İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagird qarşısına çıxan savadsız müəllimlər - çıxış yolu nədir?

1164 25.08.2022 09:40 Təhsil A A

Təhsil eksperti: “Müəllimlər üçün sertifikasiya sualları daha da çətinləşdirilməlidir”

“Elə müəllimlər var ki, ibtidai sözünü ”iptidai, ibtidayi" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir bunun səbəbini də izah edib: “Ona görə həmin müəllimləri sertifikasiyaya cəlb edirik ki, təhsilin keyfiyyəti artsın. Digər tərəfdən, sertifikasiyanın keçirilməsindən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək”.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sertifikasiya artıq dövrün tələbidir: “Əvvəlki dövrlərdən fərqli olaraq hazırda ali təhsil kifayət etmir. Dünya təcrübəsi göstərir ki, müəllim öz üzərində işləməli, 5 ildən bir sertifikasiyadan keçməlidir. Təhsillə bağlı imzalanmış strategiyada da göstərilib ki, müəllimlərin əmək haqlarına diferensasiya tətbiq olunmalıdır. Bu, o deməkdir ki, yaxşı müəllim yaxşı əmək haqqı almalıdır. Bu, eyni zamanda valideynlərə və şagirdlərə müəllimləri seçmək imkanı yaradılır. Başqa sözlə, zəif müəllimin dərs yükü az olacaq. Təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərin sertifikasiyadan keçirilməsinin tərəfdarıyam. Sertifikasiya ölkə üzrə tam tətbiq olunmayıb”.

İlqar Orucov: “Yeni qanuna görə istənilən yerdə hər kəs təhsil sənədlərini  əldə edə biləcək”

 İlqar Orucov

Ekspert saxta diplomlu müəllimlərin olmasına diqqət çəkdi: “Monitorinqlər nəticəsində bəlli olmuşdu ki, Azərbaycanda 5 minə qədər saxta diplomlu müəllim var. Onların yarısı məktəblərdən uzaqlaşdırıldı. Amma digər yarısı hələ də tədris prosesində fəaliyyət göstərir. Bu da səbəbsiz deyil. Müstəqilliyin ilk illərində sovxozlar, kolxozlar bağlandı. Kənd Təsərrüfatı İnstitutunun məzunları ixtisasartırmaya cəlb olundular və müəllim işləmək hüququ qazandılar. Kişi müəllimlər məktəblərdən uzaqlaşmışdı. Əmək haqqına görə yaxşı müəllimlər tədris prosesini tərk etmişdilər. Yaranan boşluğu da saxta diplomlu müəllimlər doldurdular.

Digər tərəfdən müəllimlərin hansı qaydada işə qəbul edildiyini hamı bilir: rüşvət, tapşırıq və s. Nəticədə xeyli sayda yerində olmayan pedaqoji kadrlar məktəblərə ayaq açdı. Bu gün təhsilin keyfiyyətini aşağı salan əsas faktorlardan biri budur. Sertifikasiya prosesi başlayanda əsasən müəllim kimi çalışanların etirazları çox oldu, çünki onlar özlərinə əmin deyildilər. Yeni nəsil kadrlar rəqabət şəraitində müəllim kimi çalışa bilərlər. Savadına, biliyinə, psixoloji durumuna güvənən müəllim sertifikasiyadan niyə qorxsun ki?! Hesab edirəm ki, sertifikasiya sualları daha da çətinləşdirilməlidir".

İ.Orucov hesab edir ki, sertifikasiya əmək haqqı məsələsində ədalətli yanaşmanı ortaya qoyur: “Universitetlərdə də bu yanaşma tətbiq olunmalıdır. AMEA bataqlıqdadır, çünki sertifikasiya formal qaydada keçirilir. Təhsildə ədalətsizlik etmək olmaz. Yaxşı müəllimin əməyini qiymətləndirmək lazımdır. İslahatların nəticəsini görmək üçün zamana ehtiyac var. Təkliflər, bəzən haqsız tənqidlər ola bilər. İslahatlar davamlı olsa, Azərbaycan təhsili inkişaf edəcək, arzuladığımız təhsil keyfiyyətini görə biləcəyik”.

meleyke.jpg (66 KB)

Məleykə Əlizadə 

Tarix elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim, Təhsil Nazirliyi Yanında ictimai Şuranın üzvü Məleykə Əlizadə “Yeni Müsavat”a bildirdi ki, müsabiqə prosesində müəllimlərin işə qəbul üçün çalışdıqlarının şahidi olur: “İş yerini qoruyub saxlamaq üçün müəllim öz üzərində işləməlidir. Bunun üçün də sertifikasiya şərtdir. Bu, sağlam rəqabət yaradır. Rəqabət də müəllimlərin inkişafına xidmət edir. Sertifikasiya məsələsi gündəmdə olmadıqda belə deyirdim ki, nəinki müəllim, istənilən ixtisas sahibi fərdi inkişafı ilə məşğul olmalıdır. Dünya inkişaf edir. Bu inkişafla ayaqlaşmaq üçün müəllimlər də inkişaf etməlidirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR