İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada olan özbəklərə xəbərdarlıq – “Diqqətli olun”

974 27.03.2024 14:45 Dünya A A

Özbəkistanın Xarici Əmək Miqrasiyası üzrə Agentliyi Rusiyada yaşayan həmvətənlərinə səbəbsiz ictimai yerlərə getməməyi, şübhəli şəxslərlə ünsiyyət qurmamağı və qadağan olunmuş materialları saxlamamağı tövsiyə edib.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, agentlik Rusiyaya səfər edən və ya artıq onun ərazisində olan Özbəkistan vətəndaşlarına ciddi təhlükəsizlik tədbirlərinə riayət etmələri xahişi ilə müraciət edib.

“Martın 22-də Moskva vilayətində baş vermiş terror aktından sonra bütün Rusiya ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar Rusiyaya səfər edən, ölkə ərazisində qalan və ya ölkədən çıxan həmvətənlərimizdən tətbiq edilən tədbirlərin tələblərini nəzərə almalarını xahiş edirik”, - mesajda deyilir.

Agentlik həmçinin Özbəkistan vətəndaşlarına öz şəxsiyyətlərini, ölkədə qalma və ya işləmək hüququnu təsdiq edən sənədləri özləri ilə gəzdirməyi tövsiyə edir. Müraciətdə bildirilir ki, səfərləri planlaşdırarkən stansiyaya və ya hava limanına əvvəlcədən yola düşmək lazımdır.

Özbəkistan vətəndaşlarından xahiş olunur ki, problemli vəziyyətlər yaranarsa, Özbəkistanın konsulluq idarələrinə, habelə Rusiya Federasiyasındakı Xarici Əmək Miqrasiyası üzrə Agentliyinin nümayəndəsinə müraciət etsinlər.

Xatırladaq ki, martın 22-də etnik taciklərin “Crocus City Hall”da törətdiyi terror aktı ilə əlaqədar “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiqini təklif edib.

Bu hadisədən sonra Rusiyada asiyalı əmək miqrantlarına qarşı onsuz da yaxşı olmayan münasibətin daha da pisləşəcəyi gözlənilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR