İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Bakıda üç ölkənin XİN başçıları toplaşır - mühüm gedişat

697 14.03.2024 10:38 Siyasət A A

Azərbaycan, Gürcüstan və Türkiyənin baş diplomatları Cənubi Qafqazı müzakirə edəcəklər; deputat və ekspertlərdən rəylər

Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək. XİN-dən bildirilib ki, üçtərəfli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. 

Bu görüşdə nələrin müzakirə ediləcəyi, hansı qərarlar olacağı barədə konkret bilgi yoxdur. Ancaq böyük ehtimalla 3+3 formatı, habelə üç ölkənin birgə strateji fəaliyyət planları istiqamətində hansısa yeni gəlişmələr olacaq. Türkiyənin baş diplomatı Hakan Fidan buna qədər Vaşinqton səfərində olub. Nazir məhsuldar görüşlər keçirib. Fidan Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Haynsla müxtəlif mövzuları müzakirə edib. O baxımdan Fidan ABŞ-la strateji tərəfdaşlığı olan Azərbaycan və Gürcüstanla bağlı fikir mübadiləsi aparmış ola bilər.

Bu görüşlər təkcə XİN başçıları ilə məhdudlaşmır. Martın 12-də Tiflisdə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçən görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək. Qeyd edilib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır. Ümumən Azərbaycan müstəqillik tarixində Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə sıx iqtisadi partnyorluq münasibətləri qurub. İkitərəfli və çoxtərəfli platformalarda inkişaf edən bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bütün tərəflərə fayda gətirir. Bu səpkidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan iqtisadi əməkdaşlıq əlaqələri xüsusilə diqqət çəkir.

İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bakı-Supsa neft kəməri bir ilkdir. Bununla Bakı-Novorossiysk xəttinə alternativ ixrac boru kəməri yaradıldı. 2005-ci ildə əsas ixrac kəmərinin - Bakı-Tiflis-Ceyhanın açılışı baş tutdu. 2007-ci ildə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyənin “mavi yanacaq” şəbəkəsinə daxil oldu. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə reallaşdırdıqları digər regional və qlobal əhəmiyyətli layihə nəqliyyat sektoruna aiddir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tiflis-Qars dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır. Azərbaycanla qardaş Türkiyə arasında münasibətlər bütün sahələrdə zirvədədir. Dünyada elə bir iki ölkə yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birilərinə yaxın olsunlar. İki ölkə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Eyni zamanda ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur.

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, XİN başçılarının toplanması növbəti ənənəvi görüşdür: “Ümumiyyətlə, dövlət başçıları, müdafiə nazirləri, xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi bir ənənəyə çevrilməkdədir. Bu üç ölkə strateji olaraq birgə addımlar atır. Xüsusən də enerji əməkdaşlığının genişlənməsində mühüm işlər görülür. Gürcüstanda nəqliyyat sisteminin, dəmiryollarının böyük imkanlara malik olması üçün proseslər getməkdədir”. A.Mollazadə qeyd etdi ki, “altılıq platforması” isə tamamilə başqa müstəvidir: “Bu, ayrıca əməkdaşlıq formasıdır. Gürcüstan-Rusiya münasibətlərinə, İranın Ermənistana verdiyi dəstək fərqli müstəvi kimi dəyərləndirilməlidir. Çünki region ölkələrinin əməkdaşlıq üçün bir neçə platforması var. Biz hansısa modelləri yeganə imkan kimi qiymətləndirə bilmərik”. Siyasi şərhçi Xəyal Bəşirov qəzetimizə açıqladı ki, nazirlərin görüşü Cənubi Qafqazla bağlıdır: “Türkiyə həmişə bu regiona marağı olan dövlətdir. İkinci Qarabağ müharibəsindən sonra Ankara regiondakı proseslərdə daha aktiv iştirak edir. Amma burada müxtəlif versiyalar var. Biri Prezident İlham Əliyevin postmünaqişə dönəmində irəli sürdüyü "altılıq platforması"dır. Biz hələ ki “beşlik formatı”na nail ola bilmişik. Amma Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təminatı bu əməkdaşlıqdan keçir. Sadəcə, Gürcüstanın Rusiya ilə münasibətləri buna imkan vermir. Amma Gürcüstan da başqa əməkdaşlıq platformasında iştirak edir. Burada Azərbaycanın rolu danılmazdır. Dövlətlərin maraqları toqquşa bilər, amma təmin etmək mümkündür. Bu görüşlərdə postmünaqişə dönəminə aid problemlər, enerji məsələləri, iqtisadi əlaqələr müzakirə olunur".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR