İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Belarus sərhədlərindəki 32 min NATO əsgərinin məqsədi

812 22.02.2024 09:03 Ölkə A A

Lukaşenkonun həyəcanlı açıqlamasının pərdəarxası; “Belarusun müharibəyə qoşulması miqyasın genişlənməsi anlamına gələcək”

Rusiya-NATO gərginliyi yüksəlir. Artıq qarşılıqlı təhdidlər ciddi xarakter alır. Düzdür, Ukrayna müharibəsinin timsalında Rusiya-Qərb savaşı çoxdandır gedir. Ancaq bu savaşın açıq NATO-Rusiya müharibəsi şəkli alacağı iddiaları da çoxdandır səslənir. 

Bu kontekstdə Belarus prezidenti Aleksandr Lukaşenkonun həyəcanlı açıqlamasını anons da saymaq olar. 

“Rusiya və Belarus sərhədləri yaxınlığında 32 minə yaxın NATO əsgəri, mindən çox zirehli texnika, 235 təyyarə və helikopter yerləşdirilib”, - deyə Belarus prezidenti diqqətə çatdırıb. 

Güc strukturlarının rəhbərləri ilə görüşdə o, həmçinin əlavə edib ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxuları əsassız hesab edir. 

Lukaşenko ikibaşlı açıqlaması ilə nə demək istədi? Yəni Rusiya və müttəfiqləri üçüncü dünya müharibəsindən, NATO qüvvələri ilə savaşmaqdan qorxmurlar, yoxsa belə müharibənin olmayacağını, NATO-nun bu riskə getməyəcəyini demək istəyib?

Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək  səviyyədədir”

Emin Həsənli

“Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bu savaşın baş tutacağını indiki vaxtda proqnozlaşdırmır: “Onsuz da nəzərdə tutulan III dünya müharibəsi bu və ya digər formada başlayıb. Ekspertlər də bəyan ediblər ki, bu uzun müddətdir davam edir. Soyuq müharibədən, SSRİ-nin çöküşündən sonra hər kəs düşünürdü ki, dünyada bir ədalət, barış olar, dünya XXI əsrdə belə idarə oluna bilməz. Artıq dünyanın bir  çox yerlərində başlayan müharibələr uzunmüddətli savaşlara çevrilib. Biz II Qarabağ savaşında dünyanın ədalətsizliyini görmüşük. Beynəlxalq hüquq işləmədi, 30 il biz buna ümid etdik. Rusiya-Gürcüstan, Rusiya-Ukrayna savaşlarında da biz çox şeylərin şahidi olduq. Qərblə Rusiya bir çox regionlarda üz-üzə gəliblər. NATO bütövlükdə Ukraynaya dəstək verir. Düzdür, Ukraynaya yetəri dəstək vermədi. Zamanında lazımi silahlar verilsəydi, vəziyyət başqa cür olardı. Görünür, Qərb Rusiyanın tamamilə sıradan çıxmasını istəmir. Həmçinin bu fikirləri Çinə də aid etmək olar. Eyni zamanda Ukraynanın da məğlub olmasını istəmir. Burada sadəcə əsas məqsəd Rusiyanın zəifləməsidir. İnanmıram ki, Qərb Rusiya ilə açıq savaşa girsin. Əgər girsəydi, Ukrayna tərəfindən girərdi. Sadəcə, maddi tərəfdən dəstək verməklə, silahlarla təmin etməklə kifayətlənir, hərbiçilərinə də təlimlər keçir. Müharibə uzandıqca, Rusiya savaşı dünyanın bir çox ölkələrinə də keçirə bilər. Qərb də bundan ehtiyatlanır. Onun üçün də qabaqlayıcı tədbirlər həyata keçirilir. Bütün hallarda yaxın zamanlarda dünyada sülh, ədalət yalnız sözdə olacaq. Nə qədər ki, dünyada güc əsas söz sahibi olacaq, yeni silahlar istehsal olunacaq, bunun belə olma ehtimalları daim gündəmdə olacaq. İndiki halda sülhün yaranması üçün ya Ukraynada hakimiyyət dəyişib, Rusiya ilə münasibətlər normallaşmalıdır, ya da Rusiyada hakimiyyət dəyişməlidir, yeni iqtidar NATO, Ukrayna ilə əlaqələri yaxşılaşdırmalıdır. Bu fikirlərimiz, Amerika başda olmaqla bir çox qabaqcıl Avropa ölkələrinə də aiddir. Amma bu da yaxın vaxtlarda görünmür. Bütövlükdə Rusiya-NATO qarşıdurması olmayacaq. Hər zaman olduğu kimi, Ukrayna kimi ölkələrdən istifadə edib Rusiyanın zəiflədilmə siyasəti davam etdiriləcək”. 

Alp Arslan İmamqulu – BAYRAQDAR MEDİA

Alp Arslan İmamqulu

Təhlükəsizlik məsələləri üzrə ekspert Alp Arslan İmamqulu da qeyd etdi ki, III dünya müharibəsi çoxdan başlayıb: “Bu gün NATO ilə Rusiya arasında bu istiqamətdə ciddi qarşıdurma yaşanır. Bu qarşıdurmanın nə vaxt sonuclanacağı bir növ Rusiya-Ukrayna savaşının nə zaman bitəcəyindən asılıdır. Bu gün NATO-nun hər hansı bir istiqamətdə qoşun yığması təbii ki, Rusiya üçün təhdid və təhlükə sayıla bilər. Amma bu cür irihəcmli şəkildə Rusiyanın ərazilərinə sıçrayan müharibəyə çevriləcəyi inandırıcı deyil. Ümumi olaraq, müharibənin əsas gedişatı Ukraynadadır. Əsas döyüşlərin o istiqamətdə gedəcəyini düşünürəm. 2024-cü ildə bu istiqamətdə ciddi nəticələr gözləniləndir”. 

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

 Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, Rusiya-Ukrayna müharibəsi onsuz da gərgin olan NATO-Rusiya münasibətlərini daha da kəskinləşdirdi: “Təkcə Rusiya-NATO arasında yox, ümumilikdə dünyada çox ciddi silahlanma var. Bütün ölkələr müdafiə xərclərini artırmaqda davam edir. Rusiya ordusu dünyanın ikinci ən güclü ordusu sayılır, Ukrayna isə Avropanın ikinci ən güclü ordusu idi. Faktiki olaraq dünyanın ikincisi ilə Avropanın ikincisi arasında müharibə gedir. Məsələ ondadır ki, Ukraynanın arxasında ABŞ və Avropanın silah və maliyyə yardımları dayanır. Ona görə də Rusiyanın təbliğat maşını NATO ilə döyüşdüklərini dilə gətirir. Silahlar, maliyyə, muzdlular, bir tək NATO-nun əsgəri çatışmır Ukraynada. NATO soyuq müharibədən sonra ən böyük hərbi təliminə hazırlaşır. Rəsmi olaraq da bəyan etdilər ki, bu Rusiyaya qarşıdır. NATO da bir hazırlığın içərisindədir. Yeri gəlmişkən, Çexiyanın, Niderlandın, Almaniyanın, İngiltərənin və Norveçin hərbi rəhbərliyi Rusiyaya qarşı müdafiə müharibəsinə hazır olmadıqlarını bildirdi. Avropa ölkələri ciddi şəkildə silahlanmaya da başlayıblar. Putin də bir müddət əvvəl Polşanı dolayısı ilə təhdid etmişdi. Bundan dərhal sonra Polşa sərhədə əlavə 10 min qoşun cəmləşdirmişdi. Lukaşenko NATO ilə bağlı fikirlər səsləndirməklə yanaşı bildirdi ki, Polşa və Amerika kəşfiyyatı Polşanın mülki əhalisinə qarşı təxribat hazırlayır. Sonra da bunda Rusiya və Belarusu günahlandıracaqlar. Bunu iki cür şərh etmək olar, ya Lukaşenkonun əlində dəqiq kəşfiyyat məlumatı var, ya da bunu özləri hazırlayacaq. Avropanın özü də çox çətin vəziyyətə qalıb. Həm eyni vaxtda Ukraynaya silah və maliyyə yardımı etməlidir, həm də özü hazırlaşmalıdır. Hesab edirəm ki, Ukraynaya yardımların azalması məhz daxildəki hazırlıq fonunda baş verir. Son zamanlar ən çox dilə gətirilən söz "üçüncü dünya müharibəsidir". Bunu nəinki hansısa analitik mərkəzlər, hətta ölkə rəhbərləri də dilə gətirir. Azərbaycan Prezidenti İlham Əliyev də andiçmə zamanı üçüncü dünya müharibəsinin başlama ehtimalına toxundu. Belarusun müharibəyə qoşulması miqyasın genişlənməsi anlamına gələcək. Əgər miqyas genişlənəcəksə, bunun adını nə qoyurlar-qoysunlar, son dərəcə dağıdıcı və dəhşətli olacaq". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR