İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukraynaya təcavüzündən iki il keçir - 2024 qalibi müəyyən edəcəkmi?

534 24.02.2024 11:45 Gündəm A A

Təhlilçilərə görə, NATO yaza kimi Ukraynaya hərbi yardımları artırmasa, ABŞ tez bir zamanda 60 milyard dolları verməsə, Rusiya həlledici qələbə əldə edə, Putin MDB-dən ibarət yeni ittifaq dövləti yarada bilər; Qərbdən silah trafikində xəsislik edilməsi Kiyevin cəbhədəki vəziyyətini ağır sınağa çəkir - lakin rus qoşunları da irəliləyə bilmir, sürünən savaşa salınıb...

Bu gün - fevralın 24-də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından iki il keçir. 731 gündür ki, “Z” ordusu “xüsusi hərbi əməliyyat” adı ilə qonşu ölkənin ərazilərini işğal etməkdədir. Amma son bir ildən artıq müddətdə rus qoşunları Ukraynanın cənub və şərq bölgələrində saxlanıb. 

Yəni artilleriya müharibəsi gedir, amma genişmiqyaslı hücum təşkil edə bilmirlər. İşğalçı güclərin son dövrlərdə cəmi iki nəticəsi var - 5 aylıq döyüşlərdən sonra Donetskin 30-32 min əhalisi olmuş Avdeyevka şəhərini və Pobeda yaşayış məntəqəsini tutması. Ukraynalı müdafiəçilər də uğur əldə edə bilmirlər. Silahlı qüvvələrin edə bildiyi rusların hücumlarının kəsərini azalda bilməkdir. Burada mərmi çatışmazlığı, yardımların gec gəlməsi də rol oynayır. Ölkənin müdafiə naziri və Silahlı Qüvvələrin baş komandanları dəyişib, indi irəli baxmaq, dəyişikliklər zamanıdır. Hazırkı baş komandan “səhra komandiri” general Sırskidir. 

Rusiya da buna qədər Baş Qərargah rəisi Valeri Gerasimovu əməliyyatlara rəhbər gətirməklə dəyişikliyə getməli oldu. Döyüş meydanında isə böyük ölçüdə ciddi nəticə yoxdur. Hazırda Kupyanski, Marinka, eləcə də Donetsk istiqamətində döyüşlər davam edir. Ukraynanı müdafiə edən koalisiya isə savaşa strateji aspektdən yanaşır - müharibəni uzatmaqla rusları yormaq. Ancaq Qərbdə etiraf edirlər ki, işğalçı dövlətin resursları var və hələ döyüşə biləcək potensialı saxlayır. Belə şəraitdə Avropa Birliyi Kiyevin dadına çatdı - 51 milyard avro yardım təsdiqləndi. Martın 1-də isə Konqres 60 milyard dolları ayırmalıdır ki, Ukrayna dərindən bir nəfəs alsın. Ağ Ev rəhbəri Bayden də gizlətmir ki, Konqres yardımı təsdiqləməsə, ABŞ Kiyevi dəstəkləyə bilməyəcək. Beləliklə, müharibənin iki ili tamamdır, Rusiya Luqansk və Donetskin inzibati sərhədlərinə tam çıxa bilməyib, hələ uzun müddət döyüşməlidir ki, bütün bu regionu kontrol altına ala bilsin. Paralel olaraq döyüşlər aviasiya və Qara dənizdə gedir. Rus hərbi donanması ağır itkilərə məruz qalıb. 

Bununla belə, Ukrayna müttəfiqlərindən narazıdır. Kollektiv Qərb yorğun görünür. NATO Baş katibi isə üzv ölkələrə səslənir ki, yardımların ayrılması mühümdür, bu, təhlükəsizliyə qoyulan sərmayədir. Rusiya belə vəziyyətdə danışıqlara hazır tərəf olduğunu bəyan edir, lakin şərtləri qəbul edilməlidir. Kreml Kiyevlə atəşkəsi yalnız işğal edilmiş ərazilər qaytarılmamaqla görür. Bu da sürünən münaqişənin davam edəcəyi deməkdir. Ukrayna qarşıda "F-16" qırıcıları əldə edəcək və analitiklərin qənaətinə görə, bu gedişatla resursların tükəndirilməsi savaşı 2030-ci ilədək uzana bilər. Faktiki olaraq, Şərq-Qərb qarşıdurması, geopolitik mübarizə güclənir. Hazırda iki qütb var - Rusiya, Çin, İran və Şimali Koreya, qarşı tərəfdə isə “Ramşteyn formatı”. Rusiya rəsmiləri - Patruşev, Narışkin, Medvedyev, başda Kreml lideri Putin olmaqla açıq surətdə bəyan edirlər ki, NATO, xüsusən anqlosakson dünyası onlara savaş açıb, məqsəd bu ölkənin “dişlərini çəkmək” və uzun illər bir bataqlıqda döyüşən dövləti taqətdən salıb zəiflətmək, strateji olaraq əzməkdir. Ancaq resursları tükənməz görünən Rusiyanı “əyalət dövləti”nə çevirməyə nail olacaqlarmı?

“Ukrayna Silahlı Qüvvələrinin (USQ) müharibədəki itkiləri Rusiyanınkından beş dəfə azdır”. Ukrayna prezidenti “Fox News” telekanalına müsahibəsində deyib. Jurnalistin Zelenskiyə Ukraynanın savaşdakı itkilərinin sayı barədə verdiyi suala dövlət başçısı konkret cavab verməyib: “On minlərlə ölüm. On minlərlə insan yerlərindən didərgin salınıb. Nisbət birin beşədir. Döyüşdə həlak olmuş bir əsgərimizə beş Rusiya əsgəri düşür. Təqribən belədir”.

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

Aqşin Kərimov

Siyasi təhlilçi Aqşin Kərimova görə, artıq Ukraynanı Qərbdən verilən təhlükəsizlik vədləri sakitləşdirmir: “Hətta 60-cı Münxen Təhlükəsizlik Konfransında prezident Volodimir Zelenskinin çıxışları və görüşləri belə, Ukrayna üçün fəlakətli nəticələrə hazırlıq ssenarisini təqdim edir. Münxen Təhlükəsizlik Konfransında Zelenskinin: "Ukrayna tək qalsa, Rusiya bizi məhv edəcək. Əgər indi hərəkətə keçməsək, Rusiya qarşıdakı bir neçə ili təkcə Ukrayna üçün deyil, həm də başqalarını fəlakətə çevirməyə nail olacaq", - deməsi özü çox şeyi izah edir. Qısası, Rusiya-Ukrayna müharibəsində Kiyevin düşüncə dinamikası zəifləyir, çünki ölkənin getdikcə azalan hərbi resursları Rusiyanın yaratdığı istehkam xətlərini yarmağa imkan vermir. Ona görə ki, silahsız və silahlı ukraynalılar böyük itkilər verməyə hazır olan Rusiya qüvvələrinə qarşı xətti saxlamaq üçün tələb olunan resurslara malik deyillər. Yayda Ukraynanın başlatdığı əks-hücum əməliyyatlarının kor nəticəsi bu deyiləni aydın təsvir etməyə yol açır. Əslində Ukrayna həm siyasi iradədə, həm də hərbi müstəvidə dirənmə göstərir, yəni bu müqavimət olmasaydı, Rusiya qoşunları çoxdan başqa-başqa şəhərləri tutmuşdu. Amma Ukraynanın müqaviməti artıq əvvəlki səviyyədə deyil və getdikcə Qərbdən silah trafikində xəsislik edilməsi Kiyevin cəbhədəki vəziyyətini ağır sınağa çəkir".

Ekspertin fikrincə, hazırda Ukrayna ABŞ Konqresindən əlavə yardımların təsdiqlənməsinin intizarını çəkir: “Hərçənd ki, ABŞ-da prezident seçkisi dövrü Kiyevi bir qədər arxa planda tutur. Yəni Rusiyanın Ukraynadakı irəliləyişlərini ABŞ Konqresinin yeni silahların tədarükə dəstəyini uzun müddət gecikdirməsi ilə əlaqələndirmək çətin olmamalıdır. Rusiya Qərbin ən sərt sanksiyalarına rəğmən, iqtisadiyyatını sabitləşdirib və müdafiə, kosmik sənaye sahələrində aktivlərini genişləndirir. Yaxın zamanlarda Ukraynanın Rusiyanın müdafiə xətlərini yarmaq üçün əks-hücuma keçəcəyi gözlənilmir. ABŞ-da seçki kampaniyasının qızışdırdığı rəqabət ritorikası fonunda Vaşinqtonun Ukraynanı arxa planda saxlayacağı istisna deyil. Ukraynaya yeni yardım təsdiq edilsə belə, texniki prosedurlar tədarükü gecikdirəcək və bu müddətdə Ukrayna əraziləri Rusiyanın intensiv raket zərbələrinə tuş gələ bilər”.

Azərbaycan Laçın dəhlizini ermənilərin üzünə bağlamalıdır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin əsas səbəbini Medvedyev açıq göstərib: “Təhlükəsizlik şurasının sədr müavini "Ukrayna Rusiya ilə ittifaq dövləti quracaq, ya da məhv olacaq" kimi açıqlaması Kremlin imperialist siyasətini ortaya qoydu. Putin Belarus, Ukrayna ilə birgə yeni ittifaq dövləti quraraq növbəti mərhələdə Qazaxıstanı da ittifaqa cəlb edib, digər MDB ölkələrinə də siyasi təzyiqləri artıracaqdı. Ukrayna Rusiyanın nəzarətinə keçərsə, Putin MDB-dən ibarət yeni ittifaq dövləti yarada bilər. Əgər NATO yaz ayına kimi Ukraynaya hərbi yardımları artırmasa, ABŞ tez bir zamanda 60 milyard dolları yatırmasa, Rusiya Ukrayna və Qərb üzərində həlledici qələbə əldə edə bilər". Təhlilçi düşünür ki, bu da dünyada yeni tam fərqli siyasi mənzərə yaradar: “Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Baltikyanı ərazilər Rusiyanın nəzarətinə keçəcək. Türkiyə də regiondan sıxışdırılıb çıxarılacaq. Rusiyanın əsas ssenarisi budur. Təbii ki, Kreml çar Rusiyasının sərhədlərinə çıxmağı arzu edir. Qərbdə nəsil dəyişimi siyasətə də ciddi mənfi təsir edib. Rusiya  təhlükəsini gec başa düşərək Ukrayna müharibəsində süstlük edir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR