İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Ərdoğanın xahişi ilə Mariupol məscidində xüsusi əməliyyat keçirdi girovlar azadlıqda…

5483 17.04.2022 13:15 Gündəm A A

Girovların MDB ölkələrindən birinin vətəndaşları olduğu deyilir, ehtimal edilir ki, onların arasında azərbaycanlılar da var…

Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində Ukrayna milli batalyonları tərəfindən saxlanılan girovları xilas ediblər. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib. Ehtimala görə, söhbət Sultan Süleyman və Roksolananın şərəfinə tikilmiş məsciddən gedir. 

Xüsusi əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra edilib. Xüsusi əməliyyat Primorski rayonunda keçirilib. Nəticədə məsciddəki girovlar  sərbəst buraxılıb. Xarici muzdlular da daxil olmaqla 29 silahlı məhv edilib.  

Girovların MDB ölkələrindən birinin vətəndaşları olduğu məlum olub. Onlar sərbəst buraxılaraq təhlükəsiz yerə aparılıb. Onların arasında azərbaycanlıların da ola biləcəyi ehtimal edilir. Çünki hələ mart ayında  sözügedən məsciddə azərbaycanlıların da girov kimi saxlanıldığı barədə xəbərlər vardı.   

rus.jpg (86 KB)

Aprelin 14-də Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparacağı bildirilmişdi. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, Rusiya ilə Ukrayna arasında danışıqlarda ab-hava dəyişib. Eyni zamanda, o, ümidini itirməməyə çağırıb və atəşkəs və sammit görüşünün təşkili üçün diplomatik səyləri davam etdirəcəyinə söz verib. 

Mariupolda 15 oktyabr 2007-ci ildə Türkiyənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Sultan Süleyman və Roksolananın şərəfinə Mariupol məscidi və eyni adlı İslam Mədəniyyət Mərkəzinin açılışı olmuşdu. Məscid Mariupolun mərkəzi bazarının direktoru Salix Cihanın və şəhərin Azərbaycan icmasının digər üzvlərinin maliyyəsi ilə inşa olunub.

mar.jpg (167 KB)

Məlumat üçün deyək ki, məscidin tikintisindən sonra Ukrayna tərəfi üzərində vurulmuş lövhəyə etiraz etmişdi. Lövhə üzərindəki mətndən Roksolananın rus mənşəli olması haqda yazılanlar Ukraynanını təmin etməmişdi.  Ukraynanın Türkiyədəki səfirliyinin xahişi ilə lövhə dəyişdirilmişdi.  

Qeyd edək ki, Avropada Roksolana kimi tanınan Xürrəm Sultan əvvəlcə Sultan Süleymanın kənizi, sonra isə həyat yoldaşı olub. Osmanlı İmperiyasının qərarlarında böyük tol oynayan Xürrəm Sultanın milli kökləri ilə bağlı mübahisəslər hələ də davam edir.

Hazırda onun əsl adı və milli kökləri dəqiq bilinmir. Amma ümumən qəbul edilən versiyaya görə, Xürrəm Sultan hazırda Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən Roqatin şəhərində pravoslav keşişin ailəsində dünyaya göz açıb. Əsl adı Anastasiya Qavrilovna Lisovskaya kimi qəbul olunur. 15 yaşının tamamında qız Krım tatarlarına əsir düşüb, bir neçə dəfə kəniz kimi satıldıqdan sonra Osmanlı sultanının hərəmxanasına süşüb.

Sonradan Sultan Süleyman onunla ailə qurub və Xürrəm Sultan Osmanlı İmperiyası üçün verdiyi vacib qərarlarla tarixə düşüb. Xürrəm Sultan həmçinin 2-ci Sultan Səlimin anası olub.

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR