İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qərbi yenə nüvə silahı ilə hədələdi - Moldovanın da başı üzərində qara buludlar dolaşır...

948 25.05.2023 08:50 Siyasət A A

Baxmutun işğalından sonra Qərb və Avropa ölkələri Ukraynaya növbəti dəfə silah yardımı edəcəyinə dair açıqlamalar verdilər. Rusiya isə bütün sanksiyalara və xəbərdarlıqlara rəğmən daha da aqressivləşməkdədir. Belə təsəvvür yaranır ki, müharibə nəinki bitməyə doğru gedir, əksinə, daha dəhşətli bir mərhələyə qədəm qoyur. Artıq müharibə Ukrayna sərhədlərini də aşa bilər...

“Qərb Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib: “Kiyevə yeni silahların, o cümlədən qırıcı təyyarələrin çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyə qadir deyil. Kollektiv Qərb ölkələri Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur. Putin mayın 23-də Moskvada Serb Respublikası Prezidenti ilə görüşəcək. Kreml Rusiya Federasiyasında casusluq ittihamı ilə həbs edilən ABŞ-ın "The Wall Street Journal" nəşrinin müxbiri Evan Qerşkoviçə konsulluq girişinin təmin edilməsi məsələsi ilə məşğul olmur".

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev isə Qərbi növbəti dəfə nüvə silahına əl atmaqla hədələyib: “Kiyevə nə qədər çox dağıdıcı silahlar verilsə, nüvə apokalipsisi ssenarisi ehtimalı bir o qədər çox olar”. O, Belqorod vilayətinə diversiya hücumundan danışıb. O, Belqoroda hücumu təşkil edənləri əclaf və təxribatçı adlandırıb.

“Belqorod vilayətində təxribat törədənləri əsir götürmək yox , onları siçovullar kimi məhv etmək lazımdır”, - deyə Medvedyev son dərəcə aqressiya ilə danışıb.

O qeyd edib ki, Belqorod vilayətində təxribatçıların sızmasına görə məsuliyyət Kiyev rejiminin, eləcə də onun ABŞ və Aİ-dəki sponsorlarının üzərinə düşür. Medvedyev söyləyib ki, Kiyev rejiminin hərbi cəhətdən gücləndirilməsinə yönəlmiş hərəkətlər hərbi münaqişənin uzanmasına gətirib çıxarır. Bu arada Moldovadan maraqlı açıqlamalar səslənməyə başlayıb. Moldova Prezidenti Maya Sandu deyib ki, ölkəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Putin Moldovaya səfər edəcəyi təqdirdə, onu həbs edəcəklər.

“Biz təhlükəsizliyimizi gücləndirmək üçün konkret tədbirlər görmüşük, bu il müdafiə xərclərinin büdcəsi iki dəfə artırılıb”.

Bunu isə APA-ya müsahibəsində Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib. “Avropalı tərəfdaşlarımıza hava hücumundan müdafiə sistemi üçün müraciət etmişik. Hazırda Avropa İttifaqı Moldovada Milli Ordunun modernləşdirilməsinə 40 milyon avro ayırıb. ABŞ, Almaniya, Rumıniya, Böyük Britaniya və digər avropalı tərəfdaşlar da qarşılıqlı əsaslarla Moldovaya silahlı qüvvələrini gücləndirməyə kömək edirlər. Buna misal olaraq, bu yaxınlarda Almaniyanın təqdim etdiyi "Piranha" zirehli maşınlarından ibarət partiyanı göstərmək olar", - diplomat qeyd edib.

Səfir Rusiya raketlərinin bir neçə dəfə Moldovanın hava məkanını pozduğunu xatırladıb. Açıqlamalardan belə nəticə hasil olur ki, qarşıdakı həftələrdə, bəlkə də günlərdə müharibə daha da qəddarlaşa və Ukrayna sərhədlərini aşaraq, Moldovaya qədər gedib çıxa bilər. Nəzərə çatdıraq ki, Dnestryanı separatçı bölgədə Rusiyanın aranı qarışdırmaq imkanları da genişdir... Yaranmış mənzərə hansı qənaəti yaradır? Nə baş verəcək?

Ağamalının 2 müavini-FİKRƏT YUSİFOV VƏ ARZUMAN ABDULKƏRİMOV SEÇKİDƏN  ÇƏKİLDİ – YENİLƏNİB – EtikXəbər

Fikrət Yusifov: “Rusiya Qərbin planlarına uyğun bir şəkildə yenidən təşkil olunacaq”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Rusiyanın müdaxilə edə biləcəyi bəzi NATO ölkələrinin adlarını çəkdi: “Rusiyanın özünü getdikcə daha aqressiv aparması təbii haldır. Bu işğalçı müharibəni başlayanda Rusiyada aşağıdan yuxarıya heç kimin ağlına gəlmirdi ki, bir il üç ay ərzində 200 mindən çox canlı itki və bundan ən azı 3 dəfə çox yaralı (onların 90%-i əlil olur) verəcəklər. Onlar bu müharibəni başlayanda onu 3 günə bitirəcəklərinə əmin idilər. Qərbin Ukraynanın yanında bu qədər ciddi və israrlı dayanacağını ağıllarına belə gətirmirdilər. Krımı və Ukraynanın Qərbini illər öncə işğal edərkən Qərbdən ciddi təpki almadıqlarından bu dəfə də bunun belə olacağına əmin idilər. Lakin göründüyü kimi, vəziyyət tamamilə başqa bir hala gəlib çatdı. İşğalçı müharibənin başlanğıcında Putini dəstəkləyən yaxın ətrafındakı adamlar belə nə olacaq sualının cavabını bilmədiklərindən səksəkə içindədirlər. Nə olacaq sualının cavabı isə artıq çoxdan aydındır. Elə buna görə də bu gün Rusiya hakimiyyətinin yüksək dairələrində müxtəlif qruplaşmalar dünyanın gözləri qarşısında bir-birinə qarşı açıq mübarizəyə keçiblər. Bu da təsadüfi deyil. Hakimiyyətdəki qruplaşmalar arasındakı mübarizə getdikcə şiddətlənəcək və böyük bir partlayışla yekunlaşacaq. Bu da aksiomdur. Bundan sonrakı Rusiya Qərbin planlarına uyğun bir şəkildə yenidən təşkil olunacaq. Bunu bu gün Rusiyada demək olar ki, hər kəs çox yaxşı başa düşür. Hər kəs yaxşı başa düşür ki, Qərb 10 milyardlarla dollar pulu havayı yerə heç vaxt xərcləməz. Qərb bu gün paralel olaraq Rusiyanın hər hansı bir yanlış addımını gözləyir. Bu yanlış hərəkət aqoniya vəziyyətində olan rus hökumətinin NATO üzvü olan ölkələrdən (bu, Finlandiya, Polşa və ya Baltikyanı ölkələrdən biri ola bilər) hər hansı birinə, hər hansı bir formada hərbi müdaxilə etməsi olacaqdır. Rusiya bunu edərsə, bu, NATO-nun Rusiya-Ukrayna müharibəsinə qatılması və bununla da müharibənin taleyinin ən qısa zamanda həll edilməsi demək olacaqdır. Rusiyanın Moldovaya hərbi müdaxiləsi də özü üçün yeni bir cəbhənin açılması deməkdir. Ukrayna cəbhəsində boğulan Rusiyanın başladığı işğalçı müharibəni dayandırmaq yollarını axtara-axtara baş sındırdığı bir dönəmdə özü üçün yeni bir cəbhə açacağı az inandırıcı görünür. Rusiya rəsmilərinin hədə-qorxu dolu bəyanatları isə sadəcə, blefdir”.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı Amerikanın Rusiyanın səhvlərindən istifadə edərək zərbələrinə davam etdiyini qeyd etdi: “Məsələyə geniş müstəvidən yanaşmalı, nə baş verdiyini anlamağa çalışmalı, fikrimizi ayrı-ayrı hadisələrlə əsas məsələdən yayındırmalıyıq. Əsas məsələ dünyada yeni düzənin, yeni münasibətlər sisteminin formalaşması prosesindən ibarətdir. Yerdə qalan məsələlər, o cümlədən Ukrayna müharibəsi, Moldovanın əndişələri, Ermənistanın regionda hərəkətləri detallarıdır. Sovet imperiyasının süqutundan sonra ABŞ-ın hegemonluğu ilə birqütblü dünya yarandı. ABŞ bu vəziyyəti qoruyub saxlamağa, əbədi reallığa çevirməyə çalışır. Bunun nəticəsi olaraq, bütün dünyanı özünə qarşı çevirdi. Əks proses başladı. Çin, Almaniya, Türkiyə, Rusiya çoxqütblü dünya hədəfi ilə fəaliyyət göstərirlər. ABŞ ilk olaraq, Rusiyanı sıradan çıxarmağa çalışır. Bunu birbaşa müharibədə iştirakı ilə deyil, şərti olaraq adlandırdığımız "vasitəli müharibə" ilə həyata keçirməyə çalışır. Rusiya da əvvəl “vasitəli müharibə” yolunu tutdu, Donbası, Donetski qabağa verdi, amma onlar bacarmadıqlarına görə özü birbaşa müharibəyə girməli oldu. Bu, Rusiyanın ilk böyük uğursuzluğu oldu. Amerika Kremlin səhvlərindən istifadə etməklə zərbələrini davam etdirir. Belqoroda desant qüvvələrinin çıxarılması, "F-16" qırıcılarının işə salınması, Moldovanın tərpədilməsi bu planın tərkib hissəsidir. ABŞ vəziyyəti gərginləşdirməklə Rusiyanı daha çox səhvlərə yönəldir. Bu istiqamətdə vəziyyət davam edərsə, Rusiya nüvə silahına da əl ata bilər. Bu da Rusiyanın sonu demək olacaqdır. ABŞ Rusiyanı bu yolla bitirmək istəyirsə, səhv edir. Bu hamı üçün fəlakət olacaq. Rusiyanı bitirməyin optimal yolu “Qorbaçov variantı” ola bilərdi. Birinci Dünya müharibəsində Rusiyanı hərbi yolla devirmək cəhdi Lenin-Stalin “fenomeni” ilə nəticələndi, İkinci Dünya müharibəsi “sosializm düşərgəsi” deyilən fəlakəti ortaya çıxardı. Artıq müəyyən əlamətləri ilə getməkdə olan üçüncü dünya müharibəsinin Rusiyanın xarabalıqlarından nəyi yetişdirib ortaya çıxaracağını demək çətindir. Bir daha deməliyik ki, Rusiyanı zərərsizləşdirməyin ən yaxşı yolu onun daxilində dəyişikliyə nail olmaqdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR