İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan arxayın olaqmı? - Bir sorğuya sözardı

2218 13.10.2022 18:42 Yazarlar A A

Rusiya cəmiyyətinin cəmi 7%-i beynəlxalq hüquqa sayğılı imiş. Qalan böyük əksəriyyət hesab edir ki, Putin Ukrayna torpaqlarını hərbi yolla ilhaq qərarını verməkdə düz edib. Bu qənaət Rusiyada aparılmış axırıncı rəy sorğusundan hasil olub.

Belə ki, “Rusiya İctimai Rəy Fondu”nun keçirdiyi sorğudan məlum olub ki, rusların 78%-i Ukraynanın işğal olunmuş ərazilərinin ilhaq edilməsini dəstəkləyir. Yalnız - 7%-i bunun əleyhinədir.

Respondentlərin 37%-inin fikrincə, Ukraynada “Rusiyaya birləşmək”lə bağlı “referendumlar” vaxtında keçirilib, 44%-inin zənnincə bu, daha əvvəl, 2%-i hesab edir ki, sonradan, 6%-i isə keçirilməməli olduğunu söyləyib.

Əsas nəticə isə budur ki, Putinin yerinə daha kim gəlir gəlsin, Rusiya cəmiyyəti Ukrayna ərazilərinin bir qarşını da geri qaytarmayacaq. Yeni rəhbərə bu xüsusda icazə-izn verməyəcək. Yalnız zor gücünə ərazilər qaytarıla bilər...

Ortaya çıxan bu mənzərə, ictimai ovqat şübhəsiz, hələ də “velikorus” virusundan əziyyət çəkən bir toplumun və əsrlərdir onu ideoloji “obrabotka”ya məruz qoyan Rus Pravoslav Kilsəsinin “güclü həmişə haqlıdır” anormal məntiqinin əsiri olmasının yeni təzahürüdür. Eyni zamanda, postsovet ölkələri üçün pis siqnaldır. Niyə?

Ona görə ki, sabah Rusiya tutaq ki, Azərbaycanı və ya onun bir parçasını da işğal eləsə və bunu ənənəvi bəhanə ilə əsaslandırsa, demək, rus xalqı bu ilhaqa da haqq qazandıracaq. Necə ki, ötən əsrin 20-ci ilində Azərbaycan Xalq Cümhuriyyətinin XI “Qırmızı ordu” tərəfindən süqutuna şimal qonşumuzda heç bir ictimai etiraz-zad olmamışdı.

Odur ki, təcavüzü dəstəkləyən xalq Ukraynaya görə elə ağır bədəl ödəməli, Rusiyaya elə dərs verilməlidir ki, bir də heç vaxt qonşu ölkələrə pis niyyətlə baxmasın. Əksinə, dünyanın qartımış sonuncu imperiyası kimi əsarətdə saxladığı bütün aborigen (köklü) xalqlara - Şimali Qafqaz xalqlarına, tatarlara, başqırdlara, çuvaşlara, tuvalılara və s. azadlıq verməli olsun...

İmperiyaların tarixə gömüldüyü dövrümüzdə Rusiyadakı məlum sorğunun nəticələri bəşəriyyət adına əlbəttə ki, rəzalətdir. XXI əsrdə istilaçı müharibələrə aparmaq, buna millət olaraq haqq vermək, heç bir məntiqə, dəftər-kitaba sığmır. Bu nəinki beynəlxalq hüquqa və hamı tərəfindən tanınan birgəyaşayış normalarına, ümumbəşəri dəyələrə, bütövlükdə bəşəriyyətə meydan oxumaq deməkdir.

Azərbaycana gəlincə, dünyaya səksəkədə saxlayan sonuncu imperiyaya və onun əlaltısı Ermənistana qonşu olmaq təbii ki, bizim seçimimiz və “lüksümüz” deyil. Fəqət, realıq bizi ikiqat ayıq-sayıq olmağa çağırır. “Şər deməsən, xeyir gəlməz”. Unutmayaq, Moskvanın əlindən “Qarabağ kartı”nı hələ ki, tam ala bilməmişik...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR