İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qarşı çıxdığı təşkilata sədrlik Azərbaycana keçir

1630 06.12.2023 09:15 Siyasət A A

Gələn ildən GUAM-a sədrlik estafeti Ukraynadan Bakıya ötürülür, Kreml isə bu platformanı qətiyyən bəyənmir - üstəlik, üzv dövlətlərdən üçü Rusiyanın işğalına məruz qalıb

2024-cü ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) üzvü olduğu regional təşkilata sədrlik bizə keçəcək. Ukraynadan sonra Azərbaycan təşkilatın sədrliyini edəcək. Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub. 

2020-ci ildə isə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub.

Azərbaycan yanvarın 1-dən GUAM-a yenidən sədrlik edəcək. 

Azərbaycan GUAM çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bir platformadır. Amma hazırda bu ölkələrdən biri - Ukrayna Rusiya ilə müharibəyə cəlb edilib. Moldovanın da Rusiya ilə münasibətləri gərginləşməkdədir. Gürcüstan son hadisələr fonunda Moskvaya qarşı loyal olmağa çalışsa da, Tiflis də Rusiyaya yaxın sayılmaz. Ukrayna müharibəsi ərəfəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin Şərqi Avropada yaradılmış “kiçik ittifaqlar” haqda danışarkən GUAM haqda da Kremlin mövqeyini ifadə edən ifadələr işlətmişdi. Səfir “GUAM yaradıldı, hər halda, o, bizə qətiyyən xoş deyildi - bu Gürcüstan, Ukrayna, Moldova, Azərbaycanı birləşdirirdi, amma işləmədi”, - deyə bildirmişdi. Kremlin bu ittifaqa qarşı olduğu əvvəldən də məlum idi, amma bunu dilə gətirmirdilər. Belə olduğu halda, regional təşkilat kimi GUAM-ın inkişaf perspektivlərini necə qiymətləndirmək olar? Bir sıra ekspertlər güman edir ki, Türkiyənin də GUAM-a qoşulması həmin təşkilatın yenidən canlanmasına təkan verə bilər.  

Onu da yaddan çıxarmayaq ki, üzv ölkələrdən yalnız Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib. 2023-cü il bu baxımdan əhəmiyyətli tarix oldu. Digər ölkələrin isə separatizm, ərazi işğalı problemləri mövcuddur: Ukraynada döyüşlər davam edir, 4 regionu işğal olunaraq Rusiyaya birləşdirilib, Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri də faktiki olaraq ondan qoparılıb, eləcə də Moldovanın “Dnestryanı respublika” problemi var. Və hər üç ölkə Rusiya ilə qarşıdurmada ərazi itkiləri ilə üzləşiblər. Azərbaycan bu mənada üzv ölkələrdən fərqlənir. Əvvəla, Bakının Moskva ilə münasibətləri rəvandır, ikincisi, Türkiyə kimi müttəfiqi var və Ankaranın da Kremllə əlaqələri yaxşı gedir, nəhayət, Azərbaycan Rusiya əleyhinə hər hansı addım atmayıb. Amma səfir Kelinin də təbirincə desək, GUAM onların xoşuna gəlmir və Rusiyanın xoşlamadığı bir platformaya sədrlik gələn ildən Azərbaycana keçəcək. Bu təşkilatda sədrlik nə vəd edir? Moskvanın qıcığına səbəb ola bilərmi, yoxsa artıq GUAM əvvəlki əhəmiyyətini saxlamır? Türkiyənin necə, bu təşkilata üzvlüyü mümkündürmü? 

Arzuxan Əlizadə: ABŞ Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk  dünyasına qarşı çıxıb - "İki sahil"

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a sözlərinə görə, GUAM yaradılanda hər dörd dövlətin separatizm problemləri mövcud idi: “Təbii ki, bu problemi yaradan Rusiya idi. Amma illərdir ki, bu təşkilat fəaliyyətsiz vəziyyətdədir. Ümumiyyətlə, onun varlığı unudulmuşdu, hər hansı layihələr də olmamışdı. İndi dönəm sədrliyi Azərbaycana keçir, amma güman etmirəm ki, təşkilatın aktiv fəaliyyəti olacaq. Üstəgəl, Azərbaycan separatizm və işğal problemlərini həll edib və indi bizə sərf etmir ki, GUAM fəal işləsin. Çünki geosiyasi vəziyyət Rusiya-Azərbaycan münasibətlərini yaxşı saxlamağı zəruri edir”. Partiya sədri Türkiyənin üzvlüyünə gəlincə, ümumən bu platformanın əhəmiyyətini itirdiyini düşünür: “Qərb bu platformaya münasibətdə ayrı-seçkilik edib. Hər üç ölkəyə dəstək olub, bizə qarşı addımlar atıblar. Son hadisələr fonunda da Avropanın bizə münasibəti göz qabağındadır. Ona görə Azərbaycan bu təşkilatın güclənməsində maraqlı olmamalıdır, eləcə də Türkiyə...”

Azad MƏSİYEV

 Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevə görə, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu var: “Biz Qərblə də əməkdaşlıq edirik, Türk Dövlətləri Təşkilatında da təmsil olunuruq, Rusiya ilə münasibətləri də yüksək səviyyədə saxlamaqdayıq. Bu mənada GUAM-da üzvlük bizə əlavə üstünlüklər verir. Çünki ermənilərin müxtəlif auditoriyalarda Azərbaycan əleyhinə ittihamları səslənir. Ancaq sədrlik etməklə göstərir ki, Rusiya ilə bu qədər problemləri olan dövlətlərlə bir təşkilatdadır. Eyni zamanda bu münaqişələrin həllində vasitəçilik edə bilərik. GUAM-da iştirakımız o baxımdan vacibdir. Yəni Azərbaycan Rusiya rəhbərliyi ilə bu üç dövlətin problemlərini müzakirə edərək vasitəçi rolu oynamaqda maraqlıdır. Azərbaycan regionda güclənmiş və heç kəslə problemi olmayan dövlətdir, o cəhətdən Ukrayna, Moldova, Gürcüstanla sıx əməkdaşlıq edərək onların problemlərinin çatdırılmasında yer ala bilərik”.

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub. GUAM iştirakçılara Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq üçün qarşılıqlı əməkdaşlıqdan istifadə etməyə kömək etmək üçün yaradılmışdı. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”   



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR