İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müharibəni ən azı mənəvi cəhətdən uduzubmu?..

646 10.01.2023 09:48 Yazarlar A A

Maraqlıdır, hətta indiki durumunda belə Rusiya özünü humanist və xilaskar dövlət kimi təqdim etməyə çalışır - guya Milad bayramında Ukrayna cəbhəsində atəşkəs elan edir, amma bircə saat keçməmiş elan edir ki, atəşkəs Ukrayna silahlı qüvvələri tərəfindən pozuldu.

Bəli, bu nə qədər inandırıcıdır və ya inandırıcı deyil, bu, Rusiyanın ideoloji və təbliğat strukturlarını elə də maraqlandırmır. Ümumiyyətlə, bizdə çoxdan belə təsəvvür yaranıb ki, Rusiyanı inandırıcı görünüb-görünməmək elə də qayğılandırmır. Çünki Moskva üçün həmişə güc amili daha öndə olub - o, hamı ilə öz cəmiyyəti kimi davranır, sanki hamıya “İnanmalısınız!” deyir. Məsələn, ruslar özləri də dəfələrlə bəyan edib, deyiblər ki, Rusiya silahlı qüvvələrinin indiki sözçüsü cənab İqor Konaşenkov elə də inandırıcı təsir bağışlamır və yaxşı olardı ki, o, başqa birisilə, daha çox inanılası adam ilə əvəz olunsun. Amma Rusiyanın baş hərbi qərargahı, siyasi-hərbi elitası bu iradı eşitmir, bəlkə də ona görə ki, hazırkı sözçü sual vermir, onların istədiyini deyir...

Rusların yalan maşını təkcə bununla bitmir, tükənmir. Öz ölkəsində vuruşan, öz torpaqlarını qoruyan ukraynalıları onlar “boyeviki”, millətçi və neofaşist adlandırırlar. Belə ola bilərmi? Əlbəttə ki, yox. Ukraynanın döyüşən insanları öz ölkələrinin əsgər və zabitləri, öz ölkələrinin azadlğı və istiqlaliyyəti uğrunda vuruşan mücahidlərdir...

Qərəz, tora düşmüş adam çabalayaraq əl-ayağını tora daha çox dolaşdırır. Rusiya da bu vəziyyətdədir. Müharibənin bir ili artıq başa çatmaq üzrədir. Əslində isə Moskva Ukrayna torpaqlarını işğal etmək üçün necə illərdir ki, vuruşur. Sadəcə, təxminən bir il bundan əvvəl öz işğalçılıq siyasətinə “xüsusi əməliyyatlar” adı verdi və geniş hücumlara başladı, amma necə deyərlər, oxu daşa dəydi. Kreml güman edirdi ki, elə qalan Ukraynanı da Krım kimi asanlıqla işğal edəcək, amma belə olmadı, düz bir ilə yaxındır ki, Moskva əlləşib-vuruşur, amma irəli gedə bilmir, yerində sayır...

Rusiyaya bu müharibə lazım idimi? O, nəyə nail oldu? Məsələ də bundadır ki, hələ heç nəyə nail olmayıb və ona bu müharibə heç də lazım deyildi. Deyərdik ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması NATO-nu daha güclü və cəlbedici etdi, daha iki ölkə - İsveç və Finlandiya Alyansa üzv olmağa qərar verdi. Hətta Rusiyanın Ukraynaya açdığı müharibə keçmiş sovet ölkələrini belə qorxutmadı, bu yaxınlarda məlum oldu ki, hətta Moldova öz təhlükəsizliyini təmin etməyin yollarını NATO çərçivəsində axtarmağa başlayıb. Yada salaq ki, əvvəllər belə deyildi, Moldovanın geosiyasi çabaları daha çox Avropa İttifaqına üzv olmaqla bağlı idi...

Əvvəllər hamı deyirdi ki, Ukrayna Rusiya üçün ikinci Əfqanıstan ola bilər. Maraqlısı budur ki, o, artıq olub, amma ruslar bu haqda susur və danışmırlar. Hiss olunur ki, Moskva hətta Əfqanıstana görə peşman deyil. Amma bir neçə il bundan əvvəl belə demirdilər. Yadımıza gəlir ki, bir neçə il bundan əvvəl prezident Vladimir Putin Suriya müharibəsini nəzərdə tutaraq demişdi ki, bizim üçün ikinci Əfqanıstan hazırlayırlar.

Di gəl, onun sayıqlığı çox çəkmədi, növbəti avantüraya getdi və Ukrayna müharibəsini başladı. İndi bəzi məlumatlara görə, o, müharibəni bitirməyin yollarını arayır, amma Qərb dövlətləri və Ukrayna liderləri ona bu şansı vermirlər. Güman ki, axıra qədər də verməyəcəklər. Ona görə ki, onu bitirmək istəyirlər. Necə ki, bunu keçmiş SSRİ-yə qarşı etmişdilər. Bir sözlə, tələ həmin tələdir, lakin ruslar hələ bunun tam fərqində deyillər. Onlar bunu anlayanda isə gec olacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR