İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq yolunda - ilginc gəlişmə

959 24.02.2023 13:00 Siyasət A A

Moskva yeni əməkdaşlıq ittifaqları axtarışında...

Bakıda Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Avrasiya Ekspert və Analitik Mərkəzi, Rusiyanın Azərbaycandakı səfirliyi, İqtisadiyyat, İdarəetmə və İqtisadiyyat İnstitutunun təşkilatçılığı  müzakirələr  keçirilib.  “Müasir dünyada elə şərait formalaşıb ki, bu şəraitdə ölkənin inkişafı üçün iqtisadi inteqrasiya zəruridir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı  Rusiya üçün xüsusi maraq kəsb edir”. Bu barədə  tədbirdə əsas çıxışçı-Rusiya Federasiyası Hökumətinin Katibliyinin rəis müavini Fyodor Çernitsın Haqqın.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, iqtisadi nöqteyi-nəzərdən Avrasiyada əsas inteqrasiya birliyi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,  Türkmənistan və Macarıstanın müşahidəçi kimi daxil olduğu Türk Dövlətləri Təşkilatıdır. Rusiya rəsmisi deyib ki, hazırda Rusiyanın Türkdilli Dövlətlər Birliyinə  daxil olması məsələsinə baxılmır, çünki  bu təşkilatdan belə bir dəvət gəlməyib. Onun sözlərinə görə, Türkiyə Avrasiya İqtisadi İttifaqında daha çox maraqlıdır, çünki Ankaranın aparıcı ticarət-iqtisadi tərəfdaşlarından biri olan Rusiya bu təşkilatın üzvüdür. “Rusiya ilə ticarət avtomatik olaraq Aİİ-nin bütün üzvləri ilə ticarət, yəni "beşlik"in bütün dövlətlərinə çıxış deməkdir. Bu kontekstdə Moskva ilə Ankara arasında dialoq var", - diplomat bildirib.

Çernitsın inteqrasiyanın daha dərin və intensiv variantları üzərində düşünməyi təklif edib, çünki onun nöqteyi-nəzərindən “gözümüzün qarşısında Avrasiya məkanında iqtisadi münasibətlərin yeni arxitekturası yaranır”.

O, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən danışaraq qeyd edib ki, ötən ilin 11 ayı ərzində bu ölkələr arasında ticarət dövriyyəsi 24,8% artaraq 3,7 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ilk beş alıcısı sırasına daxildir.   Azərbaycanın Rusiyaya ixracının təxminən 97%-ni qeyri-neft məhsulları təşkil edib. Bundan əlavə, Rusiya Federasiyası Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük idxalçısıdır. Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları 4,5 milyard dollar, Bakı Rusiyaya 1,5 milyard dollar sərmayə qoyub. Rusiya Federasiyasından Azərbaycana fiziki şəxslərin  pul köçürmələrinin həcmi təxminən bir milyard dollar təşkil edib. Beləliklə, görünən budur ki, Avropa ilə iqtisadi əlaqələrini minimum səviyyədə kəsən Rusiya yeni birliklərlə əməkdaşlıq axtarışındadır və bu sırada Türkdilli Dövlətlər Birliyinə xüsusi yer ayırır, hətta  belə bir təklifin mümkünlüyündən də danışılır.

Belə bir ittifaq mümkünmü?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, tarixin dərslərindən nəticə çıxara bilməyən hər kəs və hər bir dövlət mütləq növbəti cəzalarla üz-üzə qalmalıdır: “Rus dövlətinin heç vaxt dostu olmayıb. Rus dövlətinin digər dövlətlərlə münasibətlərində, sadəcə, imperiya ambisiyalarına söykənən maraqlar əsas olub. Bunun belə olduğunu sübut edən ən gerçək həqiqət bu gün Rusiya dövlətinin "dünyaya gətirdiyi" Ermənistana olan münasibətidir. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni xalqının bir böyük qisminin Rusiya həqiqətlərini olduğu kimi “dərk etməsi” bu gün Kreml  hakimiyyətinin qəzəbinə səbəb olub. Hətta iş o yerə çatıb ki, ruslar ermənilərin min bir yolla saxtalaşdırıb gizlətməyə çalışdıqları tarixi həqiqətləri dayanmadan onların yadına salmağı özlərinə borc  biliblər. Rusiyanın “sözünə baxmayıb” daha sərbəst olmaq istəyən, Qərbə meyllənən ermənilərə hətta Rusiya dövlətinin başçısı səviyyəsində xatırladılır ki, sizin  dövlətinizi də, torpağınızı da, paytaxtınızı da biz ruslar vermişik. Azərbaycanı iki yerə parçalayan və sovet dönəmində belə imperiya ambisiyalarından əl çəkməyib, Zəngəzuru ermənilərə verməklə Naxçıvanı Azərbaycandan ayıran, Qarabağda erməni muxtariyyəti yaradaraq gələcək üçün münaqişə ocağı yaradıb bu gün də o ocağı alovlandıran kimlərdir? Bütün bu baş verənlərin kökündə rus imperiya ambisiyaları dayanıb və dayanmaqda davam edir. Bu səbəbdən bu gün Qərbin bütün səviyyələrdən təzyiq göstərib məhv eləmək istədiyi Rusiya türk dövlətləri arasında özünə “dost-əməkdaş” axtarışındadır".

Sabiq nazir qeyd etdi ki, Rusiyaya qarşı qəbul edilən sanksiyaların bir çoxu artıq öz təsirini göstərir. Rusiya iqtisadiyyatı çökür, dünyada get-gedə təklənmiş duruma düşür: “Bu sanksiyalar Rusiya dövlətini çökdürməyə olduqca yaxındır. Ona görə də Rusiya özünə yeni dayaq nöqtəsi olacaq ittifaq axtarmaqdadır. Rusiya kürəyini yerə qoymaq istəmir, çabalayır. Rus hakimiyyəti başa düşmür ki, Belarus daxil, onunla heç bir dövlət ürəkdən dostluq və əməkdaşlıq etmir. Baxın, Rusiyanın şərqində, qərbində, cənubunda və şimalında yerləşən hansı bir dövlət onu səmimi dost kimi qəbul edir? Heç biri! Bu gün hansı dövlət Rusiya ilə əməkdaşlıq və ya dostluq edirsə, bu, sevgidən doğan dostluq deyil, çarəsizlikdən dostluqdur. Odur ki, Türk dövlətləri Rusiya ilə münasibətlərdə tarixin dərslərini unutmadan "bir əlində Quran, o biri əlində Qılınc" prinsipi ilə ehtiyatlı davranmalıdırlar. Türk Dövlətləri Təşkilatında Rusiyanın rəsmi üzvlüyü mümkün görünmür, lakin məşvərətçi hüquqla iştirakçılıq mümkün ola bilər. Amma yenə də deyirəm, hər bir halda bu ittifaq səmimi dostluq ittifaqı olmaz".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR