İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Paşinyanı belə “qazladı” – Soçidə diqqət mərkəzində nə olacaq?

3630 29.10.2022 15:53 Yazarlar A A

“Biz Qarabağdakı Rusiya sülhməramlı kontingentinin mövcudluğunun 10, 15, 20 il müddətinə uzadılmasına dair Soçidə sənəd imzalamağa hazırıq”.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hakim “Mülki müqavilə” partiyasının qurultayında belə deyib. Lakin qeyd edib ki, bu tək onluq da deyil, çünki qərarlar üçtərəfli formatda qəbul olunur.

Məsələ də bundadır. Heç Rusiyanın istəyi də həlledici deyil, ola bilməz. Sadə səbəbə: sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Qarabağ Azərbaycanın suveren ərazisidir və nida işarəsi! Bu o deməkdir ki, bütün dünya möcüzəvi şəkildə birləşib razılıq versə ki, Rusiya hərbçiləri orada daha 10-15-20 illiyə, yaxud həmişəlik qalsın, Azərbaycan razı olmasa, bu, sevda baş tutmayacaq.

İkinci yandan, sülhməramlı kontingentin ərazimizdə qalma müddətinin bitməsinə hələ 3 ildən çox var. O zaman xeyir ola bu tələskənlik? Nə həşirdir belə? Adam barmağını dişləyir, doğrudanmı qulağımıza dəyənlər sırf Nikol Vovayeviçin beyninin “məhsuludur”, yoxsa?

İş ondadır ki, separatçı-başı Araik Arutunyan da bu gün eyni sərsəmləməni dilə gətirib - Paşinyanla səs-səsə verərək.

Belə ki, Putinin “Valday” Diskussiya Klubundakı məlum çıxışından ruhlandığı açıq-aydın sezilən quldurbaşı deyib: “Ümid edirik ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində “artsax”ın taleyi ilə bağlı əsas elementlər fiksə ediləcək. Söhbət ən əvvəl “artsax”dakı Rusiya sülhməramlı qüvvələrin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir. Onların “artsax”da olması həyati əhəmiyyət kəsb edir. Çünki 2020-ci ilin noyabrından Rusiya sülhməramlıları “artsax respublikası”nın və onun xalqının təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. İkinci əsas hədəf ən azı, “artsax”ın indiki statusunu saxlamaqdır”.

Diqqət edin, Araik bunları Moskvaya “səfərindən” dərhal sonra bildirir. Demək, Rusiyadakı ağalarından növbəti təlimat alıb.

Ehtimal ki, onlardan biri Putinin altını xüsusi cızdığı və Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına gətirəcək “Vaşinqton sülh variantı”na qarşı Qarabağ anklavında etirazlar təşkil eləməkdir. Digər göstəriş isə Rusiya hərbi kontingentinin ərazidə qalıma müddətini qeyri-müəyyən müddətə uzatmaq tələblərini gündəmə gətirmək ola bilər.

Odur ki, bu gün-sabah, Soçi görüşü günü “Şeytan yuvası” Xankəndində və İrəvanda eyni tələblərlə aksiya və nümayişlər başlasa, təəccüblənmərik...

Gerçək belədir ki, Rusiya Azərbaycan və Ermənistan arasında Qərbin patronajlığı ilə imzalanacaq sülh sənədini sabotaj eləmək üçün hərəkətə keçib – özünün bölgədəki bütün proksi-qüvvələri, əlaltıları ilə birgə.

Rusiyanın sülh müqaviləsi isə şəkk-şübhəsiz, Azərbaycan üçün ən pis variantdır. Çünki özündə Qarabağda rus hərbi varlığını və separatçılara təzədən siyasi status (oxu: Azərbaycanın altına növbəti “gec partlayan mina” qoyulmasını!) ehtiva edir. Azərbaycan təbii ki, buna razı ola bilməz.

Bu da diqqətçəkicidir ki, Kremlin 31 oktyabr Soçi sammitinin gündəliyi ilə bağlı yaydığı rəsmi açıqlamada sülh müqaviləsi ilə bağlı heç nə yoxdur. Yəni belə çıxır, üçlü görüşdə hər şeydən danışılacaq, təkcə sülh sazişi və ya onu tezləşdirməkdən savayı. Bir də təbii ki, yuxarıda qeyd edilən və hayları bərk “narahat edən” məqamlar barədə.

Məntiqlidir əslində. Ona görə ki, Rusiya özünün sülh variantını da sürətləndirməkdə maraqlı deyil. Zira, ümumiyyətlə bölgədə uzunmüddətli sülhdə maraqlı deyil. Nədə maraqlıdır bəs? Onda ki, Qarabağda rus hərbçisindən başqa heç vaxt, heç bir dövlətin hərbçisi, sülhyaradıcı qüvvəsi olmasın. O cümlədən əlbəttə ki, Azərbaycan və Türkiyənin.

Rusiya artıq bu yöndə yetərincə israrlı görünür. Putinin “Valday”dakı məlum çıxışı həm də bunun anonsu idi. Azərbaycana isə sülhməramlıların müddətini uzatmaq yox, hər şeydən öncə Ermənistanla sülh müqaviləsi lazımdır - məlum 5 prinsip əsasında! Bunu yeni sülh oyunlarına rəvac vermək istəyən Moskvanın məxsusi yadda saxlaması lazım!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR