İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftini Avropaya aparan kəmərdə sızma: qəza, yoxsa təxribat?  

749 12.10.2022 14:45 İqtisadiyyat A A

Polşa bu gün Rusiyadan Avropaya neft nəql edən “Dostluq” boru kəmərlərindən birində sızma aşkar etdiyini bildirib və bunun qəza nəticəsində baş verdiyini güman edir.

Musavat.com xəbər verir ki, “Reuters” agentliyi bu hadisənin Avropanın enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artıra biləcəyini yazır.

Çərşənbə axşamı gecə borunun operatoru olan PERN şirkəti Almaniyaya neft nəql edən əsas marşrutda təzyiqin aşağı düşməsini və sızmanı aşkarlayıb.

Polşanın enerji infrastrukturuna cavabdeh olan yüksək çinli rəsmisi Mateusz Berger telefonla “Reuters” agentliyinə bildirib: “Buradakı qəza təsadüfi hadisədən də ola bilər”.

Onun sözlərinə görə, sızmanın təxribat nəticəsində baş verdiyinə inanmaq üçün hələ heç bir əsas yoxdur.

“PERN” açıqlamasında bildirib ki, bu nöqtədə sızmanın dəqiq səbəbləri hələlik müəyyən edilməyib. Polşanın mərkəzi Plotsk şəhərindən təxminən 70 kilometr məsafədə borunun bir hissəsində sızma aşkar edilib.

Dostluq neft kəməri dünyanın ən böyük boru kəmərlərindən biridir və Rusiya neftini Almaniya, Polşa, Belarusiya, Macarıstan, Slovakiya, Çexiya və Avstriya kimi mərkəzi Avropanın çox hissəsinə çatdırır.
Yanğınsöndürmə briqadasının sözçüsü Karol Kierzkowski Polşanın “TVP Info” dövlət televiziyasına açıqlamasında bildirib ki, əsas tədbir sızmanın yerini tapmaq, sızmanı dayandırmaqdır və mayeni borudan çıxararaq lazımi təmir işlərini həyata keçirməkdir.

“Caspian Barrel”in yazdığına görə, “Dostluq” neft kəmərləri sisteminin ilk hissəsi 58 il əvvəl – 15 oktyabr 1964-cü ilə istismara verilib. Bu kəməri tikməkdə Sovet İttifaqının məqsədi Avropanın sosialist bloku ölkələrinin neftlə təchizatını yaxşılaşdırmaq idi. 1974-cü ildə beşillik tikinti işlərindən sonra “Dostluq” neft kəmərinin ikinci hissəsi istismara verilir və Almaniya Federativ Respublikası da neft idxal etmək imkanı qazanır.

“Dostluq” neft kəmərlər sistemi ümumilikdə 8900 km təşkil edir, bunun 3900 km-i Rusiya Federasiyasının ərazisindədir. Kəmərlər sistemində 46 nasos-kompressor stansiyası, 38 aralıq nasos stansiyası quraşdırılıb. Həmçinin neft kəmərləri boyunca tikilən terminallarda 1,5 milyon tondan artıq neft ehtiyatı saxlamaq mümkündür.


Dostluq neft kəmərlərinin illik buraxıcılıq gücü Rusiya ərazisində 105 milyon tona yaxındır təşkil edir. Amma Rusiya Federasiyasından kənarda kəmərin buraxıcılıq gücü get-gedə azalır. Onun Belarusdan (Polşa və Almaniya istiqaməti) keçən hissəsi ilə (şimal marşrutu) ildə 49,8 milyon ton neft (iki kəmərdən ibarətdir) daşımaq mümkündür. Ukraynadan keçən hissəsinin (cənub marşrutu – hər birinin illik buraxıcılıq gücü 16,7 milyon ton olan 3 kəmər) buraxıcılıq gücü isə 50,1 milyon tondur.
Bu kəmərlərlə Rusiya Avropaya ildə 50 milyon tondan çox neft ixrac edirdi. Amma 2020-ci ildə bu göstərici 45,5 milyona, 2021-ci ildə 35,9 milyon tonadək azalıb. 2022-ci ilin 4 avqust tarixindən isə “Transneft” Ukrayna üzərindən keçən hissə ilə neft ixracını birtərəfli qaydada dayandırıb.

Onu da bildirək ki, Macarıstanın inadına görə Avropa İttifaqının Rusiyadan neft alışına tətbiq etdiyi embarqo “Drujba” ilə nəql olunan neftə şamil edilmir. Əgər kəmərdəki sızma ciddi zədələnmənin nəticəsi olarsa, Rusiyanın Avropadakı dəstəkçiləri ucuz neft əldə etmək imkanından məhrum olacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR