Ekspert deyir ki, Moskva və Tiflis arasında bu mövzuda pərdəarxası təmasların olması mümkündür
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Tiflis ölkənin suverenliyinin bərpası istiqamətində düşünülmüş və qətiyyətli seçim edib. Zaxarovanın sözlərinə görə, Moskva Tiflisin xarici diktədən uzaqlaşmaq cəhdlərini anlayışla qarşılayır və Gürcüstanla münasibətlərin dərinləşdirilməsinə hazırdır. “Biz Tiflisin kənardan diktəni aradan qaldırmaq və xarici tərəfdaşlarla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etmək cəhdlərini anlayışla qarşılayırıq. Biz Rusiya-Gürcüstan əlaqələrini daha da dərinləşdirməyə hazırıq ki, bu da Gürcüstanın iqtisadi yüksəlişinin əsas amillərindən biridir.
Biz bunu səmimi qəlbdən və xoş niyyətlə edirik”, - deyə Zaxarova bildirib. Onun sözlərinə görə, Moskva Tiflislə qarşılıqlı hörmət prinsipi əsasında qurulan əməkdaşlığın genişləndirilməsinə hazırdır. “Tiflis ölkə üçün suverenliyin bərpası, gürcü xalqının maraqlarının təmin olunması və mən əlavə edərdim ki, ölkənin və xalqın ləyaqətinin qorunması naminə qəti və düşünülmüş seçim edib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib. Aydındır ki, Ukrayna müharibəsi və Ermənistanın Qərbə yaxınlaşması Kremlin Cənubi Qafqazdakı mövqelərini zəiflədib və Gürcüstanı “son təsir kanalı” kimi qorumaq vacibdir. Böyük ehtimalla Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarlarında mütləq düzəliş etmək məcburiyyətdə qalacaq, ən azı bunun yollarını axtaracaq. Abxaziyanın “tanınması” hələ heç nə demək deyil, heç bir beynəlxalq hüququ olmayan kağız parçasıdır. Gürcüstanın indiki hökuməti anlayır ki, onların ərazi bötüvlüyünü Qərb “dimdiyində” gətirməyəcək. “Gürcü Arzusu” ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını dəfələrlə bəyan edib. Yəni ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər. Bəlkə də Türkiyə də o danışıqlar masasındadır, ya da olacaq. Bu barədə şərhiniz, proqnozlarınız maraqlıdır. Ola bilərmi ki, Kreml Ermənistanı Gürcüstanla dəyişir? Ukraynada bir addım geri qoymayan Rusiya “müstəqilliyini” elan etdiyi separatçı bölgələri Tiflisə təhvil verə bilərmi Gürcüstanın Avrointeqrasiyadan imtinası və Kremlə üz tutması halında?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı çox maraqlı məqamlardan bəhs etdi: “Mənim qənaətimə görə, Mariya Zaxarovanın açıqlamasını ilk növbədə diplomatik jest kimi deyil, Kremlin Cənubi Qafqaz strategiyasının dəyişən reallıqlara uyğunlaşdırılması cəhdi kimi qiymətləndirmək lazımdır. Burada əsas sual Rusiyanın Gürcüstana qarşı münasibətinin dəyişməsindən daha çox, Rusiyanın öz geosiyasi imkanlarının dəyişməsidir. Məlum olduğu kimi, 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi nəticəsində Moskva separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin "müstəqilliyini" tanıyıb. O dövrdə Kreml hesab edirdi ki, Gürcüstanın NATO və Avroatlantik məkana inteqrasiyasının qarşısını yalnız hərbi-siyasi təzyiq vasitəsilə almaq mümkündür. Lakin 2022-ci ildən sonra vəziyyət dəyişib. Rusiya-Ukrayna müharibəsi Rusiyanın iqtisadi, siyasi və hərbi resurslarını ciddi şəkildə yükləyib. Eyni zamanda Ermənistanın Qərblə yaxınlaşması, KTMT-nin nüfuzunun azalması və Rusiyanın regiondakı ənənəvi təsir mexanizmlərinin zəifləməsi Kremlin Cənubi Qafqaz siyasətinə yenidən baxmasını zəruri edib".
E.Mirzəbəylinin sözlərinə görə, mövcud reallıqlar çərçivəsində Gürcüstanın Moskva üçün sadəcə qonşu dövlət deyil, eyni zamanda regionda itirilməməli olan son mühüm platformalardan biri olduğunu söyləmək mümkündür: “Kremlin Ermənistanı Gürcüstana dəyişmək istədiyi yanaşmasına gəldikdə isə bunun tam mənada baş verə biləcəyi inandırıcı deyil. Ermənistan Rusiyanın hərbi, enerji və logistika sistemində hələ də mühüm yer tutur. Lakin Kreml artıq anlayır ki, İrəvan əvvəlki kimi tam asılı tərəfdaş deyil. Bu səbəbdən Moskva paralel strategiyaya keçmək, Ermənistanla mövcud əlaqələri qorumaq, Gürcüstanı mümkün qədər neytral saxlamaq, Türkiyə ilə koordinasiya imkanlarını genişləndirmək, Azərbaycanla münasibətlərdə minimum sabitliyi təmin etmək istəyir. Başqa sözlə, söhbət Ermənistanın Gürcüstana ”dəyişdirilməsi"ndən yox, Rusiyanın regional balansı yenidən qurmaq cəhdindən gedir". Deputat əminliklə bildirdi ki, Kremlin Abxaziya və Cənubi Osetiyanı qaytarması hazırkı şəraitdə real görünmür: “Bunun bir neçə səbəbi var. İlk növbədə belə bir addım Kremlin son 20 ildə qurduğu ideoloji konstruksiyanın tamamilə dağılması anlamına gələ bilər. Donetsk, Luqansk, Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində, müasir dövrdə separatizmin və ilhaqın pərdələnməsi funksiyasını yerinə yetirən "öz müqəddəratını təyinetmə" arqumentindən istifadə edib. Gürcüstan məsələsində geri addımın atılması digər istiqamətlərdə də presedent yaradar. Digər tərəfdən, bu separatçı bölgələr Rusiyanın hərbi mövcudluq məntəqələridir. Moskva onları yalnız ərazi deyil, geosiyasi alət kimi görür. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin siyasi baxış bucağı müstəvisindən də belə addım daxili auditoriyaya izah edilə biləcək qərar deyil". Milli Məclisin üzvü hesab edir ki, indiki situasiyada ən real ssenari “qaytarılma” deyil, statusun transformasiyasıdır: “Məsələn, Moskva situativ dəyərləndirmələrə uyğun olaraq, federativ və ya konfederativ model, yaxud xüsusi muxtariyyət, açıq sərhədlər, birgə iqtisadi zona, mərhələli reinteqrasiya kimi təşəbbüslərlə çıxış edə bilər. Təsadüfi deyil ki, "Gürcü Arzusu"nun rəhbərliyi son illərdə reinteqrasiya ilə bağlı iqtisadi təşviqlərdən, milyardlarla dollarlıq investisiya perspektivindən danışır. Əgər nə vaxtsa Moskva ilə Tiflis arasında böyük razılaşma yaranarsa, proses “Abxaziyanı qaytarırıq” formasında deyil, “yeni siyasi model qurulur” formasında təqdim ediləcək. Gürcüstan Avrointeqrasiyadan tam imtina etməsinin qarşılığında Moskvanın müəyyən güzəştlərə getməsi mümkündür. Lakin həmin güzəştlər böyük ehtimalla bu güzəştlər ticarətin genişləndirilməsi, vizasız rejimin dərinləşdirilməsi, nəqliyyat əlaqələrinin inkişafı, separatçı bölgələrlə iqtisadi inteqrasiyanın təşviqi, hərbi gərginliyin azaldılması və digər bu kimi kimi addımlardan ibarət ola bilər". Türkiyə faktoruna gəldikdə isə deputat qeyd etdi ki, bu gün Cənubi Qafqazda Moskvanın qəbul etdiyi yeganə böyük regional güc məhz Türkiyədir: “Son illərdə Azərbaycan-Ermənistan normallaşması, nəqliyyat marşrutları və regional təhlükəsizlik məsələlərində Ankara faktiki olaraq əsas oyunçulardan birinə çevrilib. Əgər gələcəkdə Abxaziya və Cənubi Osetiya ətrafında hansısa yeni format formalaşarsa, Türkiyənin həmin prosesdən tam kənarda qalacağını təsəvvür etmək çətindir”. E.Mirzəbəyli bir daha vurğuladı ki, bütövlükdə Rusiyanın yaxın illərdə Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarması ehtimalı çox aşağıdır: “Bununla yanaşı, Moskva və Tiflis arasında pərdəarxası təmasların olması mümkündür. Kreml uzunmüddətli perspektivdə federativ və ya xüsusi statuslu reinteqrasiya modeli müzakirə mövzusuna çevrilə bilər. Yəni hazırda söhbət Rusiyanın Gürcüstan torpaqlarını geri qaytarmağa hazırlaşmasından deyil, Kremlin dəyişən geosiyasi şəraitdə Gürcüstanı yenidən öz təsir dairəsində saxlamaq üçün daha yumşaq və çevik siyasət axtarmasından gedir. Əslində Zaxarovanın bəyanatının əsas mesajı da məhz budur”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”






