İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilini Azərbaycana qarşı kim(lər) danışdırır, məqsəd nə...

11424 27.10.2023 12:59 Gündəm A A

Ekspert: “Sabiq prezidentin Qərb təbliğatına uyğun fikirlər səsləndirməsi suallar yaradır”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan və Ermənistan liderlərinə müraciəti ilə yenidən diqqəti özünə çəkməyi bacarıb.  Saakaşvili  bildirib ki, “biz hazırda Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Naxçıvana birbaşa çıxış əldə edəcəyi dəhlizlə bağlı potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik”.

O deyib: “Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır”. Saakaşvili Zəngəzur dəhlizi məsələsinin fərqli şəkildə icra edilə biləcəyini deyib: “Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, Ermənistanda hakimiyyət çevrilişi etmək, müzakirə edilən dəhlizə öz sərhədçilərini yerləşdirmək istəyir.

Əslində dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi. Sözügedən yolla bağlı razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan da eynisini edə bilər. Ermənistan burada çox qazanmış olar. Həmçinin əsas beynəlxalq marşrutlara çıxış, mühüm nəqliyyat və logistika məsələləri də həllini tapacaq. Beləliklə, hər iki tərəf ehtimal münaqişədən qaçmış olacaq".

Ekspertlərə görə, Mixail Saakaşvilinin yanaşması və səsləndirdiyi fikirlər əsassızdır. Əvvəla ona görə ki, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə heç bir iddiası yoxdur. Bunu Prezident İlham Əliyev də çıxışlarında bir neçə dəfə açıq şəkildə bildirib. Rəsmi Bakı 10 noyabr bəyanatında qeyd edilən kommunikasiya və nəqliyyat xətlərinin açılması, habelə maneəsiz hərəkətin təmini məsələsini Ermənistandan tələb edir. Lakin bu, heç bir halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası və ya hərbi gərginlik yaratmaq niyyətində olduğuna dəlalət etmir.

Bəzi siyasi ekspertlərin fikrincə, Saakaşvilinin dediklərinə diqqətlə baxdıqda onun öz subyektiv yanaşması və ya fikirləri olmadığı aydın görünür. Xüsusilə də Azərbaycanın guya “Ermənistan ərazisinə” iddiası və müharibə təhlükəsi haqda dedikləri konkret tezislərdir. Tezislərin Qərbdən gəldiyi isə açıq şəkildə görünür.

Hikmət Hacıyev: \"Ağdam-Xankəndi yolunun girəcəyindəyik\"

Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində deyib ki,  Azərbaycanın Zəngəzuru ələ keçirmək kimi planı yoxdur: “Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik. Bu məsələ hələ də masanın üstündədir, lakin Ermənistan tərəfi bununla həqiqətən maraqlandıqlarını göstərmək üçün bunu tələb edəcək. Bu ayın əvvəlində Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən keçən yeni yol xəttinin təməlini qoydu. Bununla belə, ümidlər var ki, nəqliyyat əlaqəsi sülh müqaviləsi üzrə irəliləyişin bir hissəsi kimi bərpa oluna bilər, lakin  Azərbaycana "eksterritorial" güzəştlər olmadan Ermənistanın sərhəd nəzarətindən yan keçməyə imkan verəcək. Hazırda sərhədlər bağlıdır".

Bəs Azərbaycanın mövqeyinin ortada açıq olduğu bir vaxtda Saakaşvilinin yuxarıdakı açıqlamalarla çıxış etməsinin səbəbi nədir? Saakavşilinin “təklifləri” həbsdəki bekarçılıqdandır, yoxsa doğrudan da o, “içəri”də Qərbin maraqlarına xidmət etməkdə davam edir?

Fransa öz qərəzli münasibəti ilə sabitliyi pozur”-İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Cənubi Qafqazda gedən proseslərə dair zaman-zaman fikirlərini bölüşür: “Səhhətinin çox ağır olmasına baxmayaraq, onun Cənubi Qafqazda ümumi geosiyasi mənzərəyə dair fikirləri birmənalı qarşılanmır, müxtəlif mülahizələrin irəli sürülməsinə səbəb olur. Xüsusilə Saakaşvilinin Nikol Paşinyana yönəlik fikirləri, onun Rusiyanın təsirindən tamamilə çıxmağa dair müxtəlif açıqlamaları,  Zəngəzur dəhlizi ilə bağlı son fikirləri haqlı suallar yaradır. Zəngəzur dəhlizi danışıqlar yolu ilə, diplomatik siyasi təmaslarla öz həllini tapmalıdır. Azərbaycanın yanaşması məhz bu yöndədir. Cənab Prezident İlham Əliyev Füzuli sakinləri ilə ötən həftə görüşü zamanı da bildirdi ki, biz Qərbi Azərbaycana qayıdacağıq, lakin sülh yolu ilə qayıdacağıq. Cənab Prezident bu fikirləri dəfələrlə bəyan edib. Lakin biz görürük ki, Qərb mediasında Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana qarşı müharibə edəcəyi fikirləri tirajlanır. Mixail Saakaşvilinin son açıqlamalarında da buna işarə edilir, belə bir rəy yaradıldığı sezilir. Sanki Azərbaycan Ermənistanın cənubunu işğal edəcək və güc yolu ilə Zəngəzur dəhlizini açacaq. Saakaşvilinin açıqlamasında bunun ardınca guya hətta Ermənistanda çevrilişə cəhd olunması ehtimallarının olduğu fikirlərini də görmək olar. Sanki Azərbaycan hansısa ölkənin istəklərini yerinə yetirir və yetirəcək. Birincisi, Azərbaycan heç bir dövlətin sifarişlərini yerinə yetirmir və belə bir iddianı səsləndirmək də absurddur. Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür. Buna heç kimin şübhəsi olmamalıdır. İkincisi, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və Ermənistan bununla bağlı üzərinə öhdəlik götürüb. 10 noyabr üçtərəfli birgə bəyanatın 9-cu maddəsində göstərilir ki, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil və dəmir yolu əlaqəsi yaradılmalıdır. Ermənistan hələ də üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Sülh yolu ilə bu məsələ öz həllini tapmalıdır”.

Ekspertin sözlərinə görə, Mixail Saakaşvilinin fikirlərində müsbət bir məqam kimi diqqəti çəkən məsələ 42 kilometrlik yolun icarəyə götürülməsi ilə bağlı ideyadır. Bu, baş tuta bilər: “Ermənistan öz iqtisadi rifahını düşünürsə və ambisiyalarından geri çəkilərsə, bu barədə razılaşma baş tuta bilər. Belə bir sövdələşmə həm də sülhə və təhlükəsizliyə xidmət edəcək. Sivil, beynəlxalq praktikadan irəli gələn qaydalarla bu məsələ öz həllini tapa bilər.

Mənə belə gəlir ki, Ermənistan ərazisini işğal etmək, Ermənistan ərazisinə müdaxilə etmək fikirləri nə qədər yalan və həqiqətə uyğun olmayan fikirlər kimi qeydə alınsa da, bunun arxasında Ermənistanı silahlandırmaq cəhdləri dayanır. Əsas məqsəd Ermənistana müdafiə və hücum silahlarının verilməsinə “əsas” yaratmaq, revanşizm dalğasının gücləndirilməsidir. Mixail Saakaşvilinin arxasında bu cür zərərli məqsədlər dayanan Qərb təbliğatına uyğun fikirlər səsləndirməsi isə suallar yaradır. Saakaşvili bekarçılıqdan nə gəldi danışacaq siyasətçi deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR