İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan erməni baş nazirə qazlı hədə - əgər ilin sonuna kimi...

2945 19.12.2023 08:52 Siyasət A A

Erməni mediası yazır ki, hökumət başçısı ayın sonu Sankt-Peterburqa getməsə, mavi yanacağın qiyməti qalxa bilər; Qabil Hüseynli: “Rusiya qazın qiymətini qaldıracağı təqdirdə Paşinyan üzünü İrana çevirəcək”

“Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıra bilər”. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Nəşr xatırladır ki, baş nazirin müavini Mqer Qriqoryan Rusiya qazının qiymətinin dəyişməyəcəyini bildirib: “Rusiya Ermənistana qazı 1000 m3 üçün 165 dollara satır (dünya qiymətindən 3 dəfə ucuz - red.). 

Uzun müddətdir Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Moskvanın qazın qiymətini ciddi şəkildə qaldırmaq niyyətində olduğu barədə məlumat dolaşır. Bunun da iqtisadi nəticələri ola bilər. Qriqoryan nə qədər qəti şəkildə bəyan etsə də ki, qiymət dəyişməyəcək, amma bunun üçün Moskvanın şərtləri var. İlk şərt budur ki, Nikol Paşinyan ayın sonunda Peterburqa getməli, MDB və Avrasiya İqtisadi Birliyinin sammitlərində iştirak etməli, eləcə də dövlət başçıları ilə görüşməlidir”.

Qəzet qeyd edir ki, Rusiya Ermənistan baş nazirinin iştirakını məcburi hesab edir, xüsusən də Avrasiya İqtisadi Birliyi ilə bağlı: “Çünki Rusiya bu quruma dönəm sədrliyini Ermənistana təhvil verməlidir. Ermənistan uzun müddətdir həm MDB, həm də KTMT-nin tədbirlərində iştirakdan imtina edir. Nikol Paşinyanın Peterburqa gedib-getməyəcəyi hələlik təsdiqini tapmayıb. Paşinyanın indiyə qədərki addımları Rusiyanı narahat etmirdisə, bu dəfə Avrasiya İqtisadi Birliyinin sammitinə qatılmaması təhqir kimi qəbul ediləcək. Moskvadakı mənbəmizin sözlərinə görə, məsələ Paşinyanın qarşısına açıq formada qoyulub: gəl, yoxsa qazın qiyməti qalxacaq”. Bu isə avtomatik ərzaq məhsullarının və xidmətlərin bahalaşması demək olardı. Bəs təbii qazın bahalaşması Ermənistanda anti-Rusiya ovqatını gücləndirməzmi? Putin buna gedərmi - həm də soyuq qış ərəfəsində? 

“Unutmayaq ki, qazın qiyməti siyasidir. Bu, mübadilə məhsulu deyil, regional məhsul olduğundan, qiymət bölgədən asılı olaraq dəyişir. Rusiya qazının qiymətinə müəyyən siyasi komponent də daxildir”. Enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan belə deyib. “Hazırda İrəvan üçün qazın qiyməti min kubmetr üçün 175 dollardır. Ermənistan-Rusiya münasibətlərini nəzərə alsaq, bu, aydın siyasi qiymətdir. İrəvanın aşkar antiRusiya siyasəti nəticəsində yanvarın 1-dən qazın qiymətinin qalxa biləcəyi ilə bağlı ehtimallar var idi. Ermənistandakı mövcud rejim bir çox cəhətdən ruslar üçün faydalıdır və Ukrayna Rusiyanın əsas problemi olaraq qaldığı müddətdə onlar heç bir kəskin addım atmayacaqlar”. Erməni ekspert əlavə edib ki, rusların 2024-cü il yanvarın 1-dən Ermənistan üçün qazın qiymətini artırmamaq qərarı bir daha göstərir ki, onların başqa prioritetləri var: “Sərkisyanın Ermənistan prezidenti olduğu dövrdə İrəvanın Avropa Birliyi ilə yaxşı münasibət qurmaq istəyinə cavab olaraq ruslar həm qazın, həm də uranın qiymətini dəfələrlə qaldırmışdılar. Bu müddət ərzində Rusiya tərəfi mütəmadi olaraq ”Lars" keçid məntəqəsini bağlayıb, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalını qadağan edib və qazın qiymətini qaldırıb. Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olanda qazın qiyməti aşağı düşüb", - o bildirib. Göründüyü kimi, ciddi bir təlaş var və dekabrın 26-da keçiriləcək sammitdə iştirak etməmək Moskva-İrəvan gərginliyində yeni dövrə qədəm qoyulması ilə nəticələnə bilər. 

QABİL HÜSEYNLİ: İSRAİL İRANA QARŞI İLİN SONU ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏR

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, əvvəla Qərb Nikolu sıxışdırır: “Ondan tələb edilir ki, Rusiyanın olduğu platformaları, təşkilatları tək etsin. Hətta belə rəy var ki, Ermənistan bunu etsə, Gürcüstan kimi Avropa Birliyinə namizədlik statusu qazana bilər. Bu səbəbdən ehtimal edirəm ki, Nikol həm MDB sammitində, həm Avrasiya sammitində iştirak etməyə bilər. Lakin Rusiya qazının azalacağı, yaxud qiymətinin qaldırılacağı təqdirdə Paşinyan üzünü İrana çevirəcək. Beləliklə, Ermənistan bu qışı istilik problemi olmadan keçirə bilər. Hər halda, Paşinyan komandası bu məsələdə nikbin görünür və nəyəsə ümid edir. Ola bilsin ki, hansısa məlumatlara malikdirlər. Amma Nikolun növbəti boykotu iki ölkə arasında gərginliyi pik səviyyəsinə çatdıracaq”. 

Ramiyə Məmmədova: Bakı və İrəvan vasitəçi olmadan görüşə bilərlərmi? -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya prezidentinin köməkçisi Uşakov ötən həftələrdə İrəvandan səfərlə bağlı müsbət siqnallar aldıqlarını açıqlamışdı: “Ermənistan mövqeyini dəqiqləşdirməsə də, Rusiyada Paşinyanın iştirak edəcəyi haqda gözləntilər var. Putin illik mətbuat konfransında da bu məsələyə işarə etmişdi. Hazırda iki dövlət arasında böhran yaşanır, lakin Kreml üçün Ermənistanı itirmək planda yoxdur. Rusiya hesab edir ki, Paşinyan iqtidarı müvəqqətidir, sonra münasibətlər normallaşacaq. Amma o dövr gec gələ bilər. Çünki Paşinyan hakimiyyətini möhkəmləndirir, Avropa Birliyi və Fransadan ciddi siyasi dəstək alır, Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin nə vaxt sona çatacağı məlum deyil, o baxımdan Rusiya - Ermənistan münasibətləri uzunmüddətli olacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR