Amerika prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilməsi üçün hazırladığı 28 bənddən ibarət sülh planı Kreml tərəfindən qəbul olunmaqdadır. Rəsmi Moskvadan verilən açıqlamalar hər halda bunu deməyə əsas verir.
Ekspertlər hesab edirlər ki, Rusiya əslində əvvəldən məhz belə bir sənəd üzərində savaşın dayandırılmasına çalışırdı. Sonda Kremlin sahibi Vladimir Putinin bu arzusuna çatdığı görünür.
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında gələcəklə bağlı Rusiyanın Ukrayna planlarının davam edəcəyini söylədi: “Rusiya Trampın 28 maddəlik sülh planını ona görə qəbul edir ki, o planda Ukraynanın silahsızlaşdırılması və ordusunun ixtisarı nəzərdə tutulur. Çünki, növbəti illərdə Rusiya asanlıqla Ukraynanı işğal etsin. Necə ki, 1994-cü il Budapeşt Memarandumunda Ukrayna nüvə silahından, ballistik raketlər və strateji bombardmançı təyyarələrindən imtina etdi. Rusiya da Ukraynanın təhlükəsizliyinə təminat vermişdi. Nəticədə Rusiya Ukraynanın şərq bölgələrini işğal etdi. Əgər, Ukraynanın əlində nüvə silahı olsaydı, Rusiya cürət edə bilməzdi. Qeyd edim ki, Vladimir Putin Ukraynaya hücum edəndə bu ölkənin silahsızlaşdırılmasını elan etmişdi. Ona görə də Avropa ölkələri ABŞ-ın bu planını pozdu. Növbəti sülh mətni hazırlanır. Bu əsasən ana xətti atəşkəs olacaq. Rusiya bununla razılaşmasa, müharibə davam edəcək. Avropa dövlətləri Rusiyaya qarşı silahlanır. Çünki, Ukrayna müharibəsi Avropa ölkələrinin liderlərini qış yuxusundan ayıldıb. Azərbaycan da tədbirli olmalıdır. Nəzərə alaq ki, Gürcüstanda da Rusiyaya xoş gələn siyasət aparan hakimiyyət var. Ermənistandakı proseslər də sual altındadır. Azərbaycan Türkiyə və Pakistanla ciddi hərbi əməkdaşlığı inkişaf etdirməlidir”.
Cavanşir ABBASLI
Musavat.com






