararlanaraq “Petronas”ın payının bir hissəsini almaq qərarına gəliblər. Nəticədə “LUKoil”in “Şahdəniz”də alacağı yeni payı 15,5 faizdən 9,99 faizə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 milyard dollardan 1,45 milyard dollara endirilib. “Petronas”ın payının 4,35 faizini SOCAR, 1,16 faizini isə bp alıb. 2022-ci ilin yanvarında layihənin operatoru bp şirkəti müqavilənin hüquqi qüvvəyə mindiyini və layihə üzrə pay bölgüsünün dəyişdiyini elan edib. Nəticədə bp-nin payı 29,99 faizə, “LUKoil”in payı 19,99 faizə, SOCAR-ın payı 14,35 faizə çatıb. Həmçinin layihədə TPAO 19 faiz, NİCO 10 faiz, SGC(SOCAR-ın törəmə şirkəti) isə 6,67  faiz paya malikdir.

Qeyd edək ki, “Şahdəniz” yatağındakı 15,5 faizlik pay əvvəllər Norveçin “Statoil” şirkətinə məxsus olub. 2015-ci ildə Norveç şirkəti öz payını  “Petronas”a sataraq layihəni tərk edib.

Lüksemburq və Fransadakı məhkəmə çəkişməsinin Azərbaycanın əsas qaz yatağı olan “Şahdəniz”in istismarı prosesinə hər hansı təsiri mümkündürmü? Məhkəmə çəkişməsinin 2017-ci ildən bəri davam etməsi faktı “Petronas”ına Azərbaycandakı aktivlərdən məqsədli azad olması şübhəsi yaradır. Məhkəmə onun “Şahdəniz”dəki payının satışına dair müqaviləni etibarsız saymaqla layihənin icrasına problem yarada bilərmi?

Əkrəm Həsənov: “Kommersiya məhkəmələri çox xeyirli olacaq”

Əkrəm Həsənov

Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, “Petronas” layihədəki payını kiməsə əvəzsiz bağışlamayıb: “Şirkət payını hüquqi prosedurlara tam əməl etməklə satıb və bundan külli miqdarda gəlir əldə edib. 2 milyard dollardan yuxarı olan həmin gəlir şirkətə çatıb. Buna görə də məhkəmə qərarının layihəyə hər hansı təsiri mümkün deyil. Qərar ”Petronas"ın əldə etdiyi gəlirə yönəldiləcək, bununla da iş bitəcək".

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə də, Avropadakı məhkəmə çəkişməsinin Azərbaycanın layihəsinə hər hansı aidiyyəti yoxdur: “Layihədə ”Petronas"a məxsus payın satışında hər hansı prosedur və hüquqi pozuntuya yol verilməyib. Bu, mümkün də deyildi - “Petronas”ın payını alan bp, “Lukoyl”, SOCAR-ın özü buna imkan verməzdilər. Hasilatın pay bölgüsü sazişinə əsasən “Petronas” passiv səhmdar olub: 3 aydan bir əməliyyat xərclərini qarşılamaq üçün yatırımlar edib, mənfəətini alıb, vəssalam. Layihə üzrə bütün qərarları operator və Azərbaycan dövləti verir, passiv səhmdarların burada hər hansı rolu yoxdur".

Ekspert bildirir ki, “Petronas”ın payını alan şirkətlərin məhkəmə çəkişməsindən xəbərsiz olmaları da real deyil: “Belə müqavilələri bağlayan şirkətlər bütün məqamları, ən incə detalları belə öyrənir, bütün ehtimalları qiymətləndirirlər. bp-nin, ”LUKoil"in ilk belə müqaviləsi deyildi axı... Buna görə də “Şahdəniz” layihəsinin icrası üçün hər hansı problem, çətinlik gözlənilmir, mümkün də deyil. Əksinə, son vaxtlar layihənin daha böyük uğurla icrası baş verir".

Onu da bildirək ki, “Şahdəniz”dən hasil olunan qaz Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılır. Ukraynadakı müharibə səbəbi ilə Avropa İttifaqının dəhlizlə qaz nəqlinin artırılmasına diqqəti qat-qat artıb. Bu isə tezliklə CQD-nin komponentləri olan TANAP və TAP kəmərlərinin ötürücülük gücünün artırılması prosesinin başlanmasına imkan verəcək. Artıq Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş və qazın həcmini artırmaq üçün boru kəmərinin genişləndirilməsinə dəstək verməyi təklif edib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz satışına dair saziş imzalanacaq. Birliyə üzv olan hökumətlərin təsdiqinə ehtiyacı olan və hələ də məzmunu dəyişə bilən saziş layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir: “Tərəflər kommersiya imkanlarına və bazar tələbatına uyğun olaraq, 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracı da daxil olmaqla, təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışır”.

Şahdəniz layihəsi (SD) - SGC

Layihədə bildirilir ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və ola bilsin ki, Qərbi Balkan ölkələrinə tədarükünün artırılmasını nəzərdə tutur. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılmasını nəzərdə tutur. Saziş layihəsində investisiya məbləğinin həcmi açıqlanmır. Layihədə deyilir ki, hər iki tərəf Avropaya tədarükləri artırmaq üçün bu şəbəkəni genişləndirmək məqsədilə maliyyələşdirməni təşviq edəcək. Həmçinin əlavə olunur ki, bu cür investisiyalar gələcəkdə emissiyaların istiləşməsinin qarşısını almaq üçün aşağı karbonlu qazları nəql edə bilməlidir. Tədarükün artması həm də Azərbaycandan öz qaz hasilatını genişləndirməyi tələb edəcək.

Saziş layihəsini Azərbaycanla müzakirə etmək üçün Avropa İttifaqının enerji üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır. Bu səfərdən əvvəl hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.

Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan enerjini təşviq etmək və hidrogenlə gələcək ticarəti müzakirə etmək üçün elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaqlar.

Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) son bir neçə gündə maksimum ötürmə gücünə çatıb. Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Qalan həcmlər Yunanıstan və Bolqarıstana çatacaq. Bolqarıstanın CQD ilə aldığı qazın həcmi iyulun 1-dən işə salınan xüsusi interkonnektor vasitəsilə 3 dəfə artırılıb.

Uzunmüddətli məqsəd TAP kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır. Bu isə Bolqarıstan və onun üzərində digər Balkan ölkələrinə Azərbaycan qazının, həmçinin Azərbaycan üzərindən İran və Türkmənistan qazının çatdırılmasına imkan verəcək.

Şahdəniz" yatağında hasilat proqnozları üstələyib

Hazırda TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər. Avropa İttifaqının Azərbaycanla imzalamağa hazırlaşdığı saziş layihəsindən aydın olur ki, kəmərin ötürücülük gücünün ikiqat artırılması daha realdır.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR