İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada daha bir "Mi-28" qəzası: Ordunun əsas döyüş maşınlarından birinə nə olub?

567 25.07.2024 12:21 Region A A

Rusiyanın Kaluqa vilayətinin Jidrinski rayonunda "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib, ekipaj üzvləri həlak olub.

Helikopterin qəzaya uğraması ilə bağlı məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

Nazirliyin məlumatına görə, helikopter boş ərazidə qəzaya uğrayıb. Onun Klinki kəndindəki meşə sahəsinə düşdüyü bildirilir. Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir.

Kaluqa vilayətinin Jizdra rayonu Ukrayna ərazisi ilə qonşu olan Bryansk vilayəti ilə sərhədə yaxın ərazidə yerləşir.

Qeyd edək ki, bu, "Mi-28" helikopterləri ilə bağlı son 3 ayda 3-cü qəza hadisəsidir. İyulun əvvəlində Mi-28 helikopteri Rostov vilayətində məcburi eniş edib. Daha sonra onun Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının kütləvi hücumu səbəbindən yerə enməyə məcbur edildiyi bildirilib - on pilotsuz təyyarə Rostov vilayətinə doğru buraxılıb.

Həmçinin qeyd olunub ki, helikopter yerə enərkən sahədə yanğına səbəb olub və mühərrikin yüksək temperaturu səbəbindən yanğın başlayıb.

May ayında Krımda daha bir Mi-28 qəzası baş verib. Helikopter təlim uçuşu yerinə yetirərkən yarımadanın Cankoy rayonunda qəzaya uğrayıb. Müdafiə Nazirliyi qeyd edib ki, qəza avadanlıqların nasazlığı səbəbindən baş verə bilər.

"Mi-28" Rusiya ordusunun əsas döyüş helikopteridir, kəşfiyyat aparmaq və düşmənin əsasən zirehli və qorunan hədəflərini, məsələn, tankları məhv etmək üçün nəzərdə tutulub. “Gecə ovçusu” adlanan "Mi-28" məhdud görünmə şəraitində, yəni gecə və pis hava şəraitində işləmək üçün uyğunlaşdırılıb.

"Mi-28" 30 mm-lik top, 12,7 mm-lik ağır pulemyotla silahlanıb, atəş məsafəsi yuxarı olan Sturm, Sturm-S və ya Phalanx tank əleyhinə idarə olunan raketlər kompleksi ilə təchiz olunur. Bu helikopterin uçuş məsafəsi təxminən 300-350 kilometr, sürəti saatda 315 kilometrdir.

Helikopter qəzalarının çoxalmasını bir çox mütəxəssislər sanksiyalar üzündən onlara keyfiyyətli texniki xidmət göstərilməsi imkanlarının məhdudlaşması ilə izah edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR