İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı Türkiyədə qaz habı layihəsindən yapışmağa nə vadar edir - şərh

858 30.09.2023 10:55 İqtisadiyyat A A

Çin Moskvanın əsas layihəsini Türkmənistandan çəkiləcək kəmərlə əvəzləyib

Son vaxtlar Rusiya  bütün gücü ilə Türkiyədə qaz habının yaradılmasını nəzərdə tutan layihənin icrasına nail olmağa çalışır. Ötən ildən bəri müzakirə olunan layihəni Rusiya bu ilin yazında gözardı etməyə çalışdı: prezident Vladimir Putin söhbətin qaz habı deyil, sadəcə, elektron satış platformasından getdiyini dedi.

Lakin bir aydan bir az artıq sonra özü habın yaradılması üçün işlərin sürətləndirilməsinin vacibliyini vurğuladı. Nələr Putinin mövqeyini belə dəyişdirməsinə səbəb oldu? Bu suala cavab tapmaq üçün Rusiyanın gəlir mənbələri, xüsusilə də qaz satışındakı vəziyyətə diqqət yetirməyə ehtiyac var. Belə ki, ərəb ölkələri ilə razılaşmaqla neft qiymətlərini 95 dollar civarına qaldırsa da, Rusiya öz neftini Brentdən 15 dollara yaxın ucuza satmalı olur.  Digər tərəfdən, OPEK+ çərçivəsində götürdüyü öhdəliyə əsasən gündəlik neft ixracını 300 min barel azaldıb. Ölkə daxilində benzin və dizel qıtlığının yaranması fonunda Rusiya hökuməti bu məhsulların ixracını dayandırıb, daha çox nefti daxili tələbatı ödəmək üçün emala yönəltməli olur. Nəzərə alsaq ki, daxildə satılan neft məhsullarının xarici bazardakı qiymət fərqini dövlət şirkətlərə ödəməlidir, onda Rusiyanın neft gəlirlərinin xeyli azalacağını söyləmək mümkündür.

Rusiya üçün yaxın 1 ayda gözlənilən daha bir təhdid onun istehsal etdiyi almazların Avropa Birliyinə ixracının dayandırılması ehtimalıdır. Avropa İttifaqının 12-ci sanksiya paketində G7 ilə birlikdə Rusiya almazlarının idxalına qadağa qoyulması nəzərdə tutulur. Bu qiymətli daşların ixracı Rusiyaya ildə 5 milyard dollara qədər gəlir gətirir. Qadağa qoyularsa, bu gəlirin mühüm hissəsi əldən çıxacaq, çünki Rusiya almazlarından hazırlanan məmulatların ən böyük alıcıları Avropa və G7 ölkələridir.

Rusiyanın daha bir gəlir mənbəyi olan buğdanın qiyməti son 2 ilin minimumuna düşüb. Rusiya öz buğdasını hazırda tonu 243 dollara realizə edir. İxracda, daşınmada, maliyyələşmə və sığorta sahəsindəki problemlər Rusiyanın gübrə ixracında da ciddi çətinliklər yaradıb.

Nəhayət, Rusiyanın neftdən sonra ən böyük gəlir mənbəyi olan qaz ixracından gəlirləri ötən illə müqayisədə 12 dəfədən çox azalıb. Bu ilin birinci yarısında “Qazprom” şirkəti qaz hasilatını 25 faiz azaldıb. Musavat.com şirkətin hesabatına istinadən xəbər ki, 6 ayda hasilat 179,45 milyard kubmetrə bərabər olub. Ötən ilin eyni dövründə hasilat 238,46 milyard kubmetr təşkil etmişdi.

“Qazprom” bildirir ki, hasilatın azalması “bir sıra ölkələrdə Rusiya qazının idxalından imtinaya yönəlmiş siyasi motivli qərarların qəbulu” ilə bağlıdır.

İlin birinci yarısında “Qazprom”un neft və qaz kondensatı hasilatı isə 8,8 faiz artaraq 36,31 milyon tona çatıb. Birinci yarımildə şirkətin Rusiya daxilindəki qaz nəqli sisteminə qazın tədarükü 12 faiz azalaraq 286,7 milyard kubmetr təşkil edib. 2022-ci ilin eyni dövründə  bu, 328,8 mlrd. kubmetr olmuşdu.

2023-cü ilin birinci yarısında “Qazprom”un daxili və xarici bazarlara qaz satışı 26,5 faiz azalaraq 166 milyard kubmetr təşkil edib. 2022-ci ilin eyni dövründə bu göstərici 225,7 milyard kubmetr olmuşdu.

İsrail, Türkiyə və Rusiyanın müdhiş planı: Avropa ilə qaz anlaşması üç  ölkənin mövqelərini gücləndirir – TƏHLİL - GlobalInfo.az

Hazırda Rusiya yeni qaz bazarları tapmaq, Avropanın almadığı malını satmağa çalışır. Belə bazar kimi ən böyük həcmlisi Çin bazarı çıxış edir. Rusiya baş nazirinin müavini Aleksandr Novak bir müddət əvvəl Rusiya qazının Şərqə ixracını 7 il ərzində 170 milyard kubmetrə çatdırmağı nəzərdə tutan iddialı plan açıqlayıb. Buna iri infrastruktur layihələrinin - “Sibirin Gücü - 2" və artıq fəaliyyətdə olan ”Sibirin Gücü - 1" boru kəmərinə əlavə olaraq fəaliyyət göstərməli olan Uzaq Şərq adlanan marşrutun həyata keçirilməsi yolu ilə nail olunması nəzərdə tutulur: “Qaz-nəqliyyat infrastrukturunun inkişafı sahəsində bu layihələr ölkənin bütün qaz-nəqliyyat sistemini vahid şəbəkədə birləşdirməyə imkan verəcək və şərq istiqamətində boru kəməri qazı ixracının100 milyard kubmetrə qədər artırılmasına səbəb olacaq. Bundan əlavə, Yamalda yeni zavodların işə salınması 2030-cu ilə qədər maye qaz istehsalını 100 milyon tona çatdıracağı və beləliklə, 2030-cu ilə qədər Şərqə qaz ixracının ümumi həcminin 170 milyard kubmetrə yüksələcəyi gözlənilir”.

Qeyd edək ki, 2022-ci ildə Rusiyadan Çinə boru kəməri qazı ixracı əvvəlki ilə nisbətən bir yarım dəfə artaraq 15,4 milyard kubmetrə çatıb. LNG ixracı isə 35,2 faiz artaraq 6 milyon ton təşkil edib. Novakın sözlərinə görə, bu il Rusiya Çinə boru kəməri ilə qaz tədarükünü daha 50 faiz artıraraq 22 milyard kubmetrə çatdırmalıdır.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya boru kəməri qazının Avropaya tədarükü artıq 90 milyard kubmetr azalıb. Bu il ixrac həcmləri daha 45 faiz və ya 35 milyard kubmetrdən çox azala bilər. Beləliklə, boru kəməri qazı və LNG vasitəsilə Rusiya 2030-cu ilə qədər Avropaya nəinki itirilmiş tədarükləri kompensasiya etməyi, həm də onları demək olar ki, bir yarım dəfə ötməyi planlaşdırır. Bu planlar nə qədər realdır? Rusiyalı ekspertlərin böyük əksəriyyəti onları real hesab etmirlər. Hazırda Rusiyadan Çinə qaz tədarükü “Sibirin Gücü - 1" boru kəməri vasitəsilə həyata keçirilir. Onun layihə gücü mümkün genişlənmə ilə 38 milyard kubmetrdir. Kəmərin tam nəql gücünə 2027-ci ildə çatacağı gözlənilir.

Türkiyənin qaz habı Transxəzər boru xəttini reallığa çevirə bilər

Rusiya Çinə qaz nəqlinin artımında əsas ümidlərini layihə gücü 50 milyard kubmetr olan və Monqolustan ərazisindən keçən “Sibirin Gücü - 2" (”Qərb Marşrutu") kəmərinədir. Hansı ki, 2020-ci ildən gündəmdə olan layihəni Rusiya hələ də Çinlə razılaşdıra bilməyib. Mart ayında Novak bildirmişdi ki, Rusiya bu ilin sonuna qədər bu kəmər vasitəsilə Çinlə tədarük üçün müqavilə bağlamağa ümid edir. Martda Çin liderinin Moskvaya səfəri zamanı layihə ilə bağlı prinsipial razılaşmaların elan olunacağı gözlənsə də, bu, baş vermədi. İndi nəzərlər oktyabrda Putinin Pekinə gözlənilən səfərinə yönəlib. Lakin Reustersin yazdığına görə, bu səfər də “Sibirin gücü-2" layihəsinə güc verməyəcək. Çünki Pekin onun əvəzində Türkmənistandan dördüncü kəmərin çəkilişini özü üçün prioritet layihə hesab edir. Türkmənistan hazırda Çinin qaz tələbatının 20 faizini təmin edir. 30 milyard kubmetrlik ötürücülük gücü olan D xəttinin istismara verilməsi ilə bu pay 35 faizə qədər yüksələcək. Bu xəttin çəkilməsinin 6,7 milyard dollara başa gələcəyi gözlənilir.

2022-ci ildə Çin Türkmənistandan  10,3 milyard dollar dəyərində 35 milyard kubmetr qaz alıb. Rusiyadan isə 16 milyard kubmetrə yaxın qaza 4 milyard dollar ödəyib. Türkmən qazı Rusiya qazından 33 faiz baha başa gəlsə də, Pekin üstünlüyü birinciyə verir.

Bu ilin birinci yarısında da Türkmənistan Çinin əsas boru qazı tədarükçüsü olub: 5,06 milyard dollarlıq satış edib. Rusiya isə bu dövrdə Çinə 3,4 milyard dollarlıq boru qazı ixrac edib.

Reuters yazır ki, Çinin üstünlüyü türkmən qazına verməsinin əsas səbəbi Türkmənistandan gedən kəmərlərin ölkənin əsas sənaye bölgəsinə, Rusiyadan gedənlərin isə geridə qalmış və tələbatın az olduğu Uyğur bölgəsinə çatmasıdır.

Bu yaxınlarda prezident Vladimir Putin Rusiya və Çin hökumətləri arasında qazın digər boru kəməri - bəzən “Sibirin Gücü - 3" adlanan ”Uzaq Şərq marşrutu" ilə nəqli sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb. 10 milyard kubmetr ötürücülük gücü olacaq marşrutun resurs bazası “Saxalin-3" layihəsinin dəniz yataqları olacaq. Beləliklə, Rusiyadan Çinə qaz nəqlinə dair 3 layihə illik 98 milyard kubmetr qaz ixracına imkan verə bilər. Lakin bu layihələrdən ən böyüyü - ”Sibirin gücü-2" ilə bağlı prosesləri irəlilətmək mümkün olmur.

Rusiyanın Türkiyədəki qaz habından əldə etdiyi fayda açıqlanıb -  05.03.2023, Sputnik Azərbaycan

Üstəlik, Putinin qeyd etdiyi “Uzaq Şərq” marşrutunun qazla təminatı ciddi sual altındadır. Bu marşrutla Saxalindən çıxarılan qazın nəqli nəzərdə tutulur. Amma ekspertlərə görə, Saxalindəki ehtiyatlar ona olan ehtiyacı qarşılayacaq qədər deyil. Bu ehtiyaclar arasında Rusiyanın yaxın bölgələrinin qazlaşdırılması da var.

Nəhayət, Çin Rusiya qazını dünya bazar qiymətindən az qala 40 faiz ucuza istəyir. İndiyədək Rusiyanın Çinə qazı neçəyə satdığı rəsmi şəkildə açıqlanmayıb. Çin gömrük orqanının açıqladığı statistikadan aydın olur ki, ölkə ən ucuz qazı Rusiyadan alır. Lakin hətta bu şərtlərlə də onun alışını artırmağa həvəs göstərmir. Əksər analitiklərə görə, burada əsas rolu Rusiyanın Avropanı qazla şantajı təcrübəsindən çıxarılan dərs oynayır. Buna görə də “Sibirin Gücü - 2" hələ də Çin tərəfindən 2040-cı ilə qədər milli qaz balansının məcburi hissəsi kimi nəzərdən keçirilmir.

Buna görə də Rusiya üzünü məcburən yenə Avropaya  tutmalıdır. 2024-cü ilin yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini tam dayandıracağını elan edərək, onun Avropadakı alıcıların xəbərdarlıq göndərib. Bu halda Rusiyanın Avropadakı azsaylı alıcılarına qazı çatdırmaq üçün yeganə ümidi Türkiyə olacaq. Məhz Türkiyədən keçən “Mavi Axın” vasitəsilə Rusiya qazının Macarıstan, Avstriya kimi azsaylı alıcılara çatdırılması mümkün olacaq. Yalnız Türkiyə Rusiya qazını Avropaya satmaq üçün zəruri infrastruktura malikdir.Buna görə də Rusiya prezidenti yenidən Türkiyədəki hab layihəsinə qayıtmağa məcbur olub.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR