İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Bakıya “şifrəli” mesaj - NATO-dan “xoxan” düzəltməyə gərək yox

1062 05.07.2024 12:13 Ölkə A A

Şimalda “qaşınmayan yerdən qan çıxartmaq” istəyənlər yenidən baş qaldırıb; Azərbaycanın daxili işlərinə müdaxilə cəhdinə sərt reaksiyalar

Rusiya və ABŞ arasında münasibətlər o qədər gərgin fazadadır ki, artıq tərəflərin birindən gələn hansısa xoşməramlı təşəbbüs belə, digər qütbdə olan qüvvənin sərt, yaxud şübhəli reaksiyasını doğurur. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın iyulun 9-11-də NATO-nun ABŞ-da keçiriləcək yubiley (75 il) sammitinə dəvət olunmasına maraqlı münasibət bildirib.

Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin Qərbin Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməkdə hansı məqsəd güddüyünü açıqlayıb. “Qərb Bakı və İrəvanı NATO sammitinə dəvət etməklə Moskvanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir. Bu cür təşəbbüs fəlakətli nəticələrə gətirib çıxardı. Balkanlar, Əfqanıstan, Liviya, İraqı xatırlamağa dəyər”, - XİN rəsmisi vurğulayıb. Rusiya XİN ümid edir ki, İrəvan və Bakı NATO reseptlərinin region üçün təhlükəsini başa düşür: “Vaşinqtona dəvət təşkilatın yubiley ilində NATO-ya dəstəyi nümayiş etdirmək məqsədi daşıyır. Ermənistanı silahla doldurmaqla onun müdafiə sektorunu bərpa etməyə çalışır, KTMT daxilində mövcud mexanizmləri sıradan çıxarırlar. NATO emissarları Bakıya da səfərlər edir, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin inkişafına töhfə vermirlər”. 

Diplomat əlavə edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir.

Qeyd edək ki, rəsmi Bakı Qoşulmama Hərəkatının fəal üzvü kimi xarici siyasətdə daima balans siyasətini gözləyir. Bunu Moskvada da yaxşı bilirlər. Eyni zamanda Azərbaycan NATO üzvü qardaş Türkiyə hesabına öz silahlı qüvvələrini Türkiyə modelinə uyğunlaşdırmaqdadır ki, buna da Rusiya heç vaxt ciddi irad bildirməyib. Ən önəmlisi, Azərbaycanın Türkiyə kimi müttəfiqi var ikən NATO ölkəmizin nəyinə gərək? Bütün hallarda Rusiya XİN rəsmisinin Bakı və İrəvana bir az da hədə dolu “şifrəli” mesajını necə oxumalı? Azərbaycan NATO-nun yubiley sammitinə qonaq qismində qatılsa, nə olacaq, qatılmasa - nə?

“Rusiya Xarici İşlər Nazirliyi adından verilən bu açıqlamanı İnformasiya və Mətbuat Departamentinin direktoru da deyil, müavinin səsləndirməsi, məncə, rəsmi Bakı üçün onun elə də böyük anlam daşımamasını qarşı tərəfin də yaxşı bilməsi ilə bağlıdır. Birincisi ona görə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev indiyədək bir neçə dəfə NATO sammitinə qatılıb. Məsələn, mən NATO-nun son 10 ildə keçirilən ən azı üç sammitinə cənab Prezidentin qatıldığını xatırlayram”.

Sahib Alıyev: "Bu gün qarşımızda son 30 ildə hamımızın həsrətlə  gözlədiyimiz bir büdcə layihəsi var"-VİDEO

 Sahib Alıyev

Deputat Sahib Alıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. 

O, 2021-ci ilin dekabrında Brüsseldə “NATO + Azərbaycan” formatında alyansın ali idarəetmə orqanı olan Şimali Atlantika Şurasının iclasındakı çıxışını da yada saldı: “Yeri gəlmişkən, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilmədiyi təqdirdə Laçın yolunda nələr baş verə biləcəyinin anonsu da bütün detalları ilə olmasa da, elə o zaman NATO-nun Brüsseldəki qərargahında verilmişdi. Bir sözlə, Azərbaycan NATO ilə əlaqələri öz milli maraqlarından çıxış edərək qurur, Smolensk meydanındakıların ağzına baxaraq yox. Üstəlik, o da unudulmamalıdır ki, Azərbaycan nə Ermənistan kimi KTMT-nin fəaliyyətini "dondurmuş" ərköyün üzvüdür, nə burada Rusiyanın hərbi bazası var, nə də sərhədlərimizi həmin ölkənin Federal Təhlükəsizlik Xidməti qoruyur. Və müstəqillik əldə edəndən üzü bəri yenə də Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt Rusiyaya vassallıq, yaxud da Dumanın keçmiş sədri Boris Qrızlovun təbirincə desək, forpostluq etməyib. 

İndi də NATO üzvlərinin keçmiş hərbiçi və kəşfiyyatçıları “mülki missiya” adı altında platsdarm olaraq burada deyil, Ermənistana yerləşdiriliblər. Və məncə, Azərbaycanın NATO ilə əməkdaşlığınının sərhədi bu qurumun 2007-ci ildə Buxarestdə keçirilən sammitində tam dəqiqləşdirilib. Cənab İlham Əliyev də həmin sammitdə idi və o zaman bir sıra NATO üzvlərinin, ilk növbədə də Fransa ilə Almaniyanın Gürcüstanla Ukraynanın sözügedən quruma üzvlüyünə yanaşmada necə mövqe sərgilədiklərini də, pərdəarxası gedən prosesləri də gördü". 

S.Alıyev bu yerdə zəruri qeydlərini də etdi: “Açıq deməliyik ki, həmən sammitdən bir il sonra Gürcüstana, ardınca da Ukraynaya qarşı aparılan savaşlarda o zaman üzə çıxan reallıq az rol oynamadı. Deməyim odur ki, Azərbaycan NATO ilə əməkdaşlığını gələcəkdə də davam etdirəcək. Bu regionda öz ordusunu tam NATO standartarına uyğun formalaşdıran ilk ölkə də məhz Azərbaycan olacaq. Bu proses gələn il başa çatmaldır”. 

Bununla belə, deputata görə, Azərbaycan NATO-ya üzv olmağı, Ermənistan kimi öz torpağını oradakıların platsdarmına çevirməyi planlaşdırmır: “Qurumun yubiley sammitinə cənab Prezidentin gedib-getməyəcəyinə gəldikdə isə burada maneçilik törədən əsas faktor sammit keçirilən ölkənin indiki administrasiyasının Azərbaycana yanaşmada yeritdiyi hayalətli - bəli, haymərkəzli yox, məhz hayalətli - siyasət, onun son günlərdəki kimi bəzən hətta şantaj xarakteri daşıması ola bilər. Bunu Rusiyanın Xarici İşlər Nazirliyində də çox gözəl dərk edirlər. Və mümkündür ki, öz çəkilərini olduğundan daha böyük göstərmək üçün belə bir qabaqlayıcı açıqlama yayırlar”.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli 

Siyasi şərhçi, ƏHD Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə qəzetimizə şərhində bildirdi ki, Azərbaycanın NATO sammitinə dəvət almasının, rəsmi Bakının alyansa daxil olmayan, yaxud onunla kəskin rəqabət şəraitində olan ölkələrlə münasibətində bu və ya digər formada aidiyyəti yoxdur: “Ölkəmiz bundan öncə də NATO-nun zirvə görüşlərində iştirak edib, müxtəlif tədbirlərinə qatılıb, amma bütün bunların Azərbaycanın, milli maraqlara söykənən xarici siyasətinə hər hansı təsir olmayıb. Bu baxımdan, Rusiya, uzun illər boyu mövcudluğunu təmin etdiyi Ermənistanın Qərb istiqamətində süründüyünə daha çox diqqət yetirsə, regionun təhlükəsizlik konfiqurasiyasına xarici aktorların iştirakı ilə "əlavə və dəyişikliklər" etmək cəhdlərinə diqqət yetirsə, daha yaxşı olar. 

Təəssüf ki, bəzən Rusiyanın, siyasi qərarların qəbul olunmasında iştirak etməyən siyasətçiləri, məmurları, proseslərin mahiyyətini dərk etmədən ultraradikal açıqlama və bəyanatlarla çıxış etməyi, mübaliğəyə yol verməyi xoşlayırlar. Onlar unudurlar ki, Azərbaycanın mürəkkəb kombinasiyalı proseslərin içərisində belə, öz milli maraqlarına uyğun hərəkət edir və bu günə qədər ölkəmizin həyata keçirdiyi siyasətdən region, yalnız fayda görüb. Düşünürəm ki, “Moskvanın dostları” deyiminin çərçivəsində Ermənistanın adının hallandırılması, bu fikri səsləndirənlər üçün “dost” anlayışının nə qədər bəsit olduğunu təsdiqləyir". 

E.Mirzəbəyli xatırlatdı ki, Azərbaycanın Rusiya ilə strateji müttəfiqlik münasibətləri var və bu münasibətlər çərçivəsində yer alan əməkdaşlıq istiqamətlərinin üçüncü tərəflərə heç bir aidiyyəti yoxdur: “Bakı ən çətin dövrlərdə belə Rusiya ilə tarixi münasibətlərini nəzərə alaraq, ərazilərinin işğal altında olduğuna və işğalçıya hərtərəfli dəstək verildiyinə baxmayaraq, Moskva ilə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayıb, üçüncü tərəflərin ikitərəfli münasibətlərə müdaxilə etməsinə imkan verməyib. Düşünürəm ki, Rusiya xarici işlər nazirliyinin təmsilçisi öz açıqlamalarını ümumiləşdirilmiş şəkildə dilə gətirib və çox güman ki, bu "balanslı" mülahizələrin əsas hədəfi rəsmi İrəvandır". 

Siyasi şərhçi qeyd etdi ki, Azərbaycanın NATO-nun yubiley sammitinə qatılması ölkəmizin daxili işidir və ən yaxın müttəfiqimiz Türkiyənin alyansın ən güclü üzvlərindən biri olduğunu nəzərə alsaq, burada müzakirə predmeti olacaq heç nə yoxdur: “Astanada Azərbaycan və Rusiya prezidentinin görüşü çərçivəsində səsləndirilən bəyanatlar iki ölkə arasındakı münasibətlərin nə qədər etimadlı əsaslara söykəndiyini təsdiqləyir və düşünürəm ki, Rusiya Xarici İşlər Nazirliyinin təmsilçiləri də "vəcdə gəlib" danışmazdan öncə iki ölkənin liderinin, həmçinin Bakı-Moskva münasibətlərinin mahiyyətinə diqqət yetirə bilsələr, daha yaxşı olar".

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR