İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülhməramlılarının Qarabağda iki ili: kim uddu, kim uduzdu?

2561 05.11.2022 23:35 Gündəm A A

Qarabağın bəzi ərazilərində ermənilərin yenə də yaşamasına şərait yaratmaq da, bu bölgədə müvəqqəti hərbi kontingent yerləşdirmək də müharibənin yekun olaraq ən doğru qərar idi

Bir neçə gündən sonra Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsinin iki ili tamam olur. 44 günlük müharibənin yekunu olaraq verilmiş bu qərarla bağlı Azərbaycandakı bəzi qüvvələrin yaratdığı o zamankı “ay aman, Rusiya ordusu yenidən Azərbaycana qayıtdı, bu gün-sabah Bakıya da gələcəklər” kimi süni ajiotaj zaman-zaman yenə xatırlanır. Rusiya sülhməramlıları Qarabağa bir halda gəlməyə bilərdi. Gərək, o zaman Qarabağda erməni qalmayaydı.

“Xankəndə niyə girmədik” sualını bu iki ildə azı iki min müxtəlif adamdan eşitmişəm. Bəziləri səmimi olaraq bu sualı verirlər, bəziləri isə kiməsə guya acıq, tənqid üçün. Bu barədə bir neçə dəfə yazmışam, indi mövzuya yenidən qayıtmağın mənası yoxdur.

Çünki bu müharibənin bütün məsuliyyətini üzərinə götürən və bu ağır işi böyük bacarıqla Qələbəmizlə yekunlaşdıran Prezident Əliyev düşünürəm ki, 10 noyabrda doğru bildiyi qərara imza atdı. Qarabağın bəzi ərazilərində ermənilərin yenə də yaşamasına şərait yaratmaq da, bu bölgədə müvəqqəti hərbi kontingent yerləşdirmək də müharibənin yekun olaraq ən doğru qərar idi. Dildə “Xankəndə girib bayrağımızı asaydıq, heç bir dövlət bizə heç nə deyə bilməzdi, desə də, cəhənnəmə...” həqiqətən də qulağa xoş gəlir, amma kaş ki, reallıq da bunca rahat olaydı...

4a63fde82c7eaa62d886a6883e9a7040 (1).jpg (166 KB)

Prezident Əliyev erməni məsələsində indiyədək Azərbaycana rəhbərlik etmiş şəxslər arasında ən qətiyyətli mövqe ortaya qoyan liderdir və hansısa məsələdə bizə güzəşt kimi görünən varsa, bu da siyasətdir, müvəqqətidir, dövlətin ziyanına deyil, ola da bilməz.

Rusiya ordusuna ictimai rəy aydındır və birmənalı mənfidir, bunun da obyektiv tarixi, psixoloji səbəbləri var. Rusiya hərbi kontingentinin rəhbəri, general Volkov bu ilin yanvarında postu təhvil alıb. Bundan əvvəlki komandanın da müavini olub. Volkov ilk və sonuncu dəfə 10 ay əvvəl Bakıda olub. Bu gün geniş müşavirə keçirən Azərbaycanın müdafiə naziri sülhməramlıların müvəqqəti dislokasiya olunmuş bölgədə qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyini qeyd edib. Volkovun Bakıya tez-tez gəlməməsi o demək deyil ki, Rusiya hərbi kontigenti ilə əlaqələr zəifdir. Əksinə, bütün kommunikasiylar vasitəsilə bu əlaqələr davamlıdır.

Rusiyalı sülhməramlılardan narazıyıqmı? Əlbəttə. “Caliber” bu gün məlumat yayıb ki, Laçın koridorundan Xankəndinə “humanitar yük” adı altında silah-sursat daşınıb. Laçın koridoruna Azərbaycanın nəzarəti ən müxtəlif üsullarla var. Amma bu cür qanunsuzluqların qarşısını almağın yeganə yolu Azərbaycanın orada öz nəzarətinin olmasıdır. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı şərti məlumdur, o halda bizim israrımız faydasızdır, ən tez zamanda Laçın koridorunda postları qurmaq lazımdır, vacibdir, mühümdür.

rus_)2737455.jpg (43 KB)

Ermənilər necə, rus hərbi kontingentindən razıdırlarmı? Yox. Qarabağdakı rus dilində dərc olunan yerli medialarına, oradakı şərhlərə baxıram. Narazıdırlar, hətta söyürlər, yazırlar ki, gedib-gələndə onları bir neçə postda yoxlayırlar, incidirlər və sairə...

Amma narazılıqları təkcə bu deyil ki... Elə bilirdilər ki, rusiyalı əsgərlər Birinci Qarabağ müharibəsində olduğu kimi gəlib erməni əsgərinin paltarını geyinib azərbaycanlı kəndlərinə hücumlar təşkil edəcəklər. İndi görürlər ki, içərlərində olsalarlar da, mitinqlərinə göz yumsalar da, heç nə əvvəlki kimi deyil. Bəli, təhlükəsizlikləri təmin edilir, gecə evlərində rahat yata bilirlər, amma bunu həm də Bakı belə istəyir. Çünki lazım gələndə, elə lap o sülhməramlıların başı üzərindən dron da qaldırır, “Qısas” əməliyatı da keçirir. Ermənistan o səbəbdən sərhəddə Rusiya yox, ATƏT, Fransa sülhməramlılarının gəlməsini istəyir. Paşinyanın və Araikin “sülhməramlılar 20 il qalsınlar” kimi “gözə girən” açıqlamaları əslində səmimi deyil, onlar ruslardan bizdən on qat çox narazırlar, amma əlacsızdırlar. Vardanyan, başqa “yanlar” baş aparacaqlar, hansısa mitinqlər keçirib, bəyanatlar verəcəklər, əsəblərimizə toxunacaqlar. Onların silahlahlıları da indi ancaq quş vurmağa cəsarət edə bilər. Bu pafos-filan deyil, Qələbəmizin yaratdığı gerçəklikdir.

Без названия.jpg (8 KB)

...İşğal bölgəsini dirçəltmək üçün Azərbaycana “nisbi sakitlik” və ən vacibi zaman lazımdır. İlham Əliyevin bu məsələdə necə tələsdiyini görmürsüzmü? 2 il keçdi, xeyli iş görülüb. Xankəndi və ətrafında necə, xüsusi dirçəlmə varmı? Yoxdur. İki il əvvəl Xankəndi istiqamətinə hər gün 10-larla bahalı ciplər gedirdi, indi Laçın yolundan o istiqamətə köhnə “Jiquli” və “Niva”lar keçir...
Rusiyanın bölgədə əlbəttə ki, öz maraqları var, bu həmişə belə olub. Amma bu maraqlar Azərbaycanın “qırmızı xətti”ni keçərsə, daha sərt mövqe ortaya qoyulacaq. Biz qalib xalqıq, tarixi Qələbəyə imza atdıq- bacarıqlı rəhbərlik və ordumuzun sayəsində.

Şəhidlərimizə isə borcluyuq. Amma qalibiyyəti qoruyub saxlamaq, möhkəmlətmək onu qazanmaq qədər də vacibdir. Üstümüzə hürənlərin sayı artıb, dünya yeni düzənə girib. Bizim bölgə də daxil gərginliklərin artacağı gözlənilir, hətta müharibə də. Müharibə bitməyib və bunu təkcə ermənilərə beş-altı silah daşımaqla, Ermənistanla sülh sazişi imzalanmaması ilə əlaqələndirmək doğru deyil...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR