İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı vasitəçi Bakıya “səssiz” gəlib-qayıtdı - səbəb

2164 19.05.2023 10:55 Siyasət A A

Budəfəki səfərdə ən diqqət çəkən İqor Xovayevin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməməsi oldu

Adətən Moskvadan bölgəyə səfər edən rəsmilərin görüşləri geniş müzakirə mövzusuna çevrilir, diqqət mərkəzində olur. Amma bu dəfə bir istisnanı müşahidə etdik: Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin ötən həftə Bakıya səfəri xeyli səssiz keçdi.

Xarici İşlər Nazirliyinin məlumatında deyilirdi ki, Ceyhun Bayramovla görüş xeyli zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub. Məlumatda deyilir ki, C.Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəsinin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O eyni zamanda Ermənistanın sülh prosesinə və danışıqlara “xələl gətirən təxribatçı addımları” barədə qarşı tərəfə məlumat verib. İqor Xovayev isə regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.

İqor Xovayev Bakıya İrəvandan gəlmişdi. O, İrəvanda Nikol Paşinyan və digər yüksək vəzifəli şəxslərlə müzakirələr aparmışdı. Diqqətçəkən budur ki, məhz Rusiya rəsmisi İrəvanda səfərdə olarkən Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə bağlı atışmalar olub. Azərbaycan tərəfdən 2 hərbçi həlak olub, 1 hərbçi yaralanıb.

Əslində mövcud durumda Moskva-İrəvan münasibətləri barədə yüksək fikirlər söyləmək olmaz. Düzdür, Nikol Paşinyan 9 may paradında iştirak edib, geri dönəndən sonra Basarkeçər istiqamətində gərginlik yenidən artdı ki, bunun da arxasında baş nazirin Kremldən aldığı təlimatların dayandığı daha çox vurğulandı. Amma Ermənistanın sürətlə Qərbə doğru can atması Rusiyanı aşkar qıcıqlandırır. Hətta Rusiya xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində bildirib ki, Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanında ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır. Lavrov ölkəsinin ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyə kömək etmək təklifini açıq təxribat kimi qiymətləndirdiyini söyləyib.Rusiya XİN rəhbəri Ermənistanı açıq tənqid etməsə də, bundan əvvəl İrəvan-Qərb münasibətlərindən narazı qaldığı məlumdur. Ermənistandakı Avropa missiyası, İrəvanın Qərb masalarında tez-tez peyda olması Rusiyanın rahatlığını pozan amillərdir. Lakin belə görünür ki, Rusiya hərbi varlığını Ermənistanda qorumaqdan ötrü “dəyənək və kökə” siyasətinə üstünlük verir.

Budəfəki səfərdə ən diqqət çəkən Xovayevin Prezident İlham Əliyev tərəfindən qəbul edilməməsi oldu. Sonuncu dəfə Prezident İlham Əliyev Xovayevi bu ilin 14 fevralında qəbul edib. Xovayevin İrəvandan Bakıya hansısa təkliflər gətirdiyi haqda fikir söyləmək çətindir. Dövlət başçısının Heydər Əliyevin yubiley tədbirləri ilə bağlı gündəliyinin sıx olduğu da məlumdur. Amma bu fakt diqqət çəkir. Sərhəd təxribatında Rusiyanın barmağı ola biləcəyi haqda bəzi iddialar vardı. Bəs ekspertlər nə düşünür, Xovayevin “səssiz səfəri” Rusiyaya mesajdır, yoxsa...

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

 Qafar Çaxmaqlı 

Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Qərbin bölgəmizlə bağlı aktivliyi və bunun arxasında duran məqsədlərin Rusiyanın təsir gücünü azaltmağa yönəlik tədbirlər olduğu məlumdur: “Amerikada, Brüsseldə baş tutan görüşlər və onun davam etdirilməsi ilə bağlı fəaliyyətlər Rusiyanı narahat edir və o, qabaqlayıcı siyasi iradə ortaya qoyacaq. Xovayevin səfəri də əslində Ermənistanı xəbərdar etməkdir. Onun Nikol Paşinyanla görüşməsini və İlham Əliyevlə bir araya gəlməməsini də buna bağlayıram ki, Rusiyanın Ermənistanın apardığı siyasəti bildiyi məcraya yönəltmək niyyəti var. Lavrovun çıxışını xatırlayın: Amerikanın Ermənistandakı hərbi bazası və sərhəd qoşunlarını çıxarmağın müqabilində ona dəstək verəcəyi ilə bağlı mesajı Rusiya üçün "SOS" siqnalıdır". Q.Çaxmaqlı hesab edir ki, Ermənistan Qərblə Rusiya arasında qalıb və nə edəcəyini bilməyən bir durumdadır: “İrəvanın sülh sazişinin bağlanması ilə bağlı da başqa seçənəyi yoxdur. Nəzərə almalıyıq ki, Rusiyanın Qafqazda hərbi varlığı bu müqavilədən asılıdır. Münaqişə başa çatarsa, Rusiyanın edəcəyi bir şey qalmır, "sülhməramlı" adı ilə Qarabağa yerləşdirdiyi hərbi kontingenti bölgədən çıxarmaq zorundadır. Bunun ardınca baza və sərhəd qoşunlarının çıxarılması əlavə olunarsa, Qərb istəyinə nail ola bilər. Bunu belə oxumaq lazımdır ki, sərhəddəki təxribatların da müəllifi Rusiyadır. Rusiya Ermənistanla Azərbaycan arasında razılaşmalarda tərəf olmaqdan imtina etməyəcək və Moskvada sülh prosesi ilə bağlı üç ölkənin dövlət başçıları səviyyəsində bir görüşün olacağı da istisna deyil. Rusiyanın hələ təsir imkanları tükənməyib və o, asanlıqla təşəbbüsü əldən verməyəcək".

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, Rusiya regionda hərbi iştirakını təmin edərək, “sülhməramlılar” adı altında hərbi kontingentini bölgəyə yerləşdirib: “Onlar heç vaxt tərəflər arasında sülhün bərqərar olmasını istəməyiblər. Kreml əslində vasitəçi kimi fəaliyyət göstərmir, daha çox regionda öz maraqlarını qorumağa çalışır. ABŞ isə Rusiyanın regiondan çıxarılması istiqamətində səylərini artırıb. Bu, danışıqlarda təşəbbüsün Vaşinqtona, Qərbə keçməsində özünü göstərir. Ona görə də Xovayevin bu səfəri Rusiyanın regionda mövqelərinin bir qədər zəifləməsi ilə bağlıdır. Bakı və İrəvandakı görüşlər bu narahatlığın çatdırılmasına yönəlmişdi. Ermənistan Rusiyanın müdaxilələrindən razıdır, ona görə də Xovayevə elə diqqət göstərildi ki, yüksək səviyyədə qəbul edildi. Azərbaycan isə Rusiyanın proseslərə müdaxiləsində maraqlı deyil, Xovayev kimi nümayəndələrin səfərlərinə isə heç bir əhəmiyyət vermir. Ona görə də yüksək səviyyədə qəbul olunmadı. O, "səssiz" gəlib getmədi, onu biz səssiz-səmirsiz yola saldıq. Bu da bir diplomatik jest idi. Kremldə bunu anlamamış olmayacaqlar".

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTAC

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov isə bildirdi ki, Rusiyanın son dövrlər atdığı addımlar bizi əsla qane etmir: “Azərbaycan öz ərazilərində sülhməramlıların separatçıları necə dəstəklədiyini gözəl görür. Xovayevin Vaşinqton və Brüssel görüşləri ərəfəsində regiona səfəri səmimi ola bilməz. Necə ola bilər ki, Rusiya noyabrdan bu yana dalana dirənən görüşlərdə fəallıq göstərmirdi? Amma Qərb formatı bərpa olunan kimi, Rusiya yenidən guya fəallıq göstərir. Həm də İqor Xovayev təəssüflər olsun ki, Azərbaycan və Ermənistan arasında normallaşmaya heç bir vəd etmir. Xovayev reallığı yaxşı bilir. Rusiyaya bəlli olan da odur ki, sülhün ən önəmli açarı Xankəndidən separatçı və terrorçuların çıxarılmağından asılıdır. Bunu etməyəcəyi təqdirdə Rusiyaya inam əsla ola bilməz”.

T.İsmayılov son təxribatların təsadüfən baş vermədiyinə əmindir: “Ermənistan İran silahlarından istifadə edir. Sülh danışıqlarının getdiyi bir ərəfədə bunun olmağı Ermənistanın terror sifətini göstərir. Əsas məsələ odur ki, sülh danışıqları ilə bağlı ölkəmizin konkret çağırışları var. Amma çox təəssüf ki, Ermənistan bu məsələdə manipulyasiyalarını davam etdirir. Bildiyimiz kimi, ayın əvvəllərində ABŞ-da xarici işlər nazirlərinin uzun danışıqları oldu. Əslində bu danışıqlar tarixi hadisə idi. Çünki ABŞ sülh məsələsində maraqlı olduğunu göstərirdi və bunun üçün günlərini sərf edirdi. Bunun ardınca Brüsseldə 3 tərəfli görüşlər oldu. Lakin həm Vaşinqton, həm də Brüssel görüşləri ərəfəsində Ermənistan davamlı olaraq təxribatlar törətdi. Nəticədə hərbi qulluqçularımız şəhid oldu. Üstəlik, biz bilirik ki, bölgədə gərginliyin qalması Rusiyanın ideoloji siyasətinin bir parçasıdır. Bütün bunları nəzərə alanda Moskva görüşündən böyük uğur gözləməyə dəymir. Amma bəzi mübahisəli məsələlərin aydınlaşdırılmasında belə görüşlər vacibdir”.

Moskva görüşündə hansısa nəticə əldə olunacağına inam azdır. Sözsüz ki, bu, Rusiyanın “prosesdə mən də varam” mesajının rəsmi təzahürüdür. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə mayın 14-də Brüsseldə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra bildirmişdi ki, liderlər səviyyəsində görüşləri mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. “Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla Kişineuda keçiriləcək 2-ci "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm" - Ş.Mişel deyib. Qərbin prosesə dinamika verməsi şəraitində Moskva uzaqdan tamaşa edə bilməzdi... 

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR