İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı Qafqazda əvəzləyəcək vazkeçilməz güc: Azərbaycan-Türkiyə tandemi

664 03.10.2023 12:38 Siyasət A A

“Erməniləri tarixən ingilis, fransız və amerikanlar fitvalayıb, amma...”

Rusiya-Ermənistan münasibətləri kritik nöqtəyə - partlayış həddinə yaxınlaşır. Söhbət təkcə Qarabağdakı məlum hadisələrdən sonra ən yüksək səviyyədə özünü göstərən söz duelindən, o sırada bir-birinin ünvanına həqarətli bəyanatlar verməkdən getmir. “Ayrılma” praktik müstəvidə də gerçəkləşməyə başlayıb. Artıq bəllidir ki, sentyabrın 29-da Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statusunu (Əsasnamə) yekdilliklə təsdiqləyərək ratifikasiya üçün parlamentə göndərib.

Keçən ilin dekabrında sənədi Nikol Paşinyan hökuməti təsdiqləmişdi. Şübhə yox ki, sənəd parlamentdə təsdiqlənəcək. Bununla da “strateji müttəfiq” Rusiyanın rəhbəri Vladimir Putinin Ermənistana girişi de-yure bağlanmış olacaq. Çünki BCM-in onun haqqında həbs qərarı var. Ardınca məlum oldu ki, Ermənistanın müdafiə naziri Suren Papikyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyanın Tula şəhərinə getməkdən imtina edib. Daha öncə İrəvan KTMT-də (“Rus NATO-su”) Ermənistanın boş qalan nümayəndəliyi yerinə yeni şəxsin təyinatından imtina etmişdi. Bu arada Ermənistan hökumətinin Teleqram kanalları ölkənin KTMT-dən çıxacağını və Rusiya hərbi bazasının tezliklə bağlanacağını anons edib. Bundan əlavə, bildirilir ki, İrəvan Ermənistanın hazırkı çətin sosial durumunu nəzərə alaraq, tədarükü hələ də başlamamış Rusiya silahlarına görə Moskvaya ödədiyi təxminən 400 milyon dolları geri almaq üçün Rusiyaya müraciət edib. Lakin Rusiya tərəfi silah tədarükü üzrə müqavilələrin hələ də ləğv olunmadığını əsas gətirərək, pulu qaytarmaqdan imtina edib.

“Ermənistanın KTMT-yə üzvlüyü nəinki tam mənasızdır, hətta bizim təhlükəsizlik sistemini təhdid edir. Çünki o halda yeni silahlar almağımıza və digər ölkələrlə hərbi sahədə əməkdaşlığımıza mane olur. KTMT-dən çıxmaq indi imperativ və təcili ehtiyacdır. Etibarsız və məsuliyyətsiz "müttəfiqlər"dən mümkün qədər uzaq durmalıyıq", - teleqram kanalları yazır. Ermənilərin əminliyinə görə, Gümrüdəki Rusiya bazasının taleyi də artıq proqnozlaşdırılan xarakter almaqdadır: “Azərbaycanla münasibətlərin mümkün tənzimlənməsi halında Türkiyə ilə də münasibətlərin nizamlanması gözlənilir. Əgər bu ssenari reallaşarsa, o zaman diplomatik münasibətlərin qurulmasının ertəsi günü sözün əsl mənasında Moskvaya Rusiya hərbi bazasını çıxarmaq üçün konkret vaxt təyin oluna bilər”, - deyə erməni mənbələr qeyd edir. Həqiqətən də Azərbaycan və Türkiyə ilə münasibətlər qaydaya düşəndən sonra Ermənistanda Rusiya hərbi bazasının varlığına lüzum qalmayacaq. Ardınca Ermənistanın Türkiyə və İranla sərhədlərini də yəqin ki, rus hərbçiləri (FTX) deyil, ermənilərin özləri qoruyacaq. Proseslərin bu cür yekunlaşması əlbəttə ki, Qərbin, özəlliklə ABŞ-ın da marağındadır. O zaman məntiqlə Vaşinqton İrəvanı Bakı və Ankara ilə sülh anlaşmaları imzalamağa daha güclü sövq etməlidir. Edəcəkmi?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Qərb-Rusiya qarşıdurması güclənməkdədir: “Azərbaycan isə balans elədi. Bu, bizə güclənməkdə kömək etdi. Qardaş Türkiyə ilə ən yüksək həddə əlaqələr quruldu. Türkiyə də xarici siyasətini hələ ki, belə görür: Anqlosakson təsiri Avrasiyada azaldılmalıdır. Rusiya bu məsələdə Türkiyə ilə yaxındır. Azərbaycan burada önəmli bağlayıcıdır. Ermənistan isə indi aktiv şəkildə Qərbə meyl göstərir. Erməniləri tarixən ingilis, fransız və amerikanlar fitvalayıb, amma ruslar sahib çıxıb. Ona görə Ermənistanın Rusiyaya qarşı gəlməsi ona ciddi yara vuracaq. Lap yaxşı. Bizə demilitarizasiya edilmiş, silahsızlaşdırılmış Ermənistan lazımdır. Azərbaycanın güclüyünün davamlılığı Türkiyə ilə qardaşlığa, digər region gücləri ilə normal emosiyadan uzaq praqmatik münasibətlərə bağlıdır. İran misal üçün, Ermənistandan vaz keçə bilər. Çünki Amerika ilə yaxınlıq Ermənistanı avtomatik olaraq İrandan uzaqlaşdıracaq. Bu zaman İran Azərbaycan-Türkiyə ittifaqı ilə hesablaşmalı olacaq. Rusiya isə Qərbə qarşı dayanmaq üçün yenə Azərbaycan-Türkiyə ittifaqı ilə hesablaşmalıdır. Bu gün əsl mübarizə Avrasiya məkanında ənənəvi tarixi dövlətlər və transdövlət anlayışı arasında gedir. Vaşinqtonun Ermənistanı Azərbaycanla sülhə məcbur etməsinə inanmıram”.

Dövlətimizin başçısının regionlara hər səfəri həm sosial, həm də iqtisadi  infrastruktur layihələrin açılışları ilə yadda qalır - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Ermənistan üzərində qurulan ssenarinin həyata keçirilməsində tezliklə Rusiya və Qərbin nəyəsə nail olacağını düşünmür: "Paşinyanın "məxməri inqilabından" sonra Ermənistanla Rusiyanın bir neçə əsrlik həmrəyliyinin sonlandığının şahidiyik. Regiondakı hazırkı reallıqların isə Azərbaycan Prezidentinin uzaqgörən, məqsədyönlü, milli maraqları irəli çəkən regional siyasətinin nəticəsi olduğu dəqiqdir. Lakin belə bir vəziyyətdə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması və bunun Qərbin, özəlliklə ABŞ-ın marağında olması, Qərbin bu istiqamətdə cəhdləri - bu artıq sadəcə bir ssenaridir. Digər və daha real ssenari isə bunun tam əksini, Ermənistanın “Ukraynalaşmasını” özündə ehtiva edir. Belə ki, nə Rusiya Ermənistanı rahat şəkildə itirməyə razı olar, nə də Qərb bu cür rahatlıqla bölgəyə yerləşə bilər. Odur ki, alternativ ssenaridə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırmasından söhbət getmir, əksinə, onun gələcək təhdidlər qarşısında silahlandırılmasından və bölgədə yeni barıt çəlləyinin yaradılmasından söhbət gedir. Ermənistan üçün gələcək təhdidlər olaraq Azərbaycan tərəfindən guya Ermənistanın ərazi bütövlüyünün pozulması, Zəngəzur dəhlizinin açılması olaraq təqdim olunur. Bir sıra ABŞ və Fransa rəsmiləri erməni tezislərini irəli çəkərək açıq şəkildə bəyan edirlər ki, qarşıdan gələn təhlükələri dəf edə bilməsi üçün Ermənistanı güclü bir şəkildə silahlandırmaq, hətta onu Avropa Sülh Mexanizminə (European Peace Facility) cəlb etmək, Ermənistan vətəndaşlarının Avropaya qısa müddətli səfərləri üçün vizasız səyahət rejimi tətbiq etmək, Azərbaycanla iqtisadi-enerji münasibətlərinə yenidən nəzər yetirmək lazımdır. Ukraynada olduğu kimi, Ermənistan, sadəcə, silahlandırılacaq. Lakin ermənilər ukraynalılar deyil, ərazisi də o qədər böyük deyil, tək Azərbaycan qarşısında 44 gün tab gətirən Ermənistanın keçmiş hamisi Rusiyanın qarşısında neçə saat tab gətirəcəyini isə təxmin etmək çətin deyil. Odur ki, bu ssenarinin reallaşması Ermənistan üçün qətiyyən sərfəli deyil və ən ağlabatan çıxış yolu, elə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması, Cənubi Qafqazı barıt çəlləyindən azad edərək, “3+3" formatında regional əməkdaşlıq gündəliyinin inkişaf etdirilməsidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR