İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı nazirin Kremldən gətirdiyi mesajlar

2126 01.03.2023 09:02 Siyasət A A

Müzakirələrin nəticəsi Azərbaycan-Türkiyə-Rusiya üçbucağının elementlərini daha da möhkəmlədəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də axşam Bakıya iki günlük rəsmi səfərə gəlib. Rusiyalı nazir səfərinin ilk günü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. İki günlük səfərdə verilən mesajlar onu göstərir ki, Lavrovun səfəri Azərbaycanla Rusiya arasındakı əlaqələri gücləndirmək məqsədinə xidmət edir. Bu, Moskva üçün vacibdir, ona görə ki, Ermənistan Rusiyaya arxa çevirib və Bakı balanslı siyasətinə sadiq qalıb. Kreml seçim edərkən Bakıya üstünlük verməyə məcburdur. Kremli buna vadar edən amillərdən biri də Ankaranın maraqlarıdır. Təsadüfi deyil ki, İlham Əliyev Lavrovun səfərindən öncə İstanbula gedərək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Lavrovun “Bakı portfeli” Azərbaycan-Türkiyə-Rusiya üçbucağının elementlərini daha çox nəzərə çarpdıracaq.

Bakı Qərbin sülh üçün təkliflərini də nəzərdən keçirməyə davam edəcək və uyğun Brüssel formatından qaçmayacaq.(Oxu.az)

Fevralın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN başçısı Sergey Lavrovun təkbətək görüşü keçirilib. Sonra Azərbaycan və Rusiya XİN rəhbərlərinin geniş tərkibli görüşü baş tutub. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər. S.Lavrov bildirib ki, Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib: “Biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün meydan təqdim etmişik. O cümlədən ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşünü keçirək. Ceyhun Bayramov hadisələrin sonrakı inkişafını xatırlatdı. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna etiraz etmədiyini deyib, lakin hələlik yekun razılığını verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid edəcəyik. Lakin bu təkliflər hər iki tərəfə yaxşı məlumdur”.

XİN: Ceyhun Bayramov və Lavrov Ermənistanla sülh sazişinin imzalanmasını  müzakirə edib - YENİLƏNİB

 Ceyhun Bayramov

Nazir Ceyhun Bayramov isə bildirib ki, görüşdə Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub: “Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi apardıq. Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər. Rusiyalı həmkarım Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti, eyni zamanda üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Lavrovla  Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını da müzakirə etdik”.

S.Lavrov həmçinin Bakıda “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edib. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçirilir və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunub.

Lavrovun Bakı səfərinin rəsmi təqdimatı konfransda iştirak kimi təqdim olunsa da, heç şübhəsiz, onun gündəliyində digər mövzular da olub. Bu məqamda xatırladaq ki, son həftələr Bakı və Moskva diplomatik səviyyədə intensiv əlaqələr saxlayırdı. Əsas mövzu Ermənistan-Azərbaycan məsələsinin nizamlanması və avropalı müşahidəçilərin Ermənistana yerləşdirilməsi olub. “Turan” bu məsələ ilə bağlı məqaləsində  yazır ki, Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi Moskva üçün getdikcə daha böyük narahatlıq və əhəmiyyət kəsb edir. Moskva İrəvanın avropalıları dəvət etmək və Rusiyanın maraqları zonasında onların iştirakını təmin etmək qərarından narazılığını dəfələrlə və açıq şəkildə bildirib.

 Bakı da Aİ missiyasına mənfi münasibətini gizlətmir, bunu  İrəvanın sərhəddə yerləşən ərazilərinin “işğalı” ilə əsaslandıraraq, süllh sazişinin imzalanmasını gecikdirmək cəhdi kimi qiymətləndirir. İrəvanın Moskvanın Aİ missiyasının Ermənistanda iştirakından narazılığını nəzərə almaqdan imtinası Azərbaycanın Laçında, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi yaratması məsələsini sürətləndirə bilər. Lavrovun səfər zamanı belə bir nəzarət-buraxılış məntəqəsinin yaradılması nəzərə alınmaqla, Rusiya sülhməramlılarının rolunu və səlahiyyətlərini də müzakirə edəcəyi istisna deyil.

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri həm də Münhen təhlükəsizlik konfransında Azərbaycan və Ermənistan liderlərinin ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə keçirdiyi görüşdən sonra baş tutub. Bu iki günlük səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirilir, tədbirlər reallaşdırılır: “Lavrovu Prezident İlham Əliyev də qəbul edib və görüşdə mətbuat üçün açıq olan hissədə qarşılıqlı olaraq mühüm məqamlara toxunuldu. Xüsusilə hər iki tərəf ötən il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannaməyə toxundular. Bir il ərazində bu bəyannamədən irəli gələn vəzifələrin icra olunmasına dair addımlar atılıb. Bəzən bu bəyannamənin ruhuna uyğun olmayan xoşagəlməz hallara da rast gəlmişik. Ancaq istənilən halda müttəfiqlik bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərinin bu gün bir göstəricisi kimi qiymətləndirilməlidir. Rusiya postsovet məkanında güclü dayaqlara və maraqlara sahib olan bir dövlətdir. Azərbaycan tərəfi məhz elə Münhen təhlükəsizlik konfransında həm Laçın yolunun Ermənistanla birləşən nöqtəsində, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin edən yolda qarşılıqlı olaraq hər bir dövlətin-Azərbaycanın və Ermənistanın nəzarət buraxılış məntəqələrinin qurulması təklifi ilə çıxış etmişdi. Azərbaycanın bu təklifindən Ermənistan imtina etdi. Bu, artıq Ermənistanın qeyri-konstruktivliyini və sülhdən uzaqlaşmasını ortaya qoyur. Buna görə də şübhəsiz ki, Sergey Lavrovun səfəri çərçivəsində Bakıda aparılan danışıqlarda Azərbaycanın nəzarət-buraxılış məntəqələri yaratmaqla bağlı təklifi də müzakirə oluna bilər. Kommunikasiyalar üzərində nəzarətin əldə saxlanması, ona təhlükəsizlik zəmanətinin verilməsi funksiyasını icra edən Rusiya ilə bir sıra müzakirələrin aparılması normaldır. Eyni zamanda biz Laçın yolunda yerləşdirilmiş sülhməramlıların olmasına baxmayaraq qanunsuz daşımaların da həyata keçirildiyini müşahidə etmişik. Lavrovun səfərində bu məsələdə də daxil kompleks məsələlərin müzakirə edilməsi şübhəsizdir. Həmçinin Rusiyanın moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında yeni görüşünü keçirilməsi də rusiyalı nazirin səfəri çərçivəsində müzakirə edilə bilər”.

Ekspert qeyd etdi ki, Sergey Lavrovun səfərinin Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir edəcəyi bəllidir. Məhz bu səfərin Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulmasına təsir göstərib-göstərməyəcəyini isə yəqin ki, yaxın zamanlarda biləcəyik.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov 

Politoloq Zaur Məmmədov isə bildirib ki, Azərbaycan və Rusiya arasında həmişə olduğu kimi ən böyük müzakirə mövzusu məhz Ermənistanla, daha doğrusu, Qafqazdakı “erməni məsələsi” ilə  bağlıdır: “Yəqin ki, üçtərəfli bəyanatda Azərbaycan və Rusiyanın fikirlərinin üst-üstə düşdüyü ən əsas müddəa məhz kommunikasiyalarla bağlıdır. Həm Bakı, həm Moskva dəfələrlə Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edib. Lakin son iki ildə Ermənistan tərəfinin davranışı Zəngəzur kimi vacib geosiyasi əhəmiyyətli  dəhliz ətrafında regional və beynəlxalq güclər arasında rəqabəti bir qədər də artırdı. Ermənistan və Qərbin istəyi  yolda giriş - çıxışın Rusiya tərəfindən deyil, məhz Ermənistan tərəfindən təmin olunmasıdır. Məhz Paşinyanın 2 il müddətində vaxtı uzatması ,hələ də, Zəngəzur dəhlizinin açılmasına imkan verməmişdir. Bütün sərhədlərinə Rusiya sərhədçilərinin nəzarət edildiyi bir vaxtda Zəngəzura fransız- alman jandarmasını gətirən Paşinyan son addımları ilə rəsmi Bakının demarş imkanlarını özü də bilməyərək genişləndirmiş oldu.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsi də iki ölkə arasında müzakirə predmetidir. İki ölkə arasında sülhün əldə olunması Rusiya üçün Qafqazda yeni siyasi mənzərə yaradacağından bu mövzu ətrafında müzakirə ediləsi bir çox məsələlər var. Bu məsələlərdə Rusiyanın kifayət qədər təsir imkanlarının olduğunu nəzərə alsaq, Azərbaycan və Rusiya arasında dialoqun nə dərəcədə vacib olduğunu başa düşmüş olarıq. Əlbəttə ki, sirr deyil ki, Moskva Qarabağdakı separatçıların Azərbaycana inteqrasiyasına isti baxmayacaq. Lakin müəyyən şərtlər qarşılığında Azərbaycan və Rusiya arasında mümkün bazarlıq kifayət qədər realdır, nəzərə alsaq ki, separatçıların tərk-silah edilməsi qarşılığında Kreml Qafqaza kənar geosiyasi müdaxilələrin qarşısını almış olar .

Hər bir halda, Azərbaycanın Rusiyadan istəkləri məlumdur. Qarabağdakı hərbi birləşmələrin buraxılması, bölgənin Azərbaycana inteqrasiyası. Rəsmi Bakı ona verilən vədlərə, sözlərə əməl olunacağına ümid edir və başa düşür ki, regiondakı çağırışların həlli həm də Rusiya ilə münasibətlərdən və dialoqdan asılıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR