İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı yeni həmlə - Mişustinin  dedikləri...

13426 26.08.2023 08:54 Siyasət A A

Moskvanın Zəngəzur dəhlizindən keçəcək marşruta ehtiyacı getdikcə artmaqdadır

“Moskva Cənubi Qafqazda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmalara uyğun olaraq nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının tərəfdarıdır”.

Bunu Rusiyanın baş naziri Mixail Mişustin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. “Mən əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması sabit iqtisadi əməkdaşlığı, regionun inkişafını təmin edəcək və burada yaşayan insanlar arasında əlaqələri gücləndirəcək”, - Mişustin əlavə edib.

Qeyd edək ki, mart ayında  Moskvada Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 12-ci iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Məlumdur ki, Rusiyanın Yuxarı Lars yolundan başqa, Ermənistana başqa yolu yoxdur. Bu yolda isə dəmir yolu xətti də olmadığına görə, ancaq avtomobil yolu ilə yük daşınmaları həyata keçirilir. Əlverişsiz hava şəraitində, xüsusilə payız-qış  aylarında Yuxarı Lars yolu bağlanır. Bu problemlər Rusiyanı Zəngəzur yolunun açılmasına vadar edir.  Ermənilər nə qədər təşviş keçirsələr və çığır-bağır salsalar da, Azərbaycan bu addımla, Ermənistana Zəngəzur yolunda öz sərhəd-keçid məntəqələrini qurmalarına da imkan yaradacaq. Halbuki, Rusiya buna icazə vermirdi və ancaq öz sərhəd qoşunlarının nəzarətində olacağını bildirirdi.

Amma rəsmi Bakı Laçın yolunda bu işi gördükdən sonra, Kreml də güzəştə getməli oldu. Əslində, Zəngəzur yoluna kimin nəzarət edəcəyinin Bakı üçün fərqi yoxdur. Əslində, ermənilərin nəzarət etməsi daha məntiqlidir. Bu iki vacib dəyişiklik nəticəsində həmin yolun açılmasında Rusiyanın maraqlarını artırdı. Bundan başqa,  Bakı-Tiflis-Qars dəmir yolunu nəzərə almasaq, rusların Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya və digər istiqamətlərdə yük göndərməsi asanlaşacaq. Bundan başqa, həm Rusiyanın məruz qaldığı sanksiyalar, həm də Ukrayna müharibəsi səbəbindən Belarus və həm Kalininqrad istiqamətlərində problemlər yaşayan rus şirkətləri bu problemləri dəf etmək üçün də Kremlin Zəngəzur dəhlizindən keçəcək marşruta ehtiyacı getdikcə artmaqdadır.

İşçi Qrupunun son razılaşmadan sonra yaranmış sükutu bu dəfə Mişustin pozdu. Çox güman ki, yaxın vaxtlarda kommunikasiya xətlərinin açılması barədə protokollar imzalana bilər ki, bu da Azərbaycanın növbəti uğuru olacaq.

Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan sonra da  dəstəkləyəcək" » Gundelik-Baku.Com

 Fikrət Yusifov 

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bu gün Rusiya hakimiyyəti Ermənistanla Azərbaycan arasında yaranmış mövcud  durumu real qiymətləndirmək zorunda qalıb. Ruslar yaxşı başa düşürlər ki, Qarabağ torpaqlarımızın erməni toplumu yaşayan ərazilərində bütün məsələlərin Azərbaycan qanunları əsasında həll ediləcəyi günə çox az qalıb. Ermənistanın Laçın yolu və Qarabağ torpaqlarımızda yaşayan ermənilərin “təhlükəsizliyi” ilə bağlı beynəlxalq aləmdə saldığı hay-küyün heç bir nəticə vermədiyini görən Rusiya hökuməti, başa düşdü ki, artıq siyasi oyunbazlıq zamanı deyil, Azərbaycanın tələbləri ilə bağlı konkret addımlar atmaq lazımdır: “Xüsusilə 10 noyabr bəyanatında nəzərdə tutulan komunikasiyaların-Zəngəzur yolunun açılması, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələri və hərbi qruplaşmalarının tamamilə çıxarılmasının təmin olunması tələblər bu günə qədər Ermənistan tərəfindən və Rusiya sülhməramlı qüvvələri tərəfindən icra edilməyib. Əgər Rusiya indi hərəkətə keçib 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan və hələ də həyata keçirilməyən bu müddəaların reallaşdırılmasını təmin etməsə, bunu Azərbaycan öz imkanları ilə həll edəcəkdir. Bunu artıq Rusiya anlamağa başlayıb”.

Sabiq nazir dedi ki, Ukraynaya qarşı işğalçı müharibədən sonra Rusiya Cənubi Qafqazda mövqelərini tamamilə itirmək təhlükəsi ilə üzləşib. Bu isə Rusiyanın yüz illərdir yürütdüyü Cənubi Qafqaz siyasətinin fiaskosu demək ola bilər. Ruslar bütün dünyada təkləndikləri və hər şeyin onların ziyanına dəyişdiyi bir dönəmdə bunun fərqindədirlər: “Ona görə də Azərbaycanın haqlı mövqeyini qəbul etməlidirlər, 10 noyabr bəyanatının tələblərini yerinə yetirməlidirlər. Rusiya kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsini Ermənistan qarşısında kəskin qoyarsa məsələ həllini tapar. Nəqliyyat-kommunikasiya xətlərinin açılması indi daha çox Qərbin sanksiyaları altında boğulan Rusiya üçün hava və su kimi lazımdır. Bir sözlə Zəngəzur dəhlizi tezliklə açılacaq və bu Azərbaycan diplomatiyasının növbəti, qələbəsi olacaqdır”.

Millət vəkili - Ceyhun Məmmədov

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında Rusiya tərəfinin də maraqlı olduğu görünür. Rusiya ilə Türkiyə Prezidentlərinin nəzərdə tutulan görüşündə də bu məsələ hesab edirəm müzakirə olunacaq: “Yəqin ki, bundan sonra proses daha da sürətlənəcək. Nəhayət də biz nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı protokolun imzalanmasına nail olacağıq. Belə bir protokolun imzalanması Azərbaycanın növbəti uğuru olmaqla yanaşı, əslində Rusiyanın, Ermənistanın özünün də faydasına olacaq. Yəni bundan bölgə qazanacaq. Rusiya baş naziri tərəfindən Ermənistanda o cür açıqlamanın verilməsi müsbətdir və prosesə dinamiklik gələcəyini deməyə əsas verir. Azərbaycan bu iş üçün lazımi addımları atır, lazımi praktiki işləri reallaşdırıb. Ermənistan tərəfinin atmalı olduğu addımlar var. Buna da nail olunacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR