İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı gənci güllələyən polis bəraət aldı - Bənzər olay bizdə olsaydı...

851 28.05.2022 08:30 Gündəm A A

"Qafqazdan, Orta Asiyadan olan insanlara bir şovinist yanaşma var”

Rusiya İstintaq Komitəsi Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin polis əməkdaşı Aleksandr Qusev tərəfindən güllələnməsi ilə bağlı işi bağlayıb. Polisin əməllərində cinayət tərkibi aşkar edilməyib. O sərbəst buraxılıb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi xəbər yayıb.

Xatırladaq ki, düz bir il qabaq - 2021-ci ilin mayın 28-də Novosibirskdə yaşanan faciəvi hadisə Azərbaycanda ciddi rezonans doğurmuş, rus yol polisi səlahiyyət həddini aşmaqda ittiham olunmuşdu. Məsələ ilə bağlı bir qrup azərbaycanlı deputat V.Putinə müraciət də etmişdi. Orada qətli törədən polisin öncə tutulsa da, az sonra sərbəst buraxılmasına etiraz da yer alırdı.

Göründüyü kimi, Rusiya “femidası” öz bildiyini edib. Bəs polis əməkdaşının heç bir cəza almaması nə dərəcədə qanunidir? Bənzər olay Azərbaycanda baş versəydi, ölən rus gənci olsaydı, Rusiyanın reaksiyası nə olardı?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Yenidən müraciət ünvanlanarsa, imza atmağa hazıram”

Hadisə ilə bağlı Rusiya Prezidentinə ünvalanan məktuba imza atmış millət vəkillərindən biri Arzu Nağıyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Bu iş cinayət məcəlləsinin iki bəndi ilə qaldırılmışdı. Birincisi, vəzifə səlahiyyətlərini aşma, ikincisi ehtiyatsızlıqla bağlı.

Ötən il cinayət işi qaldırılanda da Rusiyanın İstintaq Komitəsinin rəhbəri belə bir bəyanat yaydı ki, yol polisi əməkdaşı azadlığa buraxılır və digərləri haqda cinayət işi açılır. Həmin vaxt Azərbaycanın bir neçə millət vəkillərinin, o cümlədən mənim də imzamla Rusiya hakimiyyətinə məktub ünvanladı ki, bu cinayət işinə daha dəqiq baxılsın. Lakin gördüyünüz kimi, bütün bunlara rəğmən, həmin polis azadlığa buraxılıb. Bildirilib ki, guya hadisə ehtiyatsızlıqdan baş verib, guya ciddi araşdırılma aparılıb, bundan sonra polis bəraət qazanıb. Əlbəttə ki, öldürülən azərbaycanlının valideynləri apelyasiya məhkəməsinə müraciət edə bilərlər. Həmçinin Azərbaycan diasporu, ziyalı təbəqə yenidən məsələ ilə bağlı müraciət edə, təfərrüatı ilə maraqlana bilər. Sözsüz ki, xarici ölkədə yaşayan hər bir azərbaycanlı bizim soydaşımızdır, onun problemləri ilə maraqlanmaq da Azərbaycan ictimaiyyətinin birmənalı borclarından biridir. Mən də sənədlərlə tanışam və əgər yenidən müvafiq müraciət ünvanlanarsa, ora imza atmağa hazıram".

Sabiq polis rəisi Mahmud Hacıyev isə qeyd etdi: “Acı da olsa həqiqəti danışmaq lazımdır. Rusiyada təkcə polis deyil, adi şəxslər tərəfindən də azərbaycanlılara qarşı cinayət törədildikdə aidiyyəti orqanlar həmişə gözləmə mövqeyini tutub. Yəni, qanunun tələb etdiyi işlər görülmür. Son vaxtlar isə bu cür məsələlər daha intensiv hal alıb. Elə eşidirik ki, Rusiyanın filan bölgəsində azərbaycanlı döyüldü və yaxud qətlə yetirildi. Aidiyyəti orqanlar 3-4 gün əməliyyat tədbirləri həyata keçirir, sonra işi arxivə atırlar. Bu artıq bir qayda halını alıb. İndi bu hadisədə də hadisəni törədən polis əməkdaşıdır. Ona necə bəraət vermək olar, başa düşmək olmur?”

Mahmud Hacıyev: “Belə yerlərdə mühafizə, təhlükəsizlik xidməti yüksək  səviyyədə icra oluna bilməz”

Mahmud Hacıyev: “Bu cür məsələlərdə səfirlik və konsulluqlar dirəniş göstərməlidir”

Mahmud Hacıyevə görə, polis əməkdaşının bəraət alması heç bir qanuna sığmır: “Əvvəla, axı həmin gənc polisə silah qaldırmayıb. Polis bilir ki, müqavimət zamanı ilk hansı hərəkətləri etməlidir. Amma bunların heç birini etmədən azərbaycanlını güllələyir. Bu, qanuna ziddir və millətimizə qarşı aşağılama hərəkətidir. Mən inanıram ki, polis bu hadisədə bəraət aldıqdan sonra yenidən öz işinin başına dönəcək”.

Müsahibimiz vurğuladı ki, bu cür məsələlərdə Rusiyadakı səfirlik və konsulluğumuz ciddi fəaliyyət, dirəniş göstərməlidir: “Bizim burada oturub, rəylər verməyimizin, səs-küy salmağımızın heç bir təsiri, effekti yoxdur. Bu cür hadisələrdə birinci dirəniş göstərmək, hüquq-mühafizə orqanlarından müəyyən şeyləri tələb etmək səfir və konsulluqların işidir. Əgər bu hadisə Azərbaycanda baş versəydi Rusiya səfirliyi, rus icması dünyanı bir-birinə qatmışdı. Məsələyə elə bu cür də yanaşmaq lazımdır. Yoxsa ki, səfirliyimiz bu cür olaylarda açıqlama verir ki, ”nəzarətimizdədir", vəssalam. Bütün hadisələrdə bu şablon söz deyilir və iş görülmür".

Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Novella Cəfəroğlu: “Bir dövlət ki, bu boyda Ukraynaya girib küçədə adi vətəndaşları, qocaları, uşaqları qırır, ondan ədalətmi gözləyəcəyik?”

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun məsələyə münasibəti belə oldu: “Bir dövlət ki, o boyda Ukraynaya girib milləti, küçədə gəzən adi vətəndaşları, qocaları, uşaqları göz qabağında qırır, ondan ədalət gözləyəcəyik? Ümumiyyətlə, Rusiya nə zaman ədalətli olub ki, indi də ədalətli olsun? Məgər Qarabağın alınması, 30 il işğalda qalması Rusiyanın əməli deyildi? Onların qanunları özlərinə işləyir, başqa millətlərə yox. Əlbəttə, yenə də səsimizi qaldırmalıyıq, ortada gənc azərbaycanlı öldürülüb. Ondan ötrü ki, bilsinlər biz hər bir vətəndaşımız haqqında sitəm kimi dururuq. Amma yenə də bəhanələr uyduracaqlar ki, guya polisə hücum etdiyi üçün öldürülüb. Bu məsələ tərsinə baş versəydi, hətta polisimiz haqlı olsaydı belə Rusiya bizim başımıza elə oyunlar gətirərdi ki. Ona görə də bilməliyik ki, bizim güvənə biləcəyimiz, arxalanacağımız yalnız Türkiyə və türklərdir. Həmçinin dostlarımız ağır gündə bizə dəstək olan, yanımızda duran İsrail, Pakistandır”.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev: “Rusiyada təkcə azərbaycanlılara deyil,

Hüquqşünas Əsabəli Mustafayev: “Görünür ki, polisə ehtiyatsızlıqdan bəraət verilib, yəni guya istəmədən baş verib. Lakin bu ehtiyatsızlıq adi vətəndaş tərəfindən törədilsəydi, bəlkə də qəbul etmək olardı ki, hadisə istəmədən baş verib. Axı polis  peşə hazırlığı keçir, xüsusən də hücumu dəf etməklə bağlı. İlk növbədə polisi öyrədirlər ki, hücum edən şəxsi fiziki qüvvə, digər xüsusi vasitələrdən istifadə etməklə necə dəf etmək olar.  Silah işlətmək yalnız son anda ola bilər. Polisin xüsusi vəzifəsi budur ki, əgər qarşı tərəfdə silah yoxdursa, yalnız fiziki qüvvə ilə onu dəf etməlidir.

Əlbəttə ki, polislər silahdan necə istifadə edilməlidir deyə ciddi şəkildə təlimatlandırılırlar. Onların əlində güllənin təsadüfən açılması mümkün deyil. Polis yalnız son anda atəş açmaq məcburiyyətində qalanda silahını çıxarda bilər. Lakin yayılan videokardrlardan görmüşdük ki, polis dərhal silahını çıxarıb və silah atəş açılmağa hazır olub. Halbuki orada silah çıxartmağa ciddi bir əsas yox idi. Həmin vaxt polis silahı yalnız qorxutmaq məqsədi ilə göstərə bilərdi. Amma görürük ki, polis vəzifə səlahiyyətlərini aşır və qəsdən gənci güllələyir. Bu məsələdə öldürülən şəxsin azərbaycanlı, qeyri-rus olması da öz təsirini göstərib. Çünki bilirik ki, Rusiyada təkcə azərbaycanlılara deyil, Qafqazdan, Orta  Asiyadan olan insanlara bir şovinist yanaşma var. Onlara “aşağı sort” insanlar kimi baxılır. Bunu mətbuatdan, sosial şəbəkələrdən də görürük. Beləliklə, həmin hadisə ilə bağlı yayılan kadrlardan da aydın olur ki, polisin əməlində cinayət var, lakin çox təəssüf ki, məsələyə böyük ədalətsizliklə yanaşılıb".

Xalidə GƏRAY,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR